BBC yazır ki, özünü aldatma insanların öz yalanlarına inanmasına və hətta daha inandırıcı olmasına yol aça bilər.
Bugünlərdə media həyatını yalan içində yaşayan adamlarla doludur. Biotexnologiya sahəsində sahibkar Elizabet Holms 2015-ci ildə ən gənc və öz gücü ilə milyarder olmuş qadın elan edilmişdi. İndi isə onu fırıldaqçılıq ittihamı ilə 20 illik həbs gözləyə bilər. Özünü almaniyalı zəngin ailənin varisi kimi qələmə verərək Nyu-Yorkun varlı adamlarından yüz minlərlə dollar pul qoparan Anna Sorokina (Anna Delvi) də bu qəbildəndir. Bundan başqa, özünü Saymon Levayev kimi təqdim edən "Tinder fırıldaqçısı" Şimon Hayut var.
Şəxsi qazanc gətirə bilər
Bu adamların əsas cəhəti təkcə insanlara danışdıqları yalanlar deyil, özlərinə danışdıqları yalanlardır. Onların hər biri öz hərəkətlərinə haqq qazandırıb. Üstəlik, onlar heç vaxt ifşa edilməyəcəklərinə inanıblar. Onlar davamlı olaraq öz reallıqlarını danaraq başqalarını da öz fırıldaqlarına sürükləyiblər.
Düşünə bilərsiniz ki, bu qəbildən olan davranış nadir fenomendir və yalnız ifrat hallarda rast gəlinir. Ancaq özünü aldatma inanılmaz dərəcədə çox rast gəlinən haldır. O, həm də şəxsi qazanc gətirə bilər. Adam öz qarşısında yaratdığı imici qorumaq üçün özünü aldada bilər. Bu, insana əxlaqsız davrandığı halda vicdanını sakit saxlamağa kömək edə bilər. Aparılan son araşdırmalara görə, özünü aldatma bizə başqalarını inandırmaqda kömək edə bilər. Çünki insanlar öz yalanlarına inanmağa başlayanda başqalarını bu yalanlara inandırmaq daha asan olur.
Şüurlu etmirlər
Yel Universitetinin marketinq professoru Zoi Çans 2011-ci ildə sadə bir eksperimentlə insanların özlərini aldatmaqla öz eqolarını şişirtdiyini nümayiş etdirib. Özü də insanlar bunu şüurlu etmirmiş.
Bir qrup iştirakçıdan IQ testi keçmələri xahiş olunub. Sualların cavabları isə səhifənin aşağısında çap olunub. Gözlənildiyi kimi, bu adamlar bu testdə nəzarət qrupunda olan insanlardan daha yaxşı nəticə göstəriblər. Nəzarət qrupundakı insanların vərəqlərində test suallarının cavabları çap olunmamışdı. İşin maraqlı tərəfi bu adamların hazır cavablardan istifadə etdiklərini boyunlarına almaq istəməməsidir. Onlar hazır cavabların verilmədiyi ikinci testdə də yaxşı nəticələr göstərəcəklərini deyiblər. Ancaq, təbii ki, bu, belə olmayıb. Bu insanlar, sadəcə, özlərini sualların cavablarını bildiklərinə inandırıblar.
Doktor Çans bu nəticələrə əmin olmaq üçün eyni eksperimenti tamamilə başqa bir qrupla da keçirib. Bu dəfə hətta ikinci testin nəticələrini düzgün proqnozlaşdıranlara maddi mükafat da təklif edib. Yəni, özünə əsassız güvənənlər pulu itirməklə cəzalandırılıblar. Əgər iştirakçılar öz davranışlarını anlaya bilsəydilər, pul itirməmək üçün özlərinə çox güvənməzdilər.
Ancaq reallıqda bu üsul insanların şişirdilmiş eqolarına çox da təsir etməyib. Onlar hələ də özlərini olduqlarından daha ağıllı görməyə davam ediblər. Bu isə onu göstərir ki, bu inam əslində çox real, dərin və inanılmaz dərəcədə güclüdür.
Zərərli deyil, amma...
Alimlər özünü aldadan insanların bəzilərinin sorğulanarkən hirsləndiyini də müşahidə ediblər. Onlar öz qurduqları yalana o qədər inanırlar ki, sorğulananda qəzəblənirlər.
Əksər hallarda insanların özlərini aldatması zərərli olmur. O, sadəcə, insanların özünə əminliyini bir qədər artırır. Ancaq ifrata varmamaq üçün bu tendensiyalardan hər zaman xəbərdar olmaqda fayda var.
Reallıqdan uzaqlaşmamağın bir yolu hər zaman öz qənaətlərinin əksini nəzərə almaqdır. Bu üsul çox asandır: qənaətinizin yanlış olması üçün bütün səbəbləri tapmağa çalışın. Bir növ özünüzü sorğu-sual edin. Aparılan çoxsaylı araşdırmalar bu üsulun vəziyyətə analitik yanaşmağa kömək etdiyini üzə çıxarıb. Əlbəttə, bu, yalnız öz qüsurlarınızı qəbul etdiyiniz halda mümkündür. İlk addım problemi qəbul etməkdir.