Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:59

Sobçak “Krım Ukraynanındır” deməklə hay-küy yaratdı


Kseniya Sobçak
Kseniya Sobçak

Kreml Rusiya prezidentliyinə namizədliyini elan etmiş Kseniya Sobçakın Krımın hüquqi baxımdan Ukraynanın bir hissəsi olduğunu deməsini kəskin tənqid edib, millətçi Vladimir Jirinovski isə onun həbsinə çağırıb.

Teleulduz və müxalifət fiquru olan Sobçak öz ətrafında bu hay-küyü yaratmış bəyanatı oktyabrın 24-də keçirdiyi mətbuat konfransında verib.

Bu, onun 2018-ci il seçkisində namizədlik niyyətini bildirəndən bəri keçirdiyi ilk mətbuat konfransı idi.

O deyib ki, beynəlxalq qanunlarla Krım Ukraynaya məxsusdur və Rusiya onu 2014-cü ildə işğal etməklə özünün Ukraynanın suverenliyini qoruyacağına dair vədini pozub.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov oktyabrın 25-də Sobçakın bəyanatı ilə bağlı deyib ki, onun şərhi “mahiyyət və formaca” yanlışdır.

Peskov bəyan edib ki, “Krım Rusiya Federasiyasının ayrılmaz hissəsidir”.

Rusiya indiyədək Krımın Ukraynaya məxsus olduğunu deyən bir neçə şəxsi separatçılıqda ittiham edərək məhkum etsə də, Peskov Sobçaka qarşı hər hansı cinayət işi qaldırıla biləcəyinə işarə verməyib. O deyib ki, bu, prezident administrasiyasına aid olmayan bir məsələdir.

Özünün qalmaqallı bəyanatları ilə tanınan və 1993-cü ildən parlament üzvü olan Jirinovski deyib ki, Sobçak söylədiklərinə görə “beş il müddətinə” azadlıqdan məhrum edilməlidir.

1999-cu ildən bəri gah baş nazir, gah da prezident qismində hakimiyyətdə olan Vladimir Putinin 2018-ci ildə keçiriləcək prezident seçkisində də iştirak edəcəyi gözlənilir.

Sobçakın tənqidçiləri deyirlər ki, onun namizədliyi ilk növbədə Putinə sərfəlidir.

XS
SM
MD
LG