Kamerunda müxalifət liderləri prezident Pol Biyanın qalib elan olunduğu prezident seçkisinin nəticələrini rədd edib. Onlar nəticələrin xalqın iradəsini əks etdirmədiyini deyirlər.
Mərkəzi Afrikada yerləşən Kamerunda 92 yaşlı Biya 53 faizdən çox səslə seçkinin qalibi elan olunub. Konstitusiya Şurasının oktyabrın 27-də açıqladığı bu qərar neft və kakao istehsalçısı olan ölkədə etirazlara səbəb olub.
Seçkinin nəticəsinə görə, 1982-ci ildən - 43 ildir Kameruna rəhbərlik edən Biya daha 7 il hakimiyyətdə qalmalıdır, yəni 99 yaşınacan.
"Reuters" yazır ki, məhkəmənin qərarından apellyasiya verilə bilməz. Bu isə ölkədə siyasi qarşıdurmanın uzun çəkə biləcəyinə işarə edir.
Biyanın əsas rəqibi İssa Çiroma özünü qalib elan edib, başqa nəticəni qəbul etməyəcəyini deyib. Onun tərəfdarları çevik polis qüvvələri ilə toqquşublar. Ölkənin ticarət paytaxtı Dualada yolları yanan təkərlər, dağıntılar kəsib.
Müxalifət etirazlarda azı altı nəfərin həlak olduğunu bildirir.
Biya tərəfdarları isə qələbəni qeyd edirlər.
"Despotizmin möhürü"
Müxalifət liderləri seçkidə genişmiqyaslı saxtakarlıq olduğunu desələr də, hökumət iddiaları rədd edib.
Prezidentliyə keçmiş namizəd, tanınmış hüquqşünas Akere Muna prosesi "saxtakarlıq" adlandırıb, Konstitusiya Şurasını "despotizmin möhürü" olmaqda suçlayıb.
Muna 11 gün əvvəl rəqib koalisiyaya qoşulmaq üçün yarışdan çəkilsə də, adı bülletendə qalıb.
"Reuters" oktyabrın 28-də axşam ölkədə yenidən gərgin toqquşmaların gözlənildiyini yazır.
Dualada yaşayan Jan-Paskal prezident Biyanın yenidən seçilməsini "oğurlanmış qələbə" adlandırıb: "Xalq Pol Biyanı seçməyib. Bu hökumət bizə heç nə verməyib. Mən doğulandan, 43 ildir bu hökumət dəyişməyib. Amma bizə heç nə verməyib. Heç nə".