Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:09

İntihara əl atmış qızla söhbət


Intihara cəhd etmiş Sumqayıt sakini Şəfəq Ağabalayeva
Intihara cəhd etmiş Sumqayıt sakini Şəfəq Ağabalayeva

Rəsmi qaynaqlar yanvarın 10-dan indiyədək ölkədə 20 adamın intihara cəhd göstərdiyi bildirilib. Cəhd edənlərin 15 nəfəri həyatını itirib.

İntihara cəhd göstərdiyi iddia edilən şəxslərin motivləri arasında şəxsi zəmində yaşanan problemlər də var, sosial çətinliklərdən, borc alıb qaytara bilməməkdən doğan təlaş da…

İntihar son çarədirmi? Bunun qarşını necə almaq olar?

“Birdən birə boşluğa düşdüm, hər şeydən ümidimi kəsdim, özümü öldürmək istədim”, - ötən ilin mayında intihara cəhd edən Sumqayıt sakini Şəfəq Ağabalayeva AzadlıqRadiosu-na müsahibəsində belə deyir. O, intiharın əlacsız bir insanın əl atdığı son çarə olduğunu söyləyir:

Buna da bax:​ Özünü polis şöbəsinin 3-cü mərtəbəsindən atıb [yenilənib]

Şəfəq Ağabalayeva: “Birdən birə boşluğa düşdüm, hər şeydən ümidimi kəsdim, özümü öldürmək istədim”
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00
Direct-ə keçid

– Şəfəq xanım, sizi bu yola əl atmağa nə vadar etdi?

– Şəxsi zəmində şantaja məruz qaldım. İşə götürdüyüm xanıma ürək qızdırıb ailəmin içinə soxdum. O da gizlindən şəkillərimi çəkdi və sonra bu şəkillərlə məni şantaj etməyə başladı.

– Polisə müraciət etmədiniz?

– Əlbəttə, etdim. Aciz adam deyiləm. 20 ildir jurnalistikada, ictimai sektordayam. Qəribəsi də odur ki, intiharlarla bağlı özüm o qədər material hazırlamışam ki… Və təsəvvür edin, mən polisə gedirəm, şikayət edirəm, şantaj olunduğumu deyirəm, amma polis əlini də tərpətmir. Ərizə verdim ki, məni şantaj edirlər, əllərində şəxsi fotoşəkillərim var, bəzisi pis formada montaj edilib və onu sosial şəbəkələrdə yayacaqlarını deyirlər. Məndən bunun qarşılığında pul istədilər. İş prokurorluq orqanlarınadək gedib çıxdı, amma şantaj dayanmadı. Artıq oğlumla hədələnirdim. Düzünü deyim ki, işin içində nə olduğunu bu günədək anlamıram, məni şantaj edən bir yüksək vəzifəli məmurun qohumu olduğunu deyir, amma polis ona qarşı hər hansı hərəkət etmir. Nə baş verdiyini anlaya bilmirdim...

Buna da bax: İntihar xəbərləri gəlməkdə davam edir

– Həyatınıza son vermək qərarına necə gəldiniz?

– Birdən-birə boşluğa düşdüm, hər şeydən ümidimi kəsdim, özümü öldürmək istədim. Bir anın qərarı oldu. Gecə 3-ün yarısında evimə zəng eləyib hədələdilər. Anamın vəziyyəti pisləşdi, şəkər xəstəsi idi. Oğlum təşvişə düşdü. O çıxılmazlıqlar, ümidsizliklər məni intihara sürüklədi. Səhər evdə əlimə keçən dərmanı içdim, yenidən polisə getdim. Orda vəziyyətim pisləşdi. Məni xəstəxanaya apardılar… Azərbaycanda intiharların sayı, bilirsiniz niyə artır? Adamlarda hüquq-mühafizə orqanlarına inam qalmayıb.

Şəfəq Ağabalayeva: 'Təsəvvür edin, mən polisə şikayət edirəm, şantaj olunduğumu deyirəm, amma polis əlini də tərpətmir'
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00
Direct-ə keçid

– Sizcə, intihar çıxış yoludur?

– Əlbəttə, çıxış yolu deyil. Gücsüzlüyümün qarşısında sarsıldım. Jurnalistəm, çoxlarının problemini işıqlandırmışam, amma özüm özümü müdafiə etməkdə aciz qaldım, bir anlıq özümü dəyərsiz saydım. Freud da yazır ki, intihar haqqında qərar bir neçə anın hökmüdür. Hər tərəfdən üstümə hücum var və hüquq-mühafizə orqanları da bu hücumun qarşısını ala bilmirlər.

Buna da bax:​ İki günə 5 intiharın baş verdiyi bildirilir

– İntihara təhriklə bağlı cinayət işi açıldı?

– Əlbəttə, amma nəticə nə oldu? Hətta, az qala, mənim intihara cəhdimi də teatra bənzətdilər, sanki oyun oynamışam. Halbuki ölə bilərdim. Prokurorluq da işi bağladı ki, Şəfəq Ağabalayevanın intihara cəhdinin onun şikayət etdiyi adamlara dəxli yoxdur. Asılılıq necə olur? Bu adamların telefonunda mənim şəkillərim var, məni təhdid edirlər. Beləcə, işimi arxivə göndərdilər.

– Şəfəq xanım, sizcə, intiharların qarşısını necə almaq olar?

– Məncə, çıxış yolu - adamları dinləməkdir. Onların müraciətlərinə düzgün qiymət vermək lazımdır. Bizim inandığımız iki şey var: hüquq-mühafizə orqanları və məhkəmələr. Onlar adamların müraciətinə düzgün baxmayanda, adamları dinləməyəndə sarsılma qarşısıalınmazdır. Bu günlərdə mətbuatda bir hadisə barədə yazıldı: Bakı məktəblərinin birində tədris hissə müdiri ikinci sinif şagirdini bu soyuq qış ayında sinifdən çıxarıb atıb bayıra. Həmin uşaq düşüb çölə, valideynin xəbəri yox. O uşaq intihar etsə, necə olacaq? Bir uşaqla belə rəftar oluna bilərmi? Üstəlik, bu uşağın anası ilyarımdır aldadılır. Sən demə, valideyn uşağın sənədini müəllimə verib, elə bilib ki, uşaq artıq məktəbdə qeydiyyatdadır. Müəllimsə uşağı qeydiyyata saldırmayıb. İndi ayyarımdır bu ananı get-gələ salıblar, uşaq təhsildənkənar, ana da kimsəsiz, müdafiəsiz qalıb. Onun hansı yolu var?

Buna da bax: Psixoloqdan xəbərdarlıq: 'İntiharlar arta bilər'

Ötən ilin statistikası

Özünüöldürmə həddinə çatdırma ittihamı ilə təkcə ötən ilin 9 ayında Azərbaycanda 500 cinayət işi başlanıb. Ekspertlər Azərbaycanda intihar səbəblərinin hərtərəfli araşdırılması üçün ayrıca mərkəzin yaradılmasını təklif edirlər. Onların fikrincə, bir çox hallarda intiharların gerçək səbəbləri gizlədilir. Mətbuat araşdırmalarına görə, insanlar daha çox maddi sıxıntı və hüquqsuzluqdan canlarına qıyırlar.

DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, Şəfəq Ağabalayevanın polisə etdiyi şikayətə baxılmadığına dair iddiaları həqiqətdən uzaqdır.

«Şəfəq xanımın bəhs etdiyi məsələlərlə bağlı onun ərizələri əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-də araşdırma aparılıb. Təhqiqat zamanı onun özünün və şikayətçisi olduğu digər şəxslərin izahatları alınıb. Ş.Ağabalayevanın müraciətləri əsasında toplanmış materiallar daha sonra baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Prokurorluğuna göndərilib», – O.Mansurzadə AzadlıqRadiosuna göndərdiyi açıqlamada vurğulayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG