Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:04

Dəyanət Rzayev özü bir neçə gün öncə ümidsizlikdən danışırmış...


psixoloq Dəyanət Rzayev
psixoloq Dəyanət Rzayev

“Biz başqalarına da mesaj veririk ki, baxın, hətta psixoloq da intihar edib. Bunun nəyi yaxşıdır? Biz məsələyə necə kömək edə bilərik ki? Onun yanına gedən, məsləhət alanlar olub. Bəlkə neçə adamı bu yoldan çəkindirib. İndi onlar bu xəbəri eşidəndə necə reaksiya verəcəklər? Məncə, bu məsələni daha da gərginləşdirə bilər”.

Yanvarın ilk 26 günündə 40-dan çox intihar cəhdinin baş verdiyi bildirilir. Sonuncu intihar edən psixoloq Dəyanət Rzayevdir. Sosial şəbəkələrdə bu məsələ diqqət mərkəzindədir. Jurnalist Aynur Elgünəş yazır: “Psixoloqun yaşaya bilmədiyi ölkədə biz hələ sağıq... Dəyanət Rzayev intihar edib. Halbuki bir neçə gün öncə Meydan TV-yə intiharlardan danışmışdı”.

Buna da bax:​ İntihar etdyi deyilən tanınmış psixoloq dəfn olundu- VİDEO

Deputatlar da sosial şəbəkələrdə baş verənlərə etinasız qalmayıblar. Fazil Mustafa yazır:

“Dövlət səviyyəsində də bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməlidir”.

Qənirə Paşayeva intihara hətta cəmiyyətin “ən gözləmədiyi və inana bilmədiyi bir insanın, bir psixoloqun əl atması ciddi bir mesajdır” deyir. O da qeyd edir ki, mövzu “ciddi diqqətdə” saxlanılmalıdır.

Baş psixoloq: “Cəmiyyətdə iqtisadi problemlər artdıqca intiharlar da artır”

Nadir İsmayılov
Nadir İsmayılov

“İyirmi il öncə Azərbaycanda intiharlar 1 faiziydisə, indi bu rəqəm 4-5 dəfə artıb. Bu, rəsmi rəqəmdir”. Bunu respublikanın baş psixoloqu, professor Nadir İsmayılov AzadlıqRadiosu-na deyir.

Ancaq bununla bağlı dəqiq statistika aparılmadığını da bildirir:

“Araşdırılsa, bəlli olar ki, mənim söylədiyim rəqəm bəlkə də azdır. Əslində, intiharların sayı çoxdur. İlbəil artır. Bu il keçən ilkindən çoxdur, keçən ilsə inişilkindən... Cəmiyyətdə iqtisadi, sosial gərginlik artdıqca, problemlərin sayı artdıqca, depressiyaya düşənlərin, intihar edənlərin də sayı artır”.

Nadir İsmayılov: '20 il öncə Azərbaycanda intiharlar 1 faiziydisə, indi bu rəqəm 4-5 dəfə artıb'
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00
Direct-ə keçid

Buna da bax:​ İntihara əl atmış qızla söhbət

“Dövlət işə qarışmalıdır”

N. İsmayılov təcrübəyə dayanaraq intiharların daha çox ruhi xəstəliklərdən, ələlxüsus da depressiyadan qaynaqlandığını deyir. “Ruhi pozuntulara, depressiyalara, stresslərə səbəb nədir? İnsanların rastlaşdığı çətinliklər, həlli mürəkkəb məsələlər. Burda iqtisadi, sosial məsələlər də var, ailədaxili münasibətlər də, şəxsiyyətlərarası konfliktlər də. Amma iqtisadi stress ən güclü səbəblərdəndir. Tutalım, bir adamın banka böyük borcu var, ödəyə bilmir, çıxılmaz vəziyyətdə qalır, çıxış yolunu özünü məhv etməkdə görür”, – baş psixoloq bildirir.

Hökumət duruma müdaxilə etməlidirmi? N. İsmayılov cavab verir ki, mütləq: “Dövlət həmişə bu vəziyyətə müdaxilə etməlidir. İnsanların sağlamlığının qorunması dövlətin əsas vəzifələrindəndir. Bunun üçün səhiyyə təşkilatları var, sosial təşkilatlar, sosial yardımlar var. Hamısı bu işə qarışmalı, intiharların qarşısı alınmalıdır”.

Buna da bax: 8 nəfərin özünü öldürmək istədiyi bildirilir

“İqtisadi amil başlıca səbəb deyil, dünyanın nizamı dəyişib”

Elnur Rüstəmov
Elnur Rüstəmov

“Son zamanlar intiharların sayı artıb. Heç kim bunu danmır”. Psixologiya və konsultasiya mərkəzinin rəhbəri Elnur Rüstəmov belə deyir. Amma dərhal da əlavə edir ki, intiharların artması tək Azərbaycanla bağlı deyil və bunu “qlobal proses”lə əlaqələndirir:

“Bu gün biz informasiya əsrində, qloballaşan dünyada yaşayırıq. Bu gün insan internetsiz qalanda daha çox narahatdır, nəinki evində çörək olmayanda. Bu gün insan daha çox komforta meyllidir. Daha çox psixoloji baxımdan dayanıqsızdır. Ailədə problem yaranan kimi boşanmağa qaçır. Ancaq dünən ailə bu problemin həlli yönündə çalışırdı. Yəni bizim həyata yanaşmamız, həyat tərzimiz, insanlara münasibətimiz dəyişib. İnsanlar arasında yadlaşma, özgələşmə gedir. İnsan insana qarşı aqressivdir, insan insanı anlamaq, dinləmək istəmir. Budur problem! Bu da depressiya yaradır. Bu, insanda güvənsizlik, inamsızlıq yaradır, özünü qapanmağa gətirib çıxarır. Bu da əlbəttə, intihar fikirlərini artırır”.

Psixoloq intiharların kökündə iqtisadi faktorların durmasını inkar etmir: “Bunu heç kim danmır. Kasıb dünyanın hər yerində var, varlı dünyanın hər yerində var. Amma söhbət yeni dünya nizamından gedir. Bu gün azərbaycanlıların həyata yanaşması iki il öncəki yanaşma deyil. Sosial-iqtisadi faktor hansısa rol oynaya bilər, amma başlıca amil deyil”.

Buna da bax:​ İntihar xəbərləri gəlməkdə davam edir

“Mən fikirləşmirəm ki, intiharların sayı artıb”

Fuad Muradov
Fuad Muradov

Onların həmkarı Fuad Muradov AzadlıqRadiosu-na müsahibə verib. O, Azərbaycanda intiharların artması haqda deyilənləri əvvəlcə şübhə altına alıb:

– Nəyə istinadla belə deyilir? Deyirsiniz, yanvarda 40-dan çox intihar hadisəsi qeydə alınıb. O zaman dekabrda intihar nə qədər olub? Nəyə əsasən belə demək olar ki, intihar artıb? Bunu mütəxəssislər araşdırmalıdır, yalnız bundan sonra intiharların artıb-artmadığını demək olar.

Buna da bax: Psixoterapevt Dəyanət Rzayevin intihar etdiyi xəbər verilir

– Deputat həmkarınız Fazil Mustafa hesab edir ki, işə dövlət qarışmalıdır, eləcə də məsələ Milli Məclisdə açıq müzakirə edilməlidir. Siz nə düşünürsüz bu haqda? Artıq hökumət və parlamentin müdaxiləsi lazımdırmı?

– Mən həmkarlarımın fikrini şərh etmirəm, hər kəsin öz şəxsi fikri var, nə istəyir, deyə bilər. Mənim fikrimcə, birinci araşdırılmalıdır ki, intiharlar daha çox hansı yaş təbəqəsinə aiddir, hansı peşə sahibləridir. Məsələn, Skandinaviya ölkələri intihara görə dünyada liderdir. Araşdırma zamanı görüblər ki, əsas problem Günəşi az görmələridir, bu ölkələrdə qaranlığın tez düşməsidir, saat 4-5-də hava qaralır və üstəlik, insanlar tənhadırlar, insanlar arasında ünsiyyət yoxdur. Ona görə birinci növbədə, uyğun dövlət qurumları statistik rəqəmləri təqdim etməlidirlər, ikincisi, səbəblər araşdırmalıdır. Bundan sonra müzakirələr aparılmalıdır. Biz intiharların bir çox hallarda səbəbini bilmiriksə, kortəbii nəsə demək mümkün deyil. Təbii, mən başa düşürəm ki, burda ailə psixoloqları olmalıdır, ərazi qeydiyyatı üzrə poliklinikalarda, xəstəxanalarda mütəxəssislər fəaliyyət göstərməlidir. Təəssüflər olsun ki, bizdə bu istiqamət üzrə ixtisaslaşmış peşəkarlar, mütəxəssislər çox deyil. Biz də bunun peşəkarı deyilik. Deyirsiniz ki, intihar artıb, amma mən fikirləşmirəm ki, intiharların sayı artıb. Ola bilsin, qabaqlar bu haqda məlumatlar mətbuata çıxmırdı. Amma bu gün açıqlanır.

Fuad Muradov: 'Mən fikirləşmirəm ki, intiharların sayı artıb'
Gözlə

No media source currently available

0:00 0:00:10 0:00
Direct-ə keçid

Buna da bax:​ "İnsanlar özlərini heç kim hiss edir"

– Siz bu işi mütəxəssislərin araşdırmalı olduğunu deyirsiniz. Amma yenə də intiharların səbəbləri haqda bir ehtimalınız var?

– İntihar hadisələrini bir səbəblə bağlamaq mümkün deyil. Hər kəsin başqa səbəbi ola bilər. Yalnız araşdırmadan sonra fikir demək mümkündür. Kimsə bununla bağlı hökumətə, parlamentə də müraciət edə bilər. Amma səbəbi, statistikanı bilmədən mən şəxsən bu haqda danışmaq istəmərəm.

– Bəs necə bilirsiz, 26 günə bu qədər intihar normaldırmı?

– Yox, təbii ki... İntiharın azalıb-çoxalmasına görə yox, ümumiyyətlə, məncə, bir aya bu qədər intihar çoxdur. Təbii ki, çoxdur. Bizim üçün hər bir insanın həyatı vacibdir. Söhbət saydan da getmir, insan həyatından gedir. Hər bir insan ölümü onun ailəsi üçün faciədir. Mən gənclərlə işləyirəm. Gənclər üçün ən həssas məqam şəxsi uğursuzluqlarla bağlıdır, yəni müxtəlif istiqamətlərdə, təhsildə, idmanda, ailədaxili məsələlərdə... Gənclərlə işlədiyim üçün bunu dəqiq deyə bilirəm, yəni bizim gənclər hansı məsələlərə görə narahat olur, psixoloji problem yaşayırlar. Amma digər yaş qrupu və ya təbəqələrlə bağlı deyə bilmərəm, bu, ciddi araşdırılmalıdır.

Buna da bax: "İntiharların əsas səbəblərindən biri sosial gərginlikdir"

– Son intihar edən psixoloq Dəyanət Rzayev idi. Sosial şəbəkələrdə yazırlar ki, işi insanlara ümid vermək olan psixoloqların intihar etdiyi toplumda yaşayırıq və s. Amma həyatın çox qiymətli olduğunu, çətinliklərlə mübarizə aparmağın vacibliyini deyənlər də az deyil. Deputat kimi siz bu durumda nəsə deməyə ehtiyac duyursunuzmu?

– Psixoloq da insandı. Nevropatoloqda nevroloji xəstəliklər olmur bəyəm? Diş həkiminin dişi ağrımır ki? Bu peşədən asılı olmayan məsələdir. İnsanın canı ağrıyırsa, narahatlığı varsa... O insan deputat da ola bilər, həkim də, çilingər də. Bu, axı, peşəylə bağlı məsələ deyil. Təbii ki, ailəsi üçün, yaxınları üçün böyük itkidir. Yaşı da çox deyildi. Bu baxımdan yanaşmaq lazımdır. Mən də sosial şəbəkələrdə müzakirələri görürəm, izləyirəm. Amma o ailənin ağbirçək anası var, onu da nəzərə almaq lazımdır. Təəssüflər ki, bizdə ağızlarına gələni yazırlar. Bu cür faciəvi məsələyə ciddi yanaşmaq lazımdır. Biz də onun ölüm səbəbini bilmirik. Hər bir kəsin həyatında problemlər ola bilər. Bu gün mətbuat, sosial şəbəkələr intihar haqda yazırlar. Bu problem var. Ancaq buna peşəkar yanaşmaq lazımdır. Biz başqalarına da mesaj veririk ki, baxın, hətta psixoloq da intihar edib. Bunun nəyi yaxşıdır? Biz məsələyə necə kömək edə bilərik ki? Onun yanına gedən, məsləhət alanlar olub. Bəlkə neçə adamı bu yoldan çəkindirib. İndi onlar bu xəbəri eşidəndə necə reaksiya verəcəklər? Məncə, bu, məsələni daha da gərginləşdirə bilər.

– Yəni sizcə, müzakirələrə ehtiyac yoxdur?

– Məncə, bu səviyyədə yox. Bunu peşəkarlar müzakirə etməlidir. Tez-tez xarici ölkələrdə oluram. Amma orda mətbuatda intihar haqda xəbərlər verilmir.

Buna da bax:​ Vətəndaş hansı səbəbdən özünü yandırır... [kiçik araşdırma]

– Psixoloq intihardan öncə Meydan TV-yə müsahibəsində sosial ədalətsizlikdən, ümidsizlikdən danışıb: “Bu gün Azərbaycanda ümidsizlik, qeyri-müəyyənlik və qorxu hökmranlıq edir. Əgər Azərbaycan kişisi evinə çörək apara bilmirsə, o, çox dözülməz duruma düşür və özünü təhqir olunmuş sayır”. Son zamanlar intiharların çoxu da məhz sosial ədalətsizlikdən, banklara borcdan, işsizlikdən qaynaqlanır. Ən azından, mətbuata çıxan səbəblər belə düşünməyə əsas verir.

– Mən elə düşünmürəm. Təbəqələşmə sovet dövründə də olub. Olmayıb? Sosial bərabərsizlik ölümə səbəb olmamalıdır. Maraqlansanız, görərsiniz ki, bu haqda fərqli düşünənlər də var. Mən bu yanaşmanı qəbul etmirəm. Cəmiyyətin ümidsizliyə düşməsinə də səbəb görmürəm. Ona görə deyirəm ki, bu məsələ mütəxəssislər tərəfindən araşdırılmalıdır, yalnız bundan sonra səbəblər haqda danışmaq olar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG