Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 17:12

Rusiyada hamilə reyestri yaradılacaq


Hamiləlik
Hamiləlik

Rusiyada 2026-cı ilin martından "hamilələr və yenidoğulmuşların vahid federal reyestri" işə düşəcək. Bu reyestrə bütün hamilə qadınlar və onların hamiləliklərinin nəticələri barədə məlumatlar salınacaq. "Vedomosti" yazır ki, bunu Rusiya baş nazirinin müavini Tatyana Qolikova oktyabrın 23-də Dövlətin demoqrafik və ailə siyasətinin həyata keçirilməsi üzrə Şuranın ilk iclasında deyib.

Reyestrdə həmçinin yeni doğulmuş uşaqların sağlamlığına dair məlumatlar da yer alacaq.

Prezident Vladimir Putin iclasda bəyan edib ki, dövlət yalnız ali təhsil ocaqlarında deyil, həm də orta təhsil məktəblərində hamilə qadınlara dəstək tədbirlərini təşviq etməlidir. Onun sözlərinə görə, dövlətin vəzifəsi insanların valideynlik məsuliyyətini karyera və təhsillə birləşdirə biləcəklərini anlamalarını təmin etməkdir. "Bəlkə, bu, asan deyil, amma mümkündür və lazımdır", – Putin deyib. "CurrentTime TV" yazır ki, prezident "orta təhsil" dedikdə məktəbləri, yoxsa kollecləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.

2025-ci ilin əvvəlindən Rusiyanın azı 12 regionunda məktəbli qızlara uşaq doğduqlarına görə ödənişlər olunub. 40-dan çox subyekt isə kolleclər və universitet tələbələri üçün oxşar tədbirləri təsdiqləyib.

Rusiya hakimiyyəti eyni zamanda abort hüququnu məhdudlaşdırmağa çalışır. Artıq 23 regionda qadınları "aborta sövq etmə" maddəsi üzrə cərimələr tətbiq olunur. Bəzi regionlarda isə həm dövlət, həm də özəl klinikalarda abort prosedurlarını qadağan etməyə çalışırlar.

Amma bütün bu tədbirlərə baxmayaraq, 2025-ci ilin birinci rübündə Rusiyada doğum səviyyəsi 18-ci əsrin sonundan bəri ən aşağı həddə düşüb.

XS
SM
MD
LG