Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 00:19

‘Bloqqerin nəşi ekshumasiya olunmalıdır’


"Siyasi məhbusun son mənzili". Karikatura. Gündüz Ağayev.

Bakı İstintaq Təcridxanasında intihar etdiyi deyilən bloqqer Mehman Qələndərovun ölümü ilə bağlı müstəqil araşdırma aparan ictimaiyyət nümayəndələrindən ibarət Preventiv Cavab Qrupu (PCQ) baş prokuror Zakir Qaralova sorğu göndərib.

Baş prokurordan M.Qələndərovun ölüm işinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə araşdırılması istənilir.

Sorğuda vurğulanır, M. Qələndərov müxalif düşüncəli, çox iradəli, prinsipial insan olub.

Buna da bax:​ Qələndərov intihar edib, yoxsa onu öldürüblər? [video]

“Həbs olunan gün, fevralın 7-də isə “heykəl məhbusları” Qiyas İbrahimli və Bayram Məmmədova azadlıq tələbi ilə Heydər Əliyevin heykəli önünə gedərək orada təkbaşına tədbir keçirib. Etiraz şüarları səsləndirib. Məhz bu hərəkətindən dərhal sonra M.Qələndərov həbs olunub və ona heç bir əsas olmadan narkotika ittihamı irəli sürülüb. Həbs olunan gün polis bölməsində ağır işgəncələrə və həbsdən sağ buraxılmayacağı haqda təhdidlərə məruz qalıb”, sorğuda yazılır.

İctimaiyyət nümayəndələri diqqəti ona yönəldiblər ki, M.Qələndərovun intihar xəbərini Penitensiar Xidmət öncə təkzib edib.

“Onun nəşi yaxınlarına verilməyib və Zabrat qəbiristanlığında gizli dəfn olunub. Bütün bu qeyd olunanlar isə onun intihar etməsi deyil, işgəncə ilə öldürülməsinə dair ehtimalları möhkəmləndirir”, ictimaiyyət nümayəndələri qeyd edirlər.

Buna da bax:​ Prokurorluq təcridxana nəzarətçisi və dəstə rəisinin işdən azad edildiyini deyir

Onlar hesab edirlər ki, bu məsələ obyektiv və əhatəli şəkildə araşdırılmalıdır.

“Onun qəbri ekshumasiya (Məhkəmə-tibbi ekspertizanın və ya patoloji-anatomik tədqiqatların aparılması məqsədi ilə meyitin məzardan çıxarılması -red) olunmalı, M.Qələndərova işgəncə verilməsi faktı müstəqil ekspertlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə araşdırılmalıdır”, sorğuda vurğulanır.

Xatırlatma

Narkotika ittihamı ilə saxlanan M.Qələndərov barəsində fevralın 7-də üç aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Buna da bax:​ Mehman Qələndərovla bağlı Təhqiqat Qrupu yaradılacaq

M.Qələndərovun aprelin 28-də intihar etdiyi söylənir. Onu aprelin 29-da ictimaiyyətdən gizli şəkildə dəfn ediblər.

M.Qələndərovun ölümü ilə bağlı Ədliyyə Nazirliyi Baş Prokurorluqla birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə isə, M.Qələndərov aprelin 28-də ikinəfərlik 57 nömrəli kamerada yataq dəstindəki döşəyin üzlüyünü cıraraq ip formasına salıb. Onun saat 13:30 radələrində - kamera yoldaşı yuxuya getdikdən sonra özünü asdığı bildirilib.

“Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə meyit müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib”, açıqlamada qeyd edilir.

Buna da bax:​ Prokurorluq Azərbaycandakı intiharların səbəbini 'tapdı'

Açıqlamada ilkin araşdırmalar zamanı M.Qələndərova təzyiq göstərilməsi, işgəncə verilməsi, hər hansı qanuna zidd hərəkətlərə yol verilməsinin müəyyən edilmədiyi də vurğulanır.

PCQ 2011-ci ildə yaradılıb, əsas vəzifəsi KİV əməkdaşlarının qətli, döyülməsi, oğurlanması, şantajı və onlara mənəvi-psixoloji təzyiq göstərilməsi hallarını tədqiq etməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG