Təhsil naziri Emin Əmrullayevin məktəblərdə valideynlərdən pul yığılması ilə bağlı son açıqlamasından sonra bir məsələ yenidən gündəmə gəldi.
Azərbaycanda orta məktəblərin büdcəsi necə formalaşdırılır? Məktəblərə ayrılan pullar necə xərclənir? Cari xərcləri qarşılamaq üçün məktəb rəhbərliyinin nəzarətində yetərincə vəsait olurmu?
Adətən, açıq mənbələrdə məktəblərə ayrılan xərclər ümumi qeyd olunur. Amma hər il üçün deputatlara təqdim olunan “büdcə zərfində” ayrılan vəsaitin hara və nə qədər xərcləndiyi ətraflı açıqlanıb.
Məsələn, 2020-də orta təhsilə ümumilikdə 1 milyard 600 milyon manatdan çox vəsait xərclənib.
Bunun təxminən 98 faizi əməkhaqqı və sosial ayırmalar olub.
21,7 milyon manat kommunal, 4,6 milyon manat bank, 7,2 milyon manat isə müxtəlif sosial ödənişlər olub.
Bu məlumatlarda cari təmir və digər xərcləri bəndi qeyd olunmayıb.
Adının çəkilməsini istəməyən direktor
Bakıda adının çəkilməsini istəməyən məktəb direktoru AzadlıqRadiosuna deyib ki, cari təmir xərcləri və digər gözlənilməz xərclər büdcədə nəzərdə tutulmayıb. Bundan başqa məktəblər müəyyən qəzət və jurnallara da abunə olmalıdırlar. Bu xərcləri məktəbin daxili fondu hesabına və digər xərclərə qənaət eləmək yolu ilə özləri qarşılamalı olurlar.
Direktor bildirib ki, məktəbə ayrılan vəsaitin əsas hissəsi müəllimlərin maaşına gedir, həmin vəsait də müəllimlərin öz şəxsi bank kartları ilə özlərinə ödənir. Onlara isə ancaq cuzi təsərrüfat xərcləri ödənir. Bununla da mətkəbin cari xariclərini birtəhər qarşılamalı olurlar.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Azadlıq Radiosuna bildirib ki, dövlət ümumtəhsil müəssisələri dövlət büdcəsindən maliyyələşdiyi üçün bütün lazımi xərclər illik büdcə layihəsində öz əksini tapıb. Amma onun sözlərinə görə, valideynlərin könüllü ianələri də normal qaşılanmalıdır:
“Yəni, burada müəllimlərin əməkhaqları, digər müxtəlif təyinatlı xərclər var. O ki qaldı məktəblərə insaların könüllü ianələr etməsi, bunun bir mexanizm şəklində formalaşdırılması mümkündür. Amma burada prosesin bir mexanizmi olmalıdır. Yəni, bunu xaotik yox, qaydalar çərçivəsində etmək olar”.
Könüllü pul verməyin “əmma”ları
Təhsil naziri Emin Əmrullayev dekabrın 21-də keçirdiyi brifinqdən deyib ki, hansısa qeyri-qanuni yığımların olması və bununla bağlı ictimaiyyətin narahatlığı bugünün söhbəti deyil. O bunu cəmiyyətin xroniki problemi adlandırıb:
“Kimsə əlində olan bir manatı məktəbə yardım etmək istəyirsə, o zaman onun bu hüququ tanına və icra edilə bilər”.
İqtisadçı Rövşən Ağayev təhsil nazirinin orta məktəblərdə "insanlar könüllü pul verə bilər" fikrini doğru saymır. O hesab edir ki, qanun bu mexanizmə yaşıl işıq yandırsa belə, hazırkı şərtlərdə bunun 2 "əmma"sı var:
“Əvvəla, bizdə könüllü deyilən istənilən təşəbbüs reallıqda məcburi olur. Digər vacib məqam: məktəblərin maliyyə fəaliyyəti nə vaxt şəffaf olarsa, illik hesabatlarını məktəbin məlumat lövhəsində, hər kəsin maneəsiz tanış ola biləcəyi yerdə asarlarsa, insanlar hər qəpiyin şəffaf xərcləndiyini görəndən sonra könüllü ianə təşəbbüslərinə də qoşularlar. Əlavə olaraq da məktəblərin belə hesabatlı olması üçün onların maliyyə muxtariyyəti qazanması, sərbəst subyektlər kimi müstəqil bank hesablarına sahib olması önəmlidir”.
Azərbaycanda uzun illərdir süpürgə pulu, fond pulu adıyla pul toplanması, “müəllimlər gününə”, “8 marta” görə şagirdlərdən pul tələb olunması ilə bağlı iddialar səslənir.