Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:19

Medvedev Navalny-nın videosuna ilk dəfə reaksiya verdi (Video)


Medvedyev korrupsiya araşdırmasına "kompot" dedi
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Medvedyev korrupsiya araşdırmasına "kompot" dedi

Rusiyanın baş naziri Dmitry Medvedev Aleksei Navalny-nın Korrupsiyaya Qarşı Mübarizə Fondunun onun daşınmaz əmlakı və adı ilə bağlı fondlara dair araşdırmasına ilk dəfə münasibət bildirib.

Üzdəniraq araşdırma?

Baş nazirin sözlərinə görə, "bu üzdəniraq araşdırmaların arxasında" insanları küçəyə çıxarmaq, siyasi və şəxsi məqsədlərə nail olmaq cəhdi dayanır. Gəncləri hüquq mühafizə maşınının altına qoyurlar. Bu, şəxsi məqsədlərə çatmaq üçün qeyri-insani mövqedir".

Buna da bax:​ Rusiyadakı narazılıq kritik həddə çatırmı?

Baş nazir daha sonra fikrini davam etdirərək soruşur: "Belə şeylər kimə sərf edir? Bənzər kompromat süjetləri və materialları sifariş edənlərə. Bir qayda olaraq tam konkret siyasi məqsədləri olan adamlara".

Dmitry Medvedev Korrupsiya ilə Mübarizə Fondunun yaradıcısı Aleksei Navalny-nı adamları "açıq-açığına, onu prezident etməyə çağıran" "məşhur personaj" adlandırıb. Sözügedən araşdırmanın mahiyyətini isə baş nazir "kompota" bənzər "sayıqlama və hansısa kağız-kuğuz" adlandırıb.

Medvedevin sözlərinə görə, bütün hücum və təxribatlara baxmayaraq, o öz vəzifəsində çalışmağa davam etdirir.

Buna da bax: Putinin sözçüsü: 'Fəallar xüsusi xidmətlərin bildiklərini bilə bilməzlər'

Rusiyada “ərəb baharı”?

Martın 26-da bütün Rusiyada, o cümlədən Moskva və Sankt-Peterburqda korrupsiyaya qarşı kütləvi etiraz aksiyaları, mitinqlər keçirilib.

Rusiya prezidenti Vladimir Putin antikorrupsiya mitinqlərini "ərəb baharı" və "Avromaydan"la müqayisə edib.

Etirazlara Aleksei Navalny-nın Korrupsiya ilə Mübarizə Fondunun Rusiyanın baş naziri ilə bağlı araşdırma filminin işıq üzü görməsi səbəb olub. Filmin müəllifləri Dmitry Medvedev-in adı ilə bağlı xeyriyyə fondları şəbəkəsini müəyyənləşdiriblər. Rusiyanın hər yerində həmin fondların bahalı daşınmaz əmlakı var. Onlar xaricdə də yaxtalar və daşınmaz əmlak alırlar.

Buna da bax:​ Dmitri Medvedev vergi bəyannaməsini təqdim edib

Rusiya Prezident Administrasiyası regionlardakı hakimiyyət təmsilçilərinə aprelin 8-də "Birlikdə terrora qarşı" şüarı ilə kütləvi mitinqlər keçirməyi tapşırıb. Bu barədə məlumatı Prezident Administrasiyasına və hakim "Yedinaya Rossiya" partiyasındakı qaynaqlara söykənən "Kommersant" qəzeti dərc edib. Mitinqlər "özəlliklə martın 26-da etiraz aksiyalarının keçdiyi yerlərdə" gerçəkləşməlidir. “РБК” mənbələri də bu məlumatı təsdiqləyib.

"Artıq qubernatorlara zəng vurub bütün xalqı ora qovmaq tapşırığını verirlər", - "Kommersant"ın həmsöhbəti belə söyləyib.

“Qəzəb günü”, yoxsa “matəm günü”?

Başqa bir həmsöhbətsə deyib ki, bu aksiyanı "qəzəb günü" adlandırmaq olmaz. Onun sözlərinə görə, bu, formatına görə "matəm günü" olacaq.

Buna da bax: Putin ölkədəki etiraz aksiyalarını "Maydan" və "Ərəb baharı" ilə müqaisə edib

"Hökuməti tez-tez xalqın dərdini paylaşmamaqda suçlayırlar. İndi bir məqsəd də bunun belə olmadığını sübut etməkdir. Bizə say və şüarlarla bağlı heç bir təlimat verilməyib. Ancaq aydındır ki, adamların sayı adi vaxtlardan az olmamalıdır", - bölgə administrasiyalarından birinin əməkdaşı qəzetə deyib.

Başqa bir regiondan da bildiriblər ki, onlara 4 - 4,5 min adamı küçəyə çıxarmaq əmri verilib. Administrasiyadakı mənbə əlavə edib ki, mitinq "standart" qaydada keçirilməli - "Yedinaya Rossiya" və hökumət büdcə təşkilatlarının işçilərini küçəyə çıxarmalıdır.

"Yedinaya Rossiya"nın hökumətyönlü mitinqi
"Yedinaya Rossiya"nın hökumətyönlü mitinqi

Prezident Administrasiyasına yaxın mənbə “RBK”ya bildirib ki, görünür, Kreml gündəmi müxalifətin əlindən almaq və terror mövzusundan cəmiyyətin birləşdirilməsi üçün yararlanmaq niyyətindədir.

Mesaj “vətəndaşları birləşdirməkdir”?

Buna da bax:​ Rusiyada son etirazlara 'Yandex' də müdaxilə edib

Mitinqlərin bir dəqiqəlik sükutla başlanacağını deyən müsahib burada millətin təhlükə qarşısında birləşdirilməsi və bu birləşmədə Vladimir Putin-in rolu mövzusunun qabardılacağını vurğulayıb.

O qeyd edir ki, Kreml regionlar qarşısında mitinqləri mümkün qədər kütləvi etmək vəzifəsi qoyub. Bu, müxalifətin martın 26-da keçirdiyi aksiyalarla müqayisədə daha yaxşı mənzərə əldə etməyi hədəfləyir.

"İzvestiya" qəzeti Prezident Administrasiyasındakı mənbəyinə istinad edərək yazıb ki, "heç bir tapşırıq daxil olmayıb, aksiya keçirmək istəyən keçirəcək". Qəzetin söykəndiyi başqa bir mənbə Kremlin doğrudan da ötən həftə etiraz aksiyalarının olduğu şəhərlərdə mitinqlər keçirmək niyyətində olduğunu təsdiqləyib.

Buna da bax:​ Navalny 15 günlük azadlıqdan məhrum edildi

"Mesaj vətəndaşları birləşdirməkdən ibarətdir", - "İzvestiya"nın qaynağı belə deyib.

Artıq Ryazan və Kaluqa regionlarının rəhbərləri Nikolai Lyubimov və Anatoly Artamonov belə bir mitinqin hazırlandığını təsdiqləyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG