Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:04

Yeni il vədləri niyə yarımçıq qalır


Qarşıya yeni məqsədlər qoyan zaman onları ümumi yox, dar və detallı formullaşdırın
Qarşıya yeni məqsədlər qoyan zaman onları ümumi yox, dar və detallı formullaşdırın

İnsanların çoxu yeni il girəndə özünə vədlər verir. Bu vədlər çox vaxt özünü hansısa formada təkmilləşdirməklə bağlı olur. Ancaq bu vədlərin çoxu yarıyolda qalır və məyusluqla nəticələnir.

Bu davranış bu ənənəyə əməl etməyənlərə məntiqsiz görünür. Məsələyə rasional baxanda həqiqətən də 1 yanvar tarixinin ilin başqa günlərindən hər hansı üstünlüyü yoxdur. O zaman insanlar niyə həyatlarına müsbət dəyişiklik gətirməyi məhz bu tarixdən başlamağa çalışırlar?

BBC bu yaxınlarda aparılan bir psixoloji tədqiqatın nəticələrinə əsasən yazır ki, yeni həyata yeni ilin ilk günündən başlamaq üçün çoxlu tutarlı səbəblər var. Bu mexanizmləri anlayıb işə salmaqla insanlar 2022-ci il üçün məqsədlərinə sadiq qalmaq şanslarını artıra bilərlər.

Mark Tvenin məktubu

Bu ənənənin tarixinin nə vaxtdan başlandığı dəqiq bilinməsə də, "The Art of Self-Improvement" kitabının müəllifi, mədəniyyət tarixçisi Anna-Katarina Şaffner özünütəkmilləşdirmə ilə bağlı qeydlərin tarixinin antik Çin və Roma stoiklərinə gedib çıxdığını deyir. Qarşıya məqsədlər qoyub onların təqvimin müəyyən gününə bağlamaq ideyası artıq 1860-cı illərdə var idi. Yazıçı Mark Tvenin məktublarından biri bunun dəlili sayıla bilər.

"Dünən hamı öz sonuncu siqarını çəkdi, sonuncu içkisini içdi və sonuncu andını içdi. Bu gün biz itaətkar və nümunəvi bir icmayıq. Otuz gün bundan sonra biz bu dəyişiklikləri küləyə sovurub köhnə vərdişlərimizə qayıdacağıq. Biz həm də ötən il bu vaxtlar eyni şeyi etdiyimiz haqda düşünəcəyik", – Mark Tven 1863-cü il yanvarın 1-də yazırdı.

Şaffnerə görə, bir çoxumuzun hedonik bayram mövsümündən sonra müsbət dəyişikliyə can atması təsadüfi deyil. O bunu insanların çox yedikdən sonra təmizlənməyə çalışması ilə izah edir. Təbii ki, heç də hamının özünə verdiyi sözlər yemək və təmizlənməklə bağlı deyil. İnsanlar iş və şəxsi inkişafla bağlı məqsədlərini də yeni ilin başlanğıcı ilə bağlayırlar.

Həyatı fəsillərə bölmək

Psixoloqlar insanların öz həyatlarını kəsintisiz davam edən bir şey kimi görmədiklərini aşkarlayıblar. Əvəzində isə həyatlarının müxtəlif dövrlərini əks etdirmək üçün onu fəsillərə bölürlər. "İnsanlar həyatlarını elə təsəvvür edirlər ki, sanki özləri kitabın personajlarıdır", – Pensilvaniya Universitetinin Uorton Məktəbinin psixologiya professoru, "How To Change" kitabının müəllifi Keti Milkmen deyir.

Bu fəsillər insanın həyatında baş vermiş böyük hadisələrlə bağlı ola bilər. Məsələn, universitetə daxil olma, böyük karyera məqsədinə çatma və s. Ancaq insanın beyni bu fəsilləri də daha kiçik hissələrə bölür. Yeni ilin başlanması insanlara zaman bölgüsü kimi gəldiyindən beyin ondan yeni başlanğıc üçün bəhanə kimi istifadə etməyə çalışır. "Siz səhifəni çevirib yeni, təmiz səhifəyə başlayırsınız", – Milkmen deyir. Onun sözlərinə görə, bu, insanlara keçmiş uğursuzluqları ilə aralarına psixoloji məsafə qoymağa kömək edir. Səhvləri edən "köhnə sən" idin, indi isə hər şey daha yaxşı olacaq.

Detallı məqsədlər

Milkmen Harvard Universitetindən Ceyson Riis və özünün keçmiş doktorantura tələbəsi, Kaliforniya Universitetinin professoru Hençen Day ilə birlikdə araşdırma apararaq müəyyən ediblər ki, əslində insanlar təkcə Yeni il ərəfəsində deyil, bütün bayram tətillərində qarşılarına yeni məqsədlər qoymağa, yenidən başlamağa meylli olurlar. Hətta bazar ertəsi günlərinin də buna bənzər sehri var.

Tədqiqatçılar qarşıya yeni məqsədlər qoyan zaman onları çox geniş və ümumi yox, dar və detallı formullaşdırmağı tövsiyə edirlər. Məsələn, "yeni ildə çəkimi azaldacağam" yox, "yeni ildə hər gün günortadan sonra yerkökü yeyəcəyəm" demək sizi məqsədinizə yaxınlaşdıracaq. Çünki yerkökü şəkərə tələbatı azaldır və zərərli qidalardan çəkindirir. "Sosial mediadan daha az istifadə edəcəyəm" deməkdənsə, "əlimə düşən hər fasilədə elektron kitabdan 10 səhifə oxuyacağam" demək daha məqsədəuyğundur. Çünki bu zaman başınız daha faydalı informasiya almağa qarışacaq və xəbər lentini mənasız yerə çevirmək yadınıza düşməyəcək.

XS
SM
MD
LG