Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:16

ABŞ Türkiyədə yerləşən şirkətə Rusiya neftinə görə sanksiya qoyub


ABŞ Maliyyə Nazirliyi Rusiya neftinə Qərb tərəfindən qoyulmuş qiymət tavanını pozmaqda ittiham etdiyi iki şirkət üzərinə sanksiyalar elan edib.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və Türkiyədə yerləşən bu şirkətlərin G7 qrupu tərəfindən qoyulmuş qiymət tavanını ötən dekabrda pozduqları bildirilir.

G7 ölkələrinin koalisiyası Rusiyanın neftdən gəlirlərini və bu puldan Ukrayna müharibəsində istifadə etmək imkanlarını azaltmaq məqsədilə Rusiya neftinin hər barrelinə maksimum 60 dollar həddi qoymuşdu.

60 dollar həddi

ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, BƏƏ-də mənzillənən Lumber Marine şirkətinin tankeri barrelinə 75 dollar qiymət qoyulmuş Rusiya neftini daşıyıb.

Nazirlik habelə Türkiyədə mənzillənən Ice Pearl Navigation Corporation şirkətinə sanksiyalar qoyub.

Bu şirkətin tankerində daşınan Rusiya neftinin 1 barrelinə 80 dollar qiymət qoyulmuşdu.

Son aylarda qlobal bazarda neftin bir barrelinin qiyməti 85 dollar civarında sabitləşib.

Rusiya neftinə qoyulmuş qiymət tavanı Qərb şirkətlərinə bir barreli 60 dollardan yüksək nefti daşıyan gəmilərə sığorta, maliyyə və başqa xidmətlərin göstərilməsini qadağan edir.

Qiymət tavanı işləyirmi?

Reuters agentliyi yazır ki, Qərb beləliklə də həm Rusiyanın neft gəlirlərini məhdudlaşdırmağa, həm də dünya bazarına neft axınının davam etməsinə nail olmaq istəyir.

ABŞ maliyyə naziri Canet Yellen deyib ki, qiymət tavanının qoyulması son 10 ayda Rusiyanın neft gəlirlərini ciddi şəkildə azaldıb.

Reuters yazır ki, qiymət tavanı qoyulandan bəri Avstraliyanın da daxil olduğu G7 koalisiyası bazarları diqqətlə monitorinq edir.

ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, Rusiyanın neftdən götürdüyü gəlirlər bu ilin yanvar-avqust aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz azalıb.

Beynəlxalq Enerji Agentliyinin məlumatında isə deyilir ki, təxminlər Rusiyanın günə 4.9 milyon barrel neft satdığını göstərir.

Lakin məlumatda bu da qeyd olunur ki, Rusiyanın toplam xam neft ixracatı sentyabr ayında günə 460 min barrel artaraq 7.6 milyon barrelə çatıb.

XS
SM
MD
LG