Rusiyada Tacikistan vətəndaşı "milli ədavəti qızışdırmaq" ittihamı ilə saxlanılıb. O, Moskva ətrafında məktəbdə 10 yaşlı Kobilcon Aliyevin öldürülməsini sərt tənqid etmişdi. Xəbəri Rusiyanın "Sova" hüquq-müdafiə mərkəzi yayıb.
25 yaşlı Saidnazar Xocimurodov taksi sürücüsü işləyib, Rusiya vətəndaşı olduğu güman edilir. Telegram-da yayılan videoda Rusiya hakimiyyətini, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkini təhqiredici ifadələrlə tənqid edib, hakimiyyəti ksenofobiya əsaslı cinayətlərə qarşı hərəkətsizlikdə suçlayıb.
Rusca danışan gənc tacik deyir ki, Rusiyada "tacikləri daim öldürürlər", amma cəmiyyət buna reaksiya vermir. Bir yerdə deyir ki, əgər cinayəti miqrant törətsəydi, "mütləq elan edəcəkdilər ki, müsəlman tacik rusu öldürüb".
Sosial şəbəkələrdə Saicon Xociyev adı ilə tanınan Xocimurodov dekabrın 19-da saxlanılıb, bundan sonra ona qarşı Rusiyanın millətçi kanalları İstintaq Komitəsinə şikayət yollayıblar.
Rusiyada milli, dini ədavəti qızışdırmağa görə 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.
"Sova" ksenofobiyanın, nifrət cinayətlərinin monitorinqini aparır. Qurum Xocimurodov dediklərində zorakılığın təbliği, düşmənçilik qızışdırmağın əlamətlərini görmədiyini, cinayət məsuliyyəti üçün əsas olmadığını bildirib.
17 dekabr
Düşənbə Moskvada tacik şagirdin öldürülməsini pisləyir
Tacikistanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyada tacik şagirdə "milli nifrət zəminində" hücumu kəskin pisləyən bəyanat yayıb. Moskva vilayətindəki Qorki-2 qəsəbəsində dördüncü sinifdə oxuyan 10 yaşlı uşaq hadisə yerində keçinib.
Tacikistan XİN bildirir ki, Rusiyanın bu ölkədəki səfiri Semyon Qriqoryevə nota təqdim olunub, tələb edilib ki, Rusiya tərəfi bu faciəvi insidenti dərhal, obyektiv araşdırsın, əli olan tərəflər məsuliyyətə cəlb olunsun, qanunauyğun şəkildə sərt cəzalandırılsın.
Daxili işlər naziri Ramazon Raximzoda isə rusiyalı həmkarı Vladimir Kolokoltsevlə telefonla danışıb, tam və hərtərəfli təhqiqat tələb edib.
Kolokoltsev əmin edib ki, Rusiyada təhqiqat "sərt nəzarət altında aparılır, ədalətli istintaqdan ötrü bütün tədbirlər görülür".
Hadisə necə baş verib
Hadisə dekabrın 16-da səhər baş verib. Bir məktəbli təhsil ocağına bıçaqla gəlib, digər şagirdlərə hücum edib.
Yeniyetmə mühafizəçinin üstünə bibər qazı sıxıb, onu bıçaqla vurub, daha sonra 10 yaşlı şagirdə hücum edib. Uşaq aldığı yaralardan hadisə yerində keçinib, - İstintaq Komitəsi belə deyir. Öldürülən şagird Tacikistan vətəndaşı Kobilcon Aliyev olub.
Hücum edən saxlanılıb. Media onun 9-cu sinif şagirdi olduğunu yazır. Yeniyetmə bütün hərəkətlərini kameraya çəkib. Telegram kanallarında yayılan video 15 dəqiqədir. Onun hücuma məktəb tualetində hazırlaşdığı görünür, oraya partlayıcı qurğu maketi qoyur. Sonra isə sinifləri gəzərək bir müəllimi axtarır. Bir müəllimlə bir dəstə uşaq görür, onlardan hansı millətdən olduqlarını soruşur. Bundan sonra da hücum baş verir.
Şübhəlinin hücumdan bir neçə gün öncə sinif yoldaşları arasında "Mənim qəzəbim" adlı manifest yaydığı bildirilir. Bu neonasist mətnin müəllifi yəhudilərə, müsəlmanlara, liberallara qarşı çıxır. Şübhəli həmçinin neonasist simvolikası ilə fotolar çəkdirib.
Adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. İstintaq Komitəsi şübhəlinin etirafedici ifadələr verdiyini bildirib.
Saxlanan məktəblinin psixoloji-psixiatrik ekspertizadan da keçiriləcəyi, onun tanışlarının, maraqlarının, sosial şəbəkələrdəki fəaliyyətinin də araşdırılacağı açıqlanıb.
AzadlıqRadiosunun tacik xidməti – "Radio Ozodi" xəbər verir ki, öldürülən məktəblinin anası bir neçə il öncə, ərinin ölümündən sonra iki uşağı ilə birlikdə Rusiyaya köçüb. O, oğlunun oxuduğu məktəbdə təmizlikçi işləyirmiş. Dekabrın 17-də Kobilcon Tacikistana qayıtmalıymış, onun pasportunun müddəti bitibmiş.