İranda Omid Sarlakın dəfninə yığışanlar "Xameneiyə ölüm!" şüarları səsləndiriblər. O, ali dini lider Əli Xameneinin şəklini yandırdığı videonu sosial şəbəkələrdə paylaşandan sonra ölü tapılıb.
Noyabrın 3-də yüzlərlə insan İranın kiçik Əligudərz şəhərindəki qəbiristanlığa Sarlakın dəfninə yığışıblar. Ailəsi və tərəfdarları polisin onun intihar etməsi barədə iddiasını rədd edir, Sarlakın Xameneinin şəklini yandırdığı videodan sonra ölümünü şübhəli sayırlar.
"Portreti yandır"
Dəfn mərasimindən sonra iranlılar 86 yaşlı ali dini liderin, İslam Respublikasının qurucusu Ruhulla Xomeyninin portretlərini yandıraraq şəkil və videoları sosial mediada paylaşmağa başlayıblar.
Sarlakın Instagram-da paylaşdığı son hekayələrdə Xameneinin yandırılan şəkli üstündə İranın son şahı Məhəmməd Rza Pəhləvinin arxiv səsi eşidilir. Sarlak videonun üstünə yazdığı titrlərdə gəncləri ayağa qalxmağa çağırır. Bu postlar Sarlakı ölümündən sonra etiraz simvoluna çevirib, ölkədə yeni "portreti yandır" video dalğası başlayıb.
"Nə vaxtacan təhqirə, yoxsulluğa, tapdanmağa dözməliyik? Gənclər, özünüzü göstərməyin vaxtıdır. Bu mollalar yalnız İran gənclərinin basıb keçəcəyi bir axındır", – 20 yaşlarında olan Sarlak paylaşımlarından birində yazmışdı.
Qəbrinin üstünə yığılanlar isə ədalət vəd ediblər.
Atanın müsahibəsi
Sarlakın atası oğlunun meyitinin tapıldığı yerdə çəkilən videoda "Onlar qəhrəmanımı öldürdülər" deyir. Bu isə ölümün rəsmi izahına dərin etimadsızlığı göstərir.
Əligudərz polisi Sarlakın avtomobildə özünə atəş açaraq öldüyünü iddia edib. Hadisə üzrə məhkəmə-tibbi araşdırma başlandığı açıqlanıb. Sosial media istifadəçiləri isə bildiriblər ki, hakimiyyət ailəyə intihar versiyasını qəbul etməsi təzyiq göstərib. Ailə bu iddiaları şərh etməyib.
Başqa bir videoda Sarlakın atası oğlunun yeraltı keçiddə əhatəyə alındığını və öldürüldüyünü deyib. Videonu çəkən şəxs əlavə edib ki, qatillər onun yanına silah qoyaraq ölümü intihar kimi göstərməyə çalışıblar. Nə ata, nə də videonu çəkən şəxs dövlətin birbaşa iştirakı haqda açıq ittiham səsləndirib.
İslam respublikasının tənqidçiləri sosial mediada Sarlakın ölümünü "şübhəli" adlandırıblar.
Dəfn mərasimindən öncə dövlət televiziyasına danışan Sarlakın atası ictimaiyyəti internetdəki şayiələrə inanmamağa çağırıb. Ancaq çoxları bu müsahibəni məcburi etiraf sayır, çünki İslam Respublikası fərqli fikrə uzun illərdir dözümsüz yanaşır.