Keçid linkləri

2025, 11 Dekabr, cümə axşamı, Bakı vaxtı 09:04

Koçaryan ittiham aktının 'siyasi sənəd' olduğunu deyir


Robert Koçaryan
Robert Koçaryan

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan özünə qarşı ittiham aktının "siyasi sənəd" olduğunu, onu hüquqşünasların deyil, siyasi hökumətlərin yazdığını deyib. Bunu o, sentyabrın 8-də "1 mart işi" üzrə məhkəmə prosesində bildirib.

Ölkənin ikinci prezidenti olmuş R.Koçaryana qarşı məhkəmə prosesi ötən il bərpa olunub. O, prokurorluğun qaldırdığı vəsatətə qarşı çıxıb. Prokurorluq məhkəmədən onun barəsindəki ittihamları dəyişdirməyi, Koçaryana və keçmiş işçilərinə vəzifə səlahiyyətlərindən sui-istifadə üzrə yeni ittiham irəli sürməyi təklif etmişdi.

Keçmiş prezidentə görə, hüquqşünaslıqdan məlum olduğu kimi, hər cinayətin bir motivi var: "İşdə ikisi göstərilir-nəyin bahasına olursa-olsun, arzuolunan hakimiyyət sistemini saxlamaq və hakimiyyəti yaxın adamı Serj Sarkisyana ötürmək. "Arzulanan hakimiyyət sistemi" nə deməkdir, mənə kim izah edə bilər? Mənə ittiham irəli sürüləndə müstəntiqə elə belə də dedim: "başa düşmürəm, mənə izah edin". Hətta ədəbiyyat, süni intellekt də bu suala cavab vermir".

Koçaryan 2018-ci ildə konstitusiya quruluşunu devirmək maddəsi ilə ittiham olunub. Konstitusiya Məhkəməsi bu maddəni konstitusiyaya uyğunsuz sayıb, daha sonra birinci instansiya məhkəməsi işi nəzərdən keçirərkən sabiq prezidentə bəraət verib. Amma Ali Məhkəmə qərarı ləğv edib və işi yenidən birinci instansiyaya göndərib.

"Bilmirəm, hüquq-mühafizə sistemi məndən artıq 7 ildir nə istəyir", – Koçaryan əlavə edib.

Prokurorluq bildirir ki, Koçaryan barədə bəraət qərarı qüvvəyə minməyib, ləğv olunub. Bu isə o deməkdir ki, məhkəmə prosesi bitməyib və yeni ittihamlar irəli sürülməlidir.

Ermənistan Xüsusi İstintaq Xidməti 2018-ci ildə Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ittihamını irəli sürüb. Koçaryan hələ prezident postunda olarkən 2008-ci il martın 1-də baş vermiş qanlı hadisələrdə ittiham edilib.

Keçmiş prezident bu ittihamın "qondarma" və "siyasi motivli" olmasını bəyan etmişdi.

Ermənistanda 2008-ci ilin prezident seçkisindən dərhal sonra, fevralın 19-dan başlayaraq minlərlə insan seçki nəticələrinə etiraz edirdi. Təhlükəsizlik qüvvələri etirazları amansızlıqla yatırdıb.

XS
SM
MD
LG