Keçid linkləri

2026, 12 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 19:28

Çin İranın daxili işlərinə müdaxiləyə qarşı çıxır [Videolar]


Mao Nin
Mao Nin

Pekin beynəlxalq münasibətlərdə güc tətbiqinə və ya gücdən istifadə hədəsinə qarşıdır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidenti Donald Trampın İran etirazçılarını dəstəkləmək üçün hərbi müdaxilə təhdidinə dair medianın sualına cavabında deyib.

"Biz həmişə digər ölkələrin daxili işlərinə müdaxiləyə qarşı çıxmışıq, bütün dövlətlərin suverenliyinin və təhlükəsizliyinin beynəlxalq hüquqla tam şəkildə qorunmasını ardıcıl müdafiə etmişik", – sözçü Mao Nin media brifinqində bildirib.

Bu arada bir sıra Avropa liderləri İran etirazçılarına dəstək bildiriblər. Finlandiya prezidenti Aleksandr Stabb bəyanatında etirazçılara hücumları dayandırmağa, saxlanılanları azad etməyə çağırıb. Almaniya kansleri Fridrix Merts isə İranda etirazçılara qarşı zorakılığı "qeyri-mütənasib" və "qəddar" adlandırıb, "zəiflik əlaməti" kimi qiymətləndirib.

Abbas Əraqçi
Abbas Əraqçi

İran XİN rəhbəri: 'Müharibəyə də hazırıq, dialoqa da'

"Müharibəyə də, dialoqa da hazırıq", – İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 12-də Tehranda xarici səfirlərlə brifinqdə belə deyib.

O, həftəsonu etirazlarda zorakılığın artmasından sonra ölkədə durumun tam nəzarət altında olduğunu söyləyib. Onu da əlavə edib ki, Trampın Tehrana etirazlarda qan töküləcəyi halda xəbərdarlığı "terrorçular"ı etirazçılara və təhlükəsizlik qüvvələrinə hücuma sövq edib, yəni, onlar bununla xarici müdaxiləyə zəmin yaratmaq istəyiblər.

Əraqçi qeyd edib ki, internet xidməti təhlükəsizlik qurumları ilə koordinasiya şəklində bərpa olunacaq.

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf isə Vaşinqtonu "səhv" addımlardan çəkinməyə çağırıb. "Gəlin açıq danışaq: İrana hücum edilərsə, işğal olunmuş ərazilər (İsrail), eləcə də ABŞ-nin bütün bazaları və gəmiləri legitim hədəfimizə çevriləcək", – İranın elit İnqilab Keşikçiləri Korpusunun keçmiş komandiri olan Qalibaf bildirib.

İsmayıl Beqai
İsmayıl Beqai

İran: ABŞ ilə kommunikasiya xətləri açıqdır

Tehranla Vaşinqton arasında əlaqə kanalları açıq qalır və bu əlaqələr ABŞ-nin xüsusi elçisi və ya İsveçrə kimi ənənəvi vasitəçilər vasitəsilə gerçəkləşdirilir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün – yanvarın 12-də deyib.

O, İranda etirazlar fonunda ABŞ prezidenti Donald Trampla təmasların olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Tramp yanvarın 11-də İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmaq üçün əlaqə saxladığını demişdi. Bəqai isə bildirib ki, "ziddiyyətli mesajlar" göndərilib, bu isə qeyri-müəyyənlik yaradıb, amma İran diplomatiyaya sadiq qalır.

İranda 3 günlük matəm elan olunub

İran hökuməti yanvarın 11-i gecə saatlarında üç günlük ümummilli matəm elan edib. Rəsmi açıqlamada etirazçıların ölümündə təhlükəsizlik qüvvələrinin roluna toxunulmayıb.

Dövlət mediası Nazirlər Kabinetinin bəyanatı yayıb. Bəyanatda etirazçıların, təhlükəsizlik qüvvələrinin və polisin ölümü "şəhər terrorçu-cinayətkarları" ilə əlaqələndirilib. Məsud Pezeşkian hökuməti zorakılığı "İslam Dövləti" ekstremist qruplaşmasının davranışına da bənzədib.

İranda rəsmilər və dövlət mediası etirazçıları "silahlı terrorçular" kimi təqdim edir, hökumətin dəyişdirilməsini tələb edənlərin etirazlarına toxunmur.

Pezeşkian yanvarın 11-də İran dövlət televiziyasına müsahibəsində etirazçıları "terrorçular" adlandırıb, təhlükəsizlik qüvvələrini onlara qarşı tədbir görməyə çağırıb.

Bundan təxminən bir saat sonra sosial şəbəkələrdə Tehrandakı Kəhrizək morqunda çoxsaylı meyitlərin videoları paylaşılıb.

Ölkədə internet kəsilib, sərt senzura etirazlarda neçə nəfərin həlak olduğunu dəqiqləşdirməyə imkan vermir. Bəzi insan haqları təşkilatları öz mənbələrinə istinadlar fərqli rəqəmlər açıqlayır.

Məşhəddə narkotiklərlə mübarizə polisi rəisinin öldürüldüyü bildirilir

İranın dövlət mediası Məşhəd şəhərində polis rəisinin öldürüldüyünü bildirib. Xəbəri İran İslam Respublikasının Radio və Televiziyası yanvarın 11-də Xorasan-Rəzəvi vilayəti Polis İdarəsinin komandir müavininə istinadla yayıb.

Məşhəddə narkotiklərlə mübarizə polisinin rəhbəri, briqada generalı Cavad Keşavərzin "silahlı iğtişaşçılar" adlandırılan şəxslərin hücumu nəticəsində həlak olduğu açıqlanıb.

İranda etirazların artıq üçüncü həftəsi başlayıb.

"NetBlocks": İranda dördüncü gündür internet yoxdur

Qurum bildirir ki, İranda rəqəmsal senzura üzrə illərlə aparılan araşdırmalara görə, vətəndaşlar bu cür şəraitdə əlaqə qurmaq üçün alternativ üsullara əl atırlar. Bu üsullara qısadalğalı və həvəskar radiolar, sərhəd bölgələrindəki mobil rabitə qüllələrinə qoşulma, "Starlink" terminalları, birbaşa peykdən mobil telefona rabitə texnologiyaları daxildir.

İranda genişmiqyaslı internetin kəsilməsi yanvarın 8-də, bir çox şəhərində etirazlar güclənəndə qeydə alınıb. İnsan haqları qrupları və internet azadlığı fəalları bildirirlər ki, məqsəd məlumatın yayılmasını məhdudlaşdırmaq, etirazların yatırılmasının sənədləşdirməsini çətinləşdirməkdir.

Buna baxmayaraq, alternativ kommunikasiya vasitələri ilə yayılan videolar İranda müxtəlif şəhərlərdə etirazların davam etdiyini göstərir.

Donald Tramp
Donald Tramp


Tramp: İran danışıqlar aparmaq istəyir

ABŞ prezidenti Donald Tramp deyib ki, İran rəhbərliyi Vaşinqtonla danışıqlar aparmaq üçün əlaqə saxlayıb. Tramp bundan öncə Tehranı kütləvi anti-hökumət etirazlarını qəddarcasına yatırmasına cavab olaraq hərbi müdaxilə ilə təhdid edib.

"İranın rəhbərləri zəng ediblər", – Tramp yanvarın 11-də "Air Force One" təyyarəsində jurnalistlərə deyib. "Görüş təşkil olunur... Danışıq aparmaq istəyirlər", – o əlavə edib.

Amma Tramp onu da deyib ki, "görüşdən əvvəl hərəkətə keçmək lazım gələ bilər", amma detalları açmayıb.

İranın nələri müzakirə edəcəyi də indilik aydın deyil. İki ölkə əvvəllər Tehranın mübahisəli nüvə proqramı ilə bağlı vasitəçilərlə danışıqlar aparıb.

ABŞ, digər Qərb ölkələri etirazçılara qarşı hökumətin sərt addımlarını pisləyib. Daha öncə isə İranın nüvə silahı hazırlamağa cəhd etdiyini deyərək Tehrana sanksiyalar tətbiq ediblər. İran iddiaları rədd edir.

Tramp yanvarın 11-də demişdi ki, ABŞ ordusu ilə birlikdə İranda mümkün variantları nəzərdən keçirirlər. Son 15 gündə hökumətə qarşı etirazlar 500-dən çox insanın öldürüldüyünə dair təsdiqlənməmiş məlumatlar gəlir.

"Ordu bunu araşdırır, çox güclü variantlara baxırıq", – Tramp jurnalistlərə deyib. O, İranın müxalifət liderləri ilə təmasda olduğunu əlavə etsə də, konkret detallara toxunmayıb.

Trampın dediklərinə Tehrandan hələlik reaksiya gəlməyib.

Yanvarın 13-də Trampın seçimləri olacaq

ABŞ mediası isə Trampın açıqlamalarından öncə yazıb ki, ABŞ lideri İranda etirazların qəddarlıqla yatırdılmasına cavab vermək variantları barədə bilgiləndirilib.

"Axios", "The New York Times", "The Wall Street Journal" onun İrandakı etirazlara dəstək üçün bir neçə variantı nəzərdən keçirdiyini yazıb. Prezidentin son açıqlamaları da bu yazılanları təsdiqləyir.

"The Wall Street Journal" yanvarın 13-də prezidentə spesifik variantların təqdim olunacağını yazıb.

Mümkün addımlara hərbi zərbələr, İran ordusuna qarşı gizli kiber silahların istifadəsi, İran hökumətinə əlavə sanksiyalar daxil ola bilər, - qəzet yazıb.

Bu arada insan haqları qrupları və hökumət mediası yanvarın 11-də İranda etirazlar, həbslər, zorakılıq haqda xəbər verib. Artıq nümayişlər üçüncü həftəyə girib.

Hökumət yanvarın 12-də tərəfdarlarını yürüşlərə çıxmağa, ABŞ və İsrailin "terrorçu" hərəkətlərini pisləməyə çağırıb.

ABŞ-də iranlı fəalların təşkilatı olan İnsan Haqları Xəbər Agentliyi (HRANA) yanvarın 11-də bildirib ki, son 15 gündə 544 nəfər öldürülüb, azı 10 min nəfər həbs olunub.

Bu informasiyanı müstəqil təsdiqlətmək mümkün deyil, ölkədə internet demək olar, tam qapanıb. Telefon xidmətlərinə də məhdudiyyətlər qoyulub.

Tramp yanvarın 11-də onu da deyib ki, İranda internetin bərpası üçün milyarder İlon Maskla danışacaq. Maskın "SpaceX" şirkəti Ukrayna kimi münaqişə zonasını peyk internet xidməti ilə təmin edir.

ABŞ prezidentinin son bir həftədə İrana sərt xəbərdarlığını İranın mühacirətdə olan keçmiş vəliəhd şahzadəsi, müxalifət fiquru Rza Pəhləvi dəstəkləyib.

"Dünya sizin milli inqilabınızı dəstəkləyir, cəsarətinizə heyrandır", – o, yanvarın 11-də video müraciətində deyib.

BMT, Avropa İttifaqı, Qərb hökumətləri İranda etiraz hərəkatına dəstək bildiriblər.

"Müharibə səhnələri"

Etirazlar isə getdikcə daha kəskinliklə yatırdılır. Tehranın şərqindən bir kişi yanvarın 10-da AzadlıqRadiosunun fars xidmətinə müsahibəsində şəhərdəki vəziyyəti "müharibə səhnələri" ilə müqayisə edib.

Təhlükəsizliyinə görə adını açıqlamayan həmin şəxs deyib ki, son vaxtlar gecələr İran paytaxtında pnevmatik silah səsləri eşidilir, küçə və dalanları nəzarətdə saxlamaq üçün məhəllələrin üzərində dronlar fasiləsiz uçur.

Etirazlara qiymətlərin sürətlə artması, yüksək inflyasiya və milli valyutanın kəskin ucuzlaşması səbəb olub. Bu etirazlar İslam Respublikası üçün son illər ən ciddi çağırışa çevrilib.

İran prezidenti Məsud Pezeşkian iğtişaşlarda xariclə əlaqəli terrorçuları günahlandırıb, ABŞ ilə İsraili ölkədə xaos və qarışıqlıq yaratmağa cəhddə ittiham edib.

"Xalqın narahatlıqları varsa, bunları aradan qaldırmaq borcumuzdur, amma daha böyük borcumuz odur ki, bir qrup iğtişaşçının bütün cəmiyyəti alt-üst etməsinə imkan verməyək", – prezident yanvarın 11-də televiziya ilə çıxışında deyib.

XS
SM
MD
LG