Oktyabrın 15-də Polşada parlament seçkilərində seçicilərin rekord iştirakı qeydə alınıb. Polşalılar səs vermək üçün gecəyarısınadək növbədə dayanıb. AzadlıqRadiosunun Avropa üzrə müxbiri Rikard Cozviak (Rikard Jozwiak) yazır ki, nəticələr həm Polşa, həm də daha geniş Avropa üçün dramatik ola bilər.
Ötən axşam saat 9-a təqdim olunmuş ekzit-pol nəticələrinə görə, hakim Hüquq və Ədalət (PiS) partiyası 36.8 faiz səslə birinci yerdədir. Amma üç müxalifət partiyasının yığdığı səslər onların çoxluq təşkil etməsinə imkan verir. Bununla da PiS-in səkkiz illik hakimiyyətinə son qoyula bilər. Bu dönəm Brüssellə fikir ayrılıqları, hüququn aliliyinin təminatında geriləmə, abort və LGBTQ məsələlərində sosial mühafizəkarlığa dönüşlə yadda qalıb.
Sağ-mərkəzçi Vətəndaş Koalisiyası (KO) 31.6, aqrar “Polşa Xalq Partiyası” və yeni mərkəzçi qüvvənin – “Polşa 2050”nin daxil olduğu “Üçüncü yol” 13, Sol partiya və 8.6 faiz səs yığıb. Müxalifət qüvvələrinin koalisiya quracağı gözlənilir.
2019-cu ildə 44 faiz səs yığmış PiS ya təkbaşına idarəçiliyinə, yaxud da parlamentdəki beşinci partiya – Konfederasiya ilə birləşməyə ümid bəsləyirdi. Dünənki gecənin ən böyük uğursuzluğu ilə elə bu ifrat-sağçı libertarian partiya olub, azı 10 faiz səs yığacağı gözlənildiyi halda, cəmi 6.2 faiz səs topladığı bəlli olub.
Hər şey bitməyib
Yekun nəticələr oktyabrın 17-də açıqlanacaq. Ekzit-polda xəta fərqi 2 faiz olur. Sentyabrın 30-da Slovakiyada parlament seçkilərində liberal müxalifət ekzit-polda birinci olsa da, seçki gecəsi səssayma bitəndən sonra populist sol qanad Smer-in onu geridə qoyduğu üzə çıxdı.
Polşada hər iki tərəf seçkini udduğunu deyir. PiS-ə bağlı Prezident Andjey Duda (Andrzej Duda) 30 gün ərzində yeni parlamentin ilk iclasını çağırmalıdır. O daha sonra baş nazir postuna namizədini verməlidir. Bu namizəd adətən ən böyük partiyadan verilir, baxmayaraq ki, buna görə konstitusiya öhdəliyi yoxdur. Prezident yəqin ki, daha çox səs yığan və özünü dərhal seçkinin qalibi elan edən PiS-dən namizəd verəcək. Parlamentdə sadə çoxluq ilə etimad səsverməsi keçirilməlidir. 50 faizlik baryer aşılmasa, parlament baş nazirliyə alternativ namizəd seçə, çoxluğu yığa bilib-bilməyəcəyinə baxmalıdır. Üç müxalifət partiyasının bu mənada üstünlüyü var, çünki birlikdə parlamentdəki deputatların yarıdan çoxunu əhatələyirlər. Onların KO lideri Donald Tuskun namizədliyini verəcəyi gözlənir. O da PiS kimi özünü seçki gecəsinin qalibi elan edib.
Tuskun dönüşü
Cozviak üzümüzə gələn bir neçə gün və həftənin həyəcanlı keçəcəyini yazır. Onun fikrincə, müəyyən qədər vaxt alsa da, Polşanın növbəti baş naziri Donald Tusk ola bilər. O, Polşanın ən çox vəzifədə qalmuş baş naziridir, 2007-2014-cü illərdə bu postda olub. Ötən il Brüsseldən Varşavaya qayıdan Tusk 2014-2019-cu illərdə Avropa Şurasının Prezidenti, 2019-2022-ci illərdə isə Avropa Xalq Partiyasının prezidenti vəzifələrinə çalışıb.
Tusk Aİ paytaxtında olduğu vaxt Polşa siyasətində dominantlığı PiS edib. Onlar seçki kampaniyası dövründə də diqqəti keçmiş baş nazirə yönəldiblər. Opponentlərin “Lex Tusk” adını verdiyi yeni qanun çərçivəsində yaradılan komissiya hakimiyyətdə ikən “Rusiyanın təsiri” altında hərəkət etdiyi düşünülən şəxslərə qarşı araşdırma aparılmasını, onların vəzifə tutmasının yasaqlanmasını nəzərdə tutur. PiS Tuska qarşı oxşar ittiham səsləndirib. Aİ-nin təzyiqindən sonra qanun nisbətən yumşaldılıb.
Müxalifət hökuməti formalaşdıra bilər, amma günü asan keçməyəcək. Onlar Prezident Dudanın vetolarını üstələməyə 3/5 çoxluğu qazana bilməyəcəklər, media onlara ədavətli davranacaq. Məhkəmələr və böyük dövlət şirkətləri daxil olmaqla bütün dövlət aparatı PiS-ə sadiq, yaxud onun təyin etdiyi adamlarla doludur. Üstəlik, artan inflyasiya və dövlət borcu fonunda iqtisadiyyatın vəziyyəti də yaxşı deyil.
Rekord seçici iştirakı, Ukraynadan bezginlik
Rekord – 62.7 faiz seçici iştirakı 1989-cu ildə Polşa onillərlə kommunist idarəçiliyində qalandan sonra ilk demokratik seçkidə qeydə alınıb. O vaxtdan bəzən 50 faizdən də az olub.
Budəfəki seçkiyə, ekzit-pol nəticələrinə görə, seçicilərin 73 faizi gedib.
Cozviak bu seçkinin daha bir maraqlı detalı üzə çıxardığını yazır. Belə ki, hay-küyçülük, Ukrayna məsələsindən bezginlik slovakların səsverməsinə təsir göstərib. Polşada isə bunun əksi üzə çıxıb.
Məsələ bundadır ki, hökumət seçki gününə referendum da salıb, dövlət müəssisələrinin özəlləşdirilməsi, pensiya yaşının qaldırılması, Polşa-Belarus sərhədində səddin götürülməsi və Aİ-nin relokasiya mexanizmi çərçivəsində qeyri-Avropa mühacirlərin qəbulu ilə bağlı dörd sual qoyub. Bu suallar yönəldici olduğuna, müxalifəti hədəfə aldığına, Hüquq və Ədalət partiyasının seçicilərinin iştirakını artırmağı hədəflədiyinə görə tənqid olunub. Son illər Macarıstanda Fidesz partiyası da hökumətə dəstəyi gücləndirmək üçün oxşar referendumlar təşkil edib. Ancaq PiS üçün referendum arzuolunan nəticəni verməyib, etibarlı sayılmasından ötrü 50 faizlik baryeri keçə bilməyib.
Hakim partiyanın Ukrayna məsələsində daha sərt davranmaqla daha çox səs yığmaq taktikası da işləməyib. Partiya Ukraynadan kənd təsərrüfatı məhsullarının Polşa bazarına girməsini dayandırıb, Ukraynanın aparıcı rəsmiləri ilə yüksək səviyyəli görüşlərdən yayınırdı. PiS bu mövqeyə sayəsində, ola bilsin, bülletendə ən qatı antiukrayna partiyası olan Konfederasiya-dan bəzi səsləri qopardı, ancaq gözlədikləri kimi seçkinin qalibi ola bilmədi.