Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 15:18

Polşa və Latviya sərhədlərində uçuşları məhdudlaşdırıb


Polşa-Belarus sərhədi.
Polşa-Belarus sərhədi.

Polşa Belarus və Ukrayna, Latviya isə Belarus və Rusiya ilə sərhədləri boyunca uçuşları məhdudlaşdırıb.

Varşava məhdudiyyəti sentyabrın 10-dan dekabrın 9-dək tətbiq edəcək. Gecələr hərbi təyyarələrdən başqa digər uçuşlara tam qadağa qoyulacaq. Gündüzlər isə sərhəd boyunca uçuş planlarını təqdim etmiş, işlək transponderlə təchiz olunmuş təyyarələr uça biləcək.

Latviya Belarus və Rusiya ilə hava məkanını sentyabrın 18-dək bağlı saxlayacaq, amma bu müddət uzadıla da bilər. Müdafiə naziri Andris Spruds deyib ki, bu qərar qadağan olunmuş zonaya tam nəzarət imkanı verəcək.

Sentyabrın 10-na keçən gecə Rusiyanın 19 dronu Polşanın hava məkanına keçib. Polşanın və NATO üzvlərinin qırıcıları havaya qalxıb. Baş nazir hadisəni "irimiqyaslı provokasiya", Latviyanın müdafiə naziri "həyəcan siqnalı" adlandırıb.

Rusiya dronları Polşa hava məkanında vurulub
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Polşa NATO sazişinin 4-cü maddəsinin işə salınmasını istəyir

Polşanın baş naziri Donald Tusk deyir ki, ölkəsi NATO sazişinin 4-cü maddəsinin işə salınmasını istəyir. O, ötən gecə Polşanın hava məkanına 19 müdaxilə olduğunu bildirib.

Tusk dronların böyük hissəsinin Belarusdan gəldiyini, dörd dronun vurulduğunu bildirib.

Baş nazir əlavə edib ki, ölkəsi İkinci Dünya müharibəsindən bəri silahlı münaqişəyə yaxın durumdadır, amma ölkəsinin müharibə vəziyyətində olduğunu deməyə əsas yoxdur.

NATO-nin hərbi sözçüsü isə bildirib ki, "ilk dəfədir NATO təyyarələri müttəfiqlərin hava məkanında potensial təhdidlə məşğul olur".

NATO sazişinin 4-cü maddəsinin işə salınması alyans üzvləri arasında diplomatik məsləhətləşmələri nəzərdə tutur. Yəni, üzvlərdən biri sərhədlərinin və ya təhlükəsizliyinin pozulmasından narahatdırsa, bununla bağlı digər üzvlərlə müzakirələr aparır. Məsləhətləşmələr birgə qərar, yaxud hərəkətlə yekunlaşa bilər.

"Təcavüz aktı"

Polşa hava məkanına keçən Rusiya dronlarını vurub, bunun "təcavüz aktı", NATO və Avropa Birliyi üzvünə qarşı "irimiqyaslı provokasiya" olduğunu deyib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan ilk dəfədir NATO üzvü atəş açır.

"Ötən gecə xeyli sayda Rusiya dronu Polşanın hava məkanını pozub. Birbaşa təhdid yaradan dronlar vurulub", – baş nazir Donald Tusk sentyabrın 10-da hökumətin fövqəladə iclasında deyib.

"Bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhdid yaradan təcavüz aktıdır", – ordunun operativ komandanlığı X postunda yazıb.

Tusk Rusiya dronlarının müdaxiləsi nəticəsində itkilərin olmadığını söyləyib.

İnsident Ukraynaya kütləvi hücum zamanı baş verib.

Polşa hava məkanını pozan Rusiya dronlarını vurub

Polşa hava hücumundan müdafiə qüvvələrini işə salaraq ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatlarını məhv edib. Bu haqda sentyabrın 10-da Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat verib.

Məlumatda deyilir ki, Rusiyanın Ukraynaya hava zərbələri zamanı ölkənin hava məkanını "dronlara bənzər obyektlər" dəfələrlə pozub. Polşa hərbçiləri bu obyektləri məhv etmək üçün silaha əl atıblar. Hərbi əməliyyatın davam etdiyi bildirilib. Podlyaski, Mazoviya və Lüblin vilayətlərinin sakinlərini evdən çıxmamağa çağırıblar.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib ki, "düşmən obyektlərə qarşı silahdan istifadə olunub". Baş nazir Donald Tusk da ordunun obyektləri vurduğunu söyləyib.

NATO üzvü Polşa alyans komandanlığı ilə daimi təmasda olduğunu bildirib.

"Reuters" agentliyi ABŞ mülki aviasiya idarəsinə (FAA) istinadla Polşanın dörd aeroportunun, o cümlədən Varşavadakı Şopen adına aeroportun fəaliyyətinin dayandırıldığını xəbər verir.

Senatordan xəbərdarlıq

Daha öncə də Ukraynaya hücumlar vaxtı Rusiya dronlarının Polşanın hava məkanını pozması barədə məlumatlar olub. Amma ilk dəfədir havadan müdafiə qüvvələri dronları məhv etmək üçün işə salınır, - "Reuters" yazır.

ABŞ senatoru Dik Durbin daha öncə demişdi ki, Rusiya dronlarının NATO hava məkanını dəfələrlə pozması "Rusiya prezidenti Vladimir Putinin Polşa və Baltik ölkələrini qorumaq mövqeyimizi sınağa çəkməsinə işarədir".

Durbin X platformasında yazıb ki, Rusiya Ukraynaya qarşı son ölümcül hücumları fonunda hava məkanının pozulması gözardı edilə bilməz.

Ukraynada sentyabrın 10-na keçən gecə ölkənin böyük hissəsi, o cümlədən qərbdə yerləşən Volın və Lvov bölgələrində hava hücumu siqnalı verilib.

XS
SM
MD
LG