İsrail hərbçiləri Qəzza sektorunda girov İlan Vayssın meyitini və başqa bir girovun qalıqlarını aşkarladıqlarını bildirirlər. İkinci girovun kimliyi müəyyənləşdirilməyib.
Vayssın HƏMAS qruplaşmasının 2023-cü il oktyabrın 7-də İsrailə hücumunda öldürüldüyü bildirilir. O zaman onun 55 yaşı vardı. Həyat yoldaşı və qızı girov götürülüb, 2023-cü ilin noyabrında azad ediliblər.
İki girovun ölümü təsdiqləndikdən sonra HƏMAS-ın əlində İsraildə ələ keçirilmiş 48 nəfər qalır. Onlardan təxminən 20 nəfərin sağ olduğu güman edilir, qalanları həlak olublar.
İsrail Qəzzada 'taktiki' fasilələri ləğv edib
İsrail Müdafiə Ordusu (SAXAL) avqustun 29-dan Qəzza şəhərində hərbi əməliyyatlar zamanı gündəlik "taktiki" fasilələri ləğv edib. İsrail hərbçiləri burada ABŞ və Aİ-nin terrorçu təşkilat kimi tanıdığı radikal HƏMAS qruplaşmasına qarşı əməliyyatlar aparır.
SAXAL bildirir ki, Qəzza sektorunun ən böyük eyniadlı şəhəri təhlükəli döyüş zonasına çevrilib. İsrail hərbçiləri qeyd ediblər ki, onlar Qəzza sektorunda terror təşkilatlarına qarşı manevrlər, hücum əməliyyatları aparacaqlar, eyni zamanda, humanitar səyləri də dəstəkləyəcəklər. Bu haqda "Настоящее Время" məlumat yayıb.
İyulun sonunda İsrail Qəzzanın bəzi bölgələrində döyüşlər zamanı gündəlik "taktiki" fasilələr elan etmişdi. Məqsəd BMT və beynəlxalq humanitar təşkilatların işini asanlaşdırmaq idi. Həmin qurumlar Qəzzanın dinc əhalisinə humanitar yardım çatdırmaqda ciddi çətinliklərlə üzləşirlər.
Avqustun ortalarında isə İsrailin Qəzza şəhərinə hücum planını təsdiqlədiyi xəbəri yayılıb.
Qəzzada hazırda yüz minlərlə insan, o cümlədən digər bölgələrdən gəlmiş qaçqınlar İsrail əməliyyatlarının hədəfindədir
BMT-nin, beynəlxalq humanitar təşkilatlar və dünyanın bir çox ölkəsinin təmsilçiləri Qəzza sektorunda əhalinin acınacaqlı vəziyyətdə olduğunu deyirlər. Onlar İsrailin blokadası və apardığı döyüşlər nəticəsində Qəzzada aclığın başladığını, ərzaq istehsalının iflasa uğradığını bildirirlər.
İsrail isə məsuliyyəti HƏMAS-ın üzərinə qoyur, onun İsrailin tələblərini yerinə yetirməkdən, 2023-cü ilin oktyabrında ələ keçirdiyi girovları azad etməkdən imtina etdiyini, sektor üzərində hakimiyyəti əldən vermək istəmədiyini bildirir.
2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insanın öldürüldüyü bildirilir, amma bunun neçəsinin döyüşçü olduğu bəlli deyil. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.