Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 06:33

‘26’ kafesinin icarədarının 20 sutka aldığı deyilir


"Klub 26"

Ötən həftə fəaliyyəti dayandırılan “26” kafesinin icarədarının inzibati qaydada həbs olunduğu deyilir.

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə kafenin icarədarı Ramin Məmmədov 20, kafenin digər işçisi Həmid Əfəndiyev isə 25 sutka inzibati qaydada həbs ediliblər.

Sentyabrın 8-də Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” – “Twenty six” adlı kafe Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə bağlanıb.

Buna da bax:​ Yazçılar Birliyi şəhər rəhbərliyinə cavab verdi

Həmin kafenin yerinin Azərbaycan Yazıçılar Birliyinə məxsus olduğu, onun icarəyə verildiyi açıqlanıb.

H. Abutalıbov həmin gün jurnalistlərə açıqlamasında bildirib ki, Bakının mərkəzində “26” adlı kafenin açılması yolverilməzdir.

O, belə bir addım atılmasını kafenin 26 Bakı komissarlarının adını daşıması ilə izah etmişdi:

"Doğrudan da tarix göstərdi ki, bu qatillər öz havadarlarının əli ilə xaricə qaçmış, azərbaycanlıların qızıl və digər sərvətlərini də xaricə aparmışlar. Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsini icarəyə götürərək "26-lar" adlı kafe açıblar. Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, soyqırımı təşkilatçılarına, onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur…", – deyə H. Abutalıbov bildirmişdi.

Buna da bax:​ 'Anonim qalmaq fundamental insan hüququdur'

Üstəlik, həmin kafenin əxlaqsızlıq yuvasına çevrildiyi iddia olunurdu.

Ancaq bundan sonra Azərbaycan Yazıçılar Birliyi (AYB) bəyanat yayaraq şəhər rəhbərliyinə cavab vermişdilər.

Onlar kafenin adının 26 Bakı komissarlarından götürülmədiyini bəyan edirdilər.

“Bu kirayədən gələn gəlirlər Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi verilir. Habelə, xəstə, ehtiyacı olan yazıçılara yardım kimi verilir və ara-sıra kiçik kitabların nəşrinə xərclənir. Hamısının dəqiq hesabatı aparılır. «Buranı bağlayacağıq, qoymayacağıq» və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Ağır maddi durumda olan neçə-neçə yazıçını köməksiz qoymaq heç kəsə başucalığı gətirməz. Doğrudur, xalqımız onu da yaxşı deyib ki, toxun acdan xəbəri olmaz", - bəyanatda qeyd edilirdi.

AYB onu da bildirirdi ki, Bakıda 26 Bakı komissarlarının adını daşıyan küçə var.

Buna da bax:​ Bakıda kitab kafesi mədəniyyəti yayılır

Sənəddə həmçinin vurğulanırdı ki, əxlaqsızlıq yuvası axtaranlar başqa yerlərə diqqət yetirsinlər.

Bəyanatın sonunda da qeyd edilirdi ki, yazıçıların nə külli miqdarda varı-dövləti, nə yüksək vəzifələri, nədə müxtəlif imkanları var:

"Bircə silahları var – o da qələmləridir, amma unudulmasın ki, bu çox güclü silahdır və həmin silahla damğalananlar tarixdə bu damğayla qalacaqlar".

Xatırlatma

26 Bakı komissarı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətindən öncə hakimiyyətdə olan qüvvənin (Bakı Soveti) təmsilçiləri olublar. Onlara Stepan Şaumyan rəhbərlik edib. Müstəqil Azərbaycanın tarixçiləri onları 1918-ci ilin martında Bakıda, Şamaxıda və bir çox yerlərdə törədilən qırğınların təşkilatçıları hesab edirlər. 26 Bakı komissarı tarixi iddialara görə, 1918-ci il sentyabrın 19-da güllələniblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG