Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:59

R. Mirqədirov:”Azərbaycan cəmiyyətində rəqabət mühiti yoxdur”


Rauf Mirqədirov
Rauf Mirqədirov

2018-ci ildəAzərbaycanda prezident seçkiləri keçirilməlidir.

Seçkilərə təqribən 9 ay qalsa da bir çox müşahidəçilərin fikrincə, ölkədə seçki fəallığı sezilmir.

Baxmayaraq ki, hakimYeni Azərbaycan Partiyası (YAP) və müxalifətdə olan siyasi qüvvələrdən biri Müsavat Partiyası seçkilərdə iştirak etmək niyyətlərini bildiriblər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev AzadliqRadiosuna bildirib ki, hələ prezident seçkilərinə start verilmədiyindən qiymətləndirmə çətindir.

Fərəc Quliyev
Fərəc Quliyev

Fərəc Quliyev hazırda partiyalardan ötrü ən çətin məsələnin maliyyə ilə bağlı olduğunu düşünür:

“Maliyyə çətinliyi bütün partiyalara aiddir. Yalnız imkanları olan partiyalar hazırlıq görə bilər. Ancaq mən mətbuatdan hər hansı partiyanın seçkilərə hazırlaşdığına rast gəlməmişəm. Ona görə seçkilərə start verəndən sonra qiymətləndirmə vermək mümkündür”.

Deputat seçkidə iştiraka mane ola biləcək ciddi səbəb görmədiyini deyib:

“Seçki mühitini o zaman dəyərləndirmək mümkün olacaq ki, təbliğat-təşviqat işlərinə maneçiliklər yaradılsın. Seçki mühitini seçkinin gedişatında qiymətləndirmək mümkün olacaq”.

Buna da bax:Prezident seçkisinə hakimiyyət və müxalifətdən kimlər qatılacaq? [video]

Deputat : “Mən seçki qanunvericiliyini normal hesab edirəm”

O, qanunvericilik bazası barədə sualara da cavab verib. Deputat deyib ki, parlament çıxışlarında seçki sistemi və təbliğat kampaniyasına ayrılan zamanla əlaqədar iradlarını bildirib:

“ Mən seçki qanunvericiliyini normal hesab edirəm, sadəcə, məcəlləyə əməl olunsun. Seçki Məcəlləsinə əməl olunması üçün ictimai nəzarət təşkil olunmalıdır. Nəhayət, xalqın fəallığından çox şey asılıdır. Təəssüf ki, Azərbaycanda əhalinin fəallığı çox yüksək deyil, insanlar seçkiyə passiv yanaşırlar. Əgər, əhali fəal olsa, ictimai nəzarət təşkil etmək mümkün olacaq. Əhalinin fəallığını artırmaq üçün seçki sistemində dəyişiklik olmalıdır. Proporsional sistem bərpa edilməlidir ki, siyasi partiyalar özlərini cəmiyyətə təqdim edə bilsinlər. Yaxud bələdiyyələrin funksiyaları artırılmalıdır ki, insanlar yerli idarəetmələrdə iştirak edə bilsinlər, maraq artsın. İnsanların hakimiyyət qollarında təmsil olunması, idarəetməni üzərinə götürməsi əhalinin fəallığını artıra bilər”.

Fərəc Quliyev bütün siyasi qüvvələrin seçkilərdə iştirakını vacib sayır:

“Düzdür, ölkənin müharibə şəraitində olması, regionda vəziyyətin qeyri-sabitliyi də əhaliyə təsir edir. İkinci, güclü alternativ proqramların təqdim olunmaması problemdir. Ən əsası partiyaların maliyyə imkanlarının aşağı olması onların bölgələrlə təmasa girib təbliğat aparmalarına problem yaradır. Biz bölgələrə gedib təbliğat və təşkilatlanma işlərimizi apara bilmirik. İcra strukturlarının maneçiliyi yoxdur, sadəcə, maliyyə imkanları aşağıdır. Düzdür, parlament partiyalarına maliyyə ayrıldı, amma buda çox cüzidir”.

Buna da bax:Seçki ilində Azərbaycan iqtisadiyyatını nə gözləyir? [video]

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov isə hesab edir ki, cəmiyyətin seçim imkanı olanda normal seçki mühitindən danışmaq olar:

Raud Mirqədirov
Raud Mirqədirov

“1992-ci ildən sonra keçirilən seçkiləri...”

“Ancaq Azərbaycan cəmiyyətinin seçim imkanı yoxdur, prinsipcə, bu imkan heç vaxt olmayıb. Hətta nisbətən demokratik sayılan 1992-ci il seçkisində seçim imkanı tam deyildi. Çünki mayın 15-də Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ keçirmişdi. Ona görə tam demokratik seçkilərdən söhbət gedə bilməzdi. Tarixdə heç bir çevrilişdən sonra keçirilən seçkilər cəmiyyətin əhval-ruhiyyəsini tam əks etdirə bilməz. 1992-ci ildən sonra keçirilən seçkiləri isə seçki adlandırmaq olmaz. Birinci, 1993-cü il seçkiləri fövqəladə vəziyyət şəraitində baş tutdu, sonrakı seçkilərdə fövqəladə vəziyyət ləğv olunsa da, irtica qalırdı”.

Rauf Mirqədirov hesab edir ki, ölkədə siyasi mühit, yəni güclü partiyalaşma olmayan yerdə seçki şəraitindən, yaxud demokratik seçkilərdən söhbət gedə bilməz.

Siyasi ekspert seçki mühitinin olmasından ötrü köklü dəyişikliklərin həyata keçirilməsini vacib sayır:

“Hətta indiki zamanda hakimiyyət və müxalifət növbəti seçkilərin azad və şəffaf keçirilməsi haqda bəyanat versələr də, həmin seçkilər cəmiyyətin imkanını tam ifadə etməyəcək. Demokratik seçki mühitinin ilkin şərti partiyalaşma sisteminin oturuşmasıdır. Bəli, partiyaların mediaya çıxış imkanları, təşviqat, təbliğat mümkündür. Amma 9 ay müddətində resursların bölgüsünə nail olmaq qeyri-mümkündür. Ən ağır məsələ cəmiyyətin düşüncə tərzidir ki, onu 9 aya dəyişmək olmaz. Yəni bizim cəmiyyət tolerantlıq üzərində köklənməyib. Amma mənim bu fikrimi bəzi YAP-çıların “Azərbaycan xalqı, yaxud cəmiyyəti demokratiyaya hazır deyil” fikri ilə eyniləşdirməyin. Azərbaycan xalqının demokratiyaya hazır olub-olmaması prosesin nəticəsidir. Əgər 1992-ci ildə ilk addımlar atılan vaxt proses davam etsəydi, indi gözəl nəticələr əldə etmişdik”

R. Mirqədirov demokratiya baxımından son 25 ili itirilmiş sayır:

“ Baxın, Baltikyanı, Şərqi Avropa ölkələri elə həmin vaxtlarda prosesə başladılar və nəticəsi də var. Halbuki, onlar barədə tam demokratik ölkə demək olmaz. Demokratiyanın iki şərti var: birinci, formal göstəriclər, səslərin sayılması, ikinci, insanların bir-birinin fikirlərinə hörmət etməsi, hər hansı partiya qalib gəldiyi halda qarşı tərəfin hüquq və maraqlarını qorumasıdır... Ən təhlükəli vəziyyət cəmiyyətimizin seçkilərə biganəliyidir. Hətta, səsvermə normal keçirilsə belə, əhali üçün seçkilərin nəticələri məlumdur. Səbəbsadədir.Azərbaycan cəmiyyətində rəqabət mühiti yoxdur”

Buna da bax: Elnur Astanbəyli: '...2018-ci il artıq 'Cümhuriyyət ili' olmayacaq'

Xatırlatma

Azərbaycan müstəqillik qazanandan sonra 6 dəfə prezident seçkiləri keçirilib.

Sonuncu seçkilər 2013-cü ildə baş tutub.Hazırkı dövlət başçısı İlham Əliyev son 3 prezident seçkisinin qalibidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG