Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 21:55

'Proyekt': Milyarder Süleyman Kərimov deputat mandatını və senator yerini 25 milyon dollara alıb


Süleyman Kərimov
Süleyman Kərimov

Dağıstanı təmsil edən senator, milyarder Süleyman Kərimov 1999-cu ildə deputat mandatını satın alıb, daha sonra isə Federasiya Şurasında yerini pulla əldə edib. O, sahibkarlıq fəaliyyəti ilə bağlı cinayət təqibindən ehtiyat edirmiş, qanunverici orqanda mandat isə ona 26 illik hüquqi toxunulmazlıq qazandırıb. Bu haqda "Proyekt" milyarderin ətrafındakı mənbələrə istinadla yazır.

Jurnalistlər 1999-cu ildə Kərimovun Vladimir Jirinovskiyə "Jirinovski bloku"ndan bir mandatın alınması üçün 5 milyon dollar ödədiyini üz çıxarıblar. Onların birgə biznesi var idi: 1990-cı illərdə Kərimovun "Nafta-Moskva" şirkəti Jirinovskinin Səddam Hüseynlə əlaqələrindən yararlanaraq İraq Küveyti işğal etdikdən sonra sanksiyalar altında olan bu ölkənin neftini Qərbə satırdı.

Kərimov 2007-ci ilin sonuna qədər iki çağırış Duma üzvü olub. Sonradan o, prezident administrasiyası rəhbərinin müavini Vladislav Surkovun təzyiqi ilə Federasiya Şurasına keçib. Surkov həmin dövrdə yeni seçilmiş prezident Dmitri Medvedevin maraqlarına uyğun parlament formalaşdırırdı. Senator kürsüsünün Kərimova 10 milyon dollara başa gəldiyi bildirilir: məbləğin yarısı səlahiyyətlərindən imtina edən Dağıstan nümayəndəsi Atay Əliyevə, qalanı o vaxt Federasiya Şurasının spikeri və "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironova çatıb.

Senator səlahiyyətləri altı il davam edir. "Proyekt" bildirir ki, Kərimov daha iki dəfə 5 milyon dollar nağd ödəniş etməklə növbəti spiker Valentina Matviyenko vasitəsilə Federasiya Şurasında qalmasını uzadıb. Kərimovun maliyyə məsələləri ilə məşğul olmuş mənbə "Proyekt"ə deyib ki, milyarder bu ödənişləri "qəpik-quruş" adlandırırdı.

Kərimov prezident administrasiyası rəhbərinin birinci müavini Aleksey Qromovun kiçik oğlunun işə düzəlməsinə şəxsən kömək edib. Onun prezident administrasiyasının rəhbəri Anton Vaynoya bahalı hədiyyələr – yaxta, zinət əşyaları və Moskvadakı Serebryannı Bor bölgəsində torpaq sahəsi bağışladığı bildirilir. Milyarderin tanışının sözlərinə görə, bu əlaqələr sayəsində oliqarx öz məsələlərini şəxsən Vladimir Putin vasitəsilə həll edə bilib.

XS
SM
MD
LG