Ermənistanın baş naziri Nikol Paşinyan və ATƏT-in icraçı sədri, Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri İan Borq mayın 13-də Yerevanda təşkilatla Ermənistan hökuməti arasında əməkdaşlığı müzakirə ediblər.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Paşinyan bu görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasından danışıb.
Öz növbəsində Borq təşkilatın ATƏT-in bütün fəaliyyəti zonasında sabit sülh və münaqişələrin tənzimlənməsinə sadiqliyini təsdiqləyib.
ATƏT-in icraçı sədri Yerevana səfəri zamanı əvvəlcə xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Bundan sonra iki xarici işlər nazirinin birgə mətbuat konfransı keçirilib.
ATƏT iki ölkə arasındakı prosesə müdaxilə etmir
İan Borq bu konfrans zamanı deyib:
"Biz hərtərəfli və sabit sülh razılaşmasının əldə edilməsi üçün Ermənistan və Azərbaycanı dəstəkləyəcəyik. Biz bilirik ki, iki ölkə məsələləri ikitərəfli formatda həll etmək istəyir və biz bunu dəstəkləyirik”.
O habelə vurğulayıb ki, ATƏT iki ölkə arasında davam edən prosesə müdaxilə etməyəcək.
ATƏT üçün Qarabağ məsələsinin bağlanıb-bağlanmadığına dair suala cavab verən Borq vurğulayıb ki, təşkilatın iki ölkə arasında davam edən tənzimləməyə müdaxilə üçün iştirakçı məsuliyyəti yoxdur.
Azərbaycan tərəfi 44 günlük müharibədən sonra ATƏT-in münaqişənin tənzimlənməsindəki rolunun başa çatdığını bəyan etmişdi.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.