Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 02:25

Prokurorluq təcridxana nəzarətçisi və dəstə rəisinin işdən azad edildiyini deyir


Kürdəxanı təcridxanası

Həbsdəki bloqqer Mehman Qələndərovun ölümünə görə, Bakı İstintaq Təcridxanasının şöbə rəisi işdən azad olunub.

M.Qələndərovun ölümü ilə bağlı Ədliyyə Nazirliyinin Baş Prokurorluqla birgə yaydığı açıqlamada belə yazılır.

Açıqlamaya görə, M.Qələndərov aprelin 28-də ikinəfərlik 57 nömrəli kamerada yataq dəstindəki döşəyin üzlüyünü cıraraq ip formasına salıb. Onun saat 13:30 radələrində - kamera yoldaşı yuxuya getdikdən sonra özünü asdığı bildirilir.

Buna da bax:​ Mehman Qələndərovla bağlı Təhqiqat Qrupu yaradılacaq

Prokurorluq əməkdaşlarının Səhiyyə Nazirliyinin Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin ekspertlərinin, hal şahidlərinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirdiyi, maddi sübutların götürüldüyü vurğulanır.

“Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə meyit müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib”, açıqlamada qeyd edilir.

Açıqlamada ilkin araşdırmalar zamanı M.Qələndərova təzyiq göstərilməsi, işgəncə verilməsi, hər hansı qanuna zidd hərəkətlərə yol verilməsinin müəyyən edilmədiyi vurğulanır. Bununla bərabər təcridxananın nəzarətçisi və tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisinin tutduğu vəzifələrdən azad edildiyi açıqlanır.

Buna da bax: Həbsdəki bloqqerin özünü asdığı deyilir

Sabunçu rayon prokurorluğu olayla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.

Birgə açıqlamada həmçinin, M.Qələndərovun ittiham edildiyi cinayət işi barədə də məlumat verilir. Həmin məlumatda bloqqerin Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi, barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir.

Məlumatda iddia olunduğuna görə, M.Qələndərovdan ittiham üzrə etirafedici ifadə alınıb.

İstintaqın gedişatında onun əməlləri C M-nın 234.4.3-cü maddəsinə tövsif edilib.

Buna da bax:​ Həbsxanada özünü asdığı deyilən bloqqer dəfn olunub (Video)

Sonuncu maddə ilə bloqqeri 12 ilə kimi həbs gözləyirdi. Əvvəlki ittihamda isə söhbət 3 ilə kimi həbsdən gedib.

XATIRLATMA

Narkotika ittihamı ilə saxlanan M.Qələndərov barəsində fevralın 7-də üç aylıq həbs qətimkan tədbiri seçilmişdi. O, həbs günü “Facebook” səhifəsində aşağıdakıları yazmışdı:

“Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazdığını bildirən Qiyas İbrahimli nəzərdə tutulur. O, 10 il azadlıqdan məhrum edilib- red.) kimi olaq. Qul olma!”

Buna da bax:​ Gənc fəaldan işgəncə məktubu: "Zorlama ilə hədələdilər"- [Foto]

Bir saatdan sonra isə polis əməkdaşları M.Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutmuşdular.

2016-cı il sentyabrın 26-da Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından da biri də məhz o olmuşdu.

M.Qələndərovun aprelin 28-də intihar etdiyi söylənir. Onu aprelin 29-da ictimaiyyətdən gizli şəkildə dəfn ediblər.

Buna da bax: İşgəncə dünən də var idi, bu gün də var, sabah da olacaq...

Bu gün, mayın 1-də bu məsələ ilə bağlı hüquq müdafiəçilərinin keçirdiyi tədbirin iştirakçıları M.Qələndərovun ölümünə birmənalı yanaşmayıblar. Həmin tədbirdə hadisənin intihar və ya qətl olmasını müəyyən etmək məqsədilə müstəqil Təhqiqat Qrupunun yaradılması qərara alınıb. Çıxışlarda istintaq zamanı ona işgəncə verildiyi güman edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG