Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:49

Mərhum bloqqerin kamerasını görmək istəyirlər


"Siyasi məhbusun son mənzili". Karikatura. Gündüz Ağayev.
"Siyasi məhbusun son mənzili". Karikatura. Gündüz Ağayev.

Müstəqil jurnalistlər və hüquq müdafiəçilərindən ibarət bir qrup şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət göndəriblər.

Müraciətdə bu il aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə vəfat edən bloqqer Mehman Qələndərovun ölüm faktının obyektiv araşdırılması istənilir. Onlar düşünürlər ki, bu ölüm işi ilə bağlı rəsmi açıqlamada ziddiyyət doğuran bir sıra məqamlar var:

Buna da bax:​ ABŞ bloqqerin ölümünü araşdırmağa çağırır

“Hadisənin ilk vaxtında Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi ölüm faktını inkar edərək M.Qələndərovun sağ-salamat olması haqda açıqlama yaydı. Amma xəbər sosial şəbəkədə ictimailəşdikdən sonra Penitensiar Xidmət Baş Prokurorluqla birgə açıqlama yayaraq M.Qələndərovun özünü mələfə ilə asaraq intihar etdiyini bildirdi”.

Müraciət müəllifləri M.Qələndərovun nəşinin ictimaiyyətin iştirakı olmadan gizlin dəfn edilməsini də düzgün saymır:

“M.Qələndərovu yaxından tanıyan şəxslər olaraq əldə etdiyimiz məlumatlar onu göstərir ki, bu şəxsin intihar deyil, ağır işgəncələr nəticəsində dünyasını dəyişməsi daha inandırıcıdır”.

Buna da bax:​ İctimai fəallar M.Qələndərovun məzarı başında

Sənəddə vurğulanır ki, Bakı İstintaq Təcridxanasında dustaqların özünü asması mümkünsüz haldadır:

“Biz vətəndaş cəmiyyəti nümayəndələri - hüquq müdafiəçiləri və müstəqil jurnalistlər olaraq M.Qələndərovun Bakı İstintaq Təcridxanasında saxlandığı kamerasına baxış keçirmək istəyirik. Təcridxananın kameralarında intihar etmək imkanlarının hansı vəziyyətdə olub-olmamasını öz gözlərimizlə görmək istəyirik.

Xahiş edirik bizim Bakı İstintaq Təcridxanasında Mehman Qələndərovun saxlandığı kameraya baxış keçirməyimizə şərait yaradasınız”.

Müraciətə, hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ ‘Bloqqerin nəşi ekshumasiya olunmalıdır’

Xatırlatma

Bu il fevralın 7-də M.Qələndərovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, hazırlama və satma) ittiham olunub.

Həbs günü M.Qələndərov “Facebook” səhifəsində yazmışdı: “Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazdığı bildirilən Qiyas İbrahimli nəzərdə tutulur. 10 il azadlıqdan məhrum edilib- red.) kimi olaq. Qul olma!”

Bir saatdan sonra polis əməkdaşları M.Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar.

Buna da bax:​ Qələndərov intihar edib, yoxsa onu öldürüblər? [video]

Nəsimi rayon Məhkəməsi M.Qələndərovu istintaq müddətində 3 ay həbs edib.

Bu il aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında O, müəmmalı şəkildə vəfat edib.

Amma, bu məsələ ilə bağlı Ədliyyə nazirliyinin Baş prokurorluqla birgə yaydığı bəyanatda olay intihar halı kimi dəyərləndirilib.

“Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə meyit müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib”. - deyə açıqlamada qeyd edilib.

Buna da bax:​ Prokurorluq təcridxana nəzarətçisi və dəstə rəisinin işdən azad edildiyini deyir

Rəsmi açıqlamada vurğulanırdı ki, M.Qələndərova təzyiq göstərilməsi, işgəncələr verilməsi və yaxud hər hansı qanunazidd hərəkətlərə yol verilməsi müəyyən edilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG