Keçid linkləri

2025, 23 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:29

Dünya xəbərləri

Rusiya-Gürcüstan müharibəsinin 17-ci ili. Bakı Gürcüstanın ərazi bütövlüyünə dəstək bildirir

Gürcüstan rəsmiləri memorialda
Gürcüstan rəsmiləri memorialda

Avqustun 8-də 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında 5 günlük müharibənin 17-ci ili tamam olur.

Azərbaycanın Xarici İşlər Nazirliyi “X” hesabında Gürcüstanda münaqişənin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh yolu ilə həllinə tam dəstəyini bildirib.

XİN qeyd edib ki, Azərbaycan Gürcüstanla sıx tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə avqustun 8-də deyib ki, Gürcüstanın ərazi bütövlüyünün bərpasının yeganə yolu sülhdən keçir, separataçı bölgələrin müstəqilliyini nə birbaşa, nə də dolayısı ilə tanımaq mümkündür. Bununla o, Cənubi Osetiya liderlərinin regionun müstəqilliyinin tanınması və güc tətbiq etməmə haqqında sazişi imzalamaq çağırışlarına cavab verib.

Özünü müstəqil elan etmiş Abxaziya Respublikasının xarici işlər nazirinin müavini Odissey Biqvava Kobaxidzenin bəyanatını "Tbilisinin dialoqa hazır olmadığını göstərən dağıdıcı addım" adlandırıb.

Kobaxidze Rusiya-Gürcüstan müharibəsində həlak olanların xatirə memorialına gül qoyandan sonra danışıb. O, 8 avqustu ozamankı hakimiyyətin “ən ciddi avantürası, xəyanəti” olduğunu deyib.

Gürcüstan və beynəlxalq tərəfdaşları Abxaziya və Cənubi Osetiyanı Rusiya Federasiyası tərəfindən işğal olunmuş ərazilər hesab edirlər. Bu bölgələrin müstəqilliyini yalnız Rusiya, Nikaraqua, Venesuela, Suriya və Nauru tanıyır.

2008-ci ilin avqust müharibəsində 228 gürcü mülki vətəndaşı və 14 polis əməkdaş, 170 hərbi qulluqçu da həlak olub. Ümumilikdə 1747 nəfər yaralanıb. Təxminən 150 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb, onlardan 30 min nəfər isə hələ də məcburi köçkün vəziyyətindədir.

Moskva, Suxumi və Tsxinvali Tbilisidən güc tətbiq etməmə sazişini imzalamağı və "yeni reallıqları" tanımağı tələb edirlər.

Bütün xəbərləri izləyin

Ukrayna və Rusiya bir-birinə dron hücumları edib

Zaporojye zərbədən sonra
Zaporojye zərbədən sonra

Sentyabrın 22-sində səhər Rusiya ordusu Zaporojyedə mülki infrastrukturu və sənaye obyektlərini vurub, 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Məlumatı vilayət administrasiyasının rəhbəri İvan Fyodorov yayıb.

Hava zərbələri nəticəsində 15 çoxmərtəbəli və 10 fərdi yaşayış evinə, qeyri-yaşayış obyektlərinə ziyan dəydiyi açıqlanıb. Bir fərdi ev tamamilə dağılıb.

Ötən gecə Dnepropetrovsk vilayətinin Nikopol və Sinelnikovo rayonları da Rusiya dronlarının hücumuna məruz qalıb. Yaralanan yoxdur.

Kiyev vilayətinə dron hücumları çoxmərtəbəli yaşayış binasında və bir neçə fərdi evdə yanğına səbəb olub. Bir nəfər qəlpə yarası alıb.

Sumı şəhərində sənaye obyektlərinə, bir təhsil ocağına ziyan dəyib, yaralanan var.

Ukrayna sentyabrın 22-nə keçən gecə Rusiyanın Ukraynaya 141 dron göndərdiyini, onlardan 132-sinin vurulduğunu bildirir.

Krımda “Foros” sanatoriyası vurulub

Ötən gecə Rusiyanın ilhaq etdiyi Krıma Ukraynanın dron hücumları nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb. Məlumatı yarımadaya Rusiya təyin etdiyi hakimiyyət orqanları verib.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, “partlayıcı döyüş başlıqları” ilə təchiz edilmiş dronlar Krımın kurort zonasında mülki obyektlərə hücum edib.

Krıma təyin olunmuş başçı Sergey Aksyonov deyib ki, “Foros” sanatoriyasının ərazisində bir neçə obyektə və bir məktəb binasına ziyan dəyib. Şagirdlər distant təhsilə keçirilib.

Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, sentyabrın 22-nə keçən gecə Krım və Rusiyanın vilayətləri üzərində ümumilikdə 114 Ukrayna dronu vurulub.

Ukrayna Krıma zərbələrlə bağlı şərh verməyib. Daha öncə Ukrayna hərbi kəşfiyyatı ilhaq olunmuş Krımda 3 Rusiya Mi-8 helikopterinin və “Nebo-U” radiolokasiya stansiyasının məhv edildiyini bildirmişdi.

Rusiya isə bu məlumatı təsdiqləməyib.

Tramp Əfqanıstandakı Baqram bazasını ABŞ-nin nəzarətinə qaytarmaq istəyir

D.Tramp 2019-cu ildə Şükran günü münasibətilə Baqram aerodromuna gözlənilməz səfəri zamanı hərbçilərə müraciət edir.
D.Tramp 2019-cu ildə Şükran günü münasibətilə Baqram aerodromuna gözlənilməz səfəri zamanı hərbçilərə müraciət edir.

Kabil Vaşinqtonun tələbi ilə Baqram aviabazasını Vaşinqtonun nəzarətinə qaytarmasa, Əfqanıstanı "pis nəticələr" gözləyir. Belə bir xəbərdarlıqla ABŞ prezidenti Donald Tramp çıxış edib. O, “Truth Social” platformasında yazıb ki, bu bazanı 2001-ci il 11 sentyabr terrorundan sonra amerikalılar inşa ediblər və o, ABŞ-yə qaytarılmalıdır.

Tramp əlavə edib ki, son günlər Vaşinqton bu məsələni Əfqanıstan ilə müzakirə edib. O, bazanın geri alınması üçün hərbi güc tətbiqini istisna etməyib. “Biz bu barədə danışmayacağıq. Əfqanıstan bunu etməsə, atacağım addımı görəcəksiniz”, – o deyib.

Baqram aviabazası ABŞ ordusunun Əfqanıstanda apardığı 20 illik müharibədə əsas dayaq nöqtəsi olub. Bazada fast-fud restoranları, mağazalar və həbsxana kompleksi də yerləşib. 2021-ci ildə ABŞ ordusu Əfqanıstandan çıxandan sonra Baqram da daxil olmaqla digər bazalar, “Taliban” ekstremistlərinin nəzarətinə keçib.

Taliban hakimiyyəti ABŞ-nin bölgəyə qayıtması ehtimalına açıq etiraz bildirib.

Ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ-nin Baqramı yenidən tutması faktiki yeni bir hərbi müdaxilə demək olar. Bundan ötrü 10 mindən çox hərbçi və müasir hava hücumundan müdafiə sistemləri tələb olunacaq.

Ekspertlərə görə, bazanın yenidən işə düşməsindən ötrü böyük resurslar, ciddi müdafiə qüvvələri gərəkəcək. Hətta “Taliban” razılaşsa belə, ABŞ qüvvələri Əfqanıstanda mövcud olan “İslam Dövləti” və “Əl-Qaidə” kimi terrorçu qrupların hücumları ilə üzləşə bilər.

Baqram xarici hücumlar qarşısında da zəif duruma düşə bilər. Ekspertlər xüsusilə İranın raket imkanlarını vurğulayırlar. İyunda ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq Tehran Qətərdə böyük bir Amerika aviabazasını raketlərlə vurub.

19 sentyabr

Birləşmiş Ştatlar Əfqanıstanda "Taliban" hakimiyyəti altında olan Baqram hərbi bazasını geri qaytarmağa çalışır. Bunu ABŞ prezidenti Donald Tramp deyib və bunu həm ekstremist qruplaşmanın ABŞ-nin yardımına ehtiyacı, həm də bazanın Çinin nüvə silahlarına yaxınlığı ilə izah edib.

"Onu geri almağa çalışırıq, bu, bir qədər sensasiyalı xəbər ola bilər", – Tramp sentyabrın 18-də Londonda Böyük Britaniyanın baş naziri Kir Starmer ilə birgə mətbuat konfransında söyləyib.

Trampın dediyinə görə, "Taliban" rəhbərliyinin onlardan istədikləri şeylər var. Amma bazanı qaytarmaq istəyinin əsas səbəblərindən biri odur ki, "Çin nüvə silahlarını oradan bir saatlıq məsafədə istehsal edir. Yəni, bir çox şeylər baş verir".

Tramp mayda Kabilin 40 kilometrliyində yerləşən bu geniş aviabazanın itirilməsinə görə təəssüfünü bildirmişdi. O, bazanı Çinin ələ keçirdiyini iddia etmişdi.

Tramp, digər rəsmilər bazanı "geri almaq" ifadəsinin arxasında nə durduğunu deməyiblər.

"Taliban" Trampın bu fikirlərini, hələlik, şərh etməyib.

"Taliban" hakimiyyəti ölkədə bir sıra problemlər, təbii fəlakətlər, yoxsulluqla üzləşib. Onlar beynəlxalq ictimaiyyətlə əlaqələri yaxşılaşdırmağa çalışırlar. Amma Rusiyadan başqa "Taliban"la diplomatik münasibətlər quran ölkə yoxdur.

Baqram bazası vaxtilə Əfqanıstanda ən böyük ABŞ hərbi bazası idi. 2021-ci ilin iyulunda ABŞ qoşunları bu ölkədən xaotik şəkildə çıxdı, "Taliban" hakimiyyəti ələ keçirdi. Bundan sonra Baqram da "Taliban"a təhvil verildi.

Bu bazanı 1950-ci illərdə Sovet İttifaqı tikib.

Vaxtilə bu bazada 100 mindən çox ABŞ hərbçisi xidmət edib.

ABŞ-də TikTok-un investorları onlar ola bilər – Tramp açıqladı

İllüstrativ foto
İllüstrativ foto

ABŞ prezidenti Donald Tramp TikTok-un Amerika seqmenti üzrə sövdələşməyə qatılan bəzi investorların adlarını açıqlayıb. Oracle şirkətinin həmtəsisçisi Larri Ellison, Dell şirkətinin rəhbəri Maykl Dell, 21st Century Fox media holdinqinin təsisçisi Rupert Merdokun oğlu Laklan Merdok da onların sırasındadır.

Tramp bildirib ki, sövdələşmədə “nəhəng” məbləğdən söz gedir.

“Reuters” yazır ki, ABŞ ilə TikTok-un sahibi ByteDance Çin şirkəti arasında razılaşma platformanın Amerika aktivlərinin ABŞ-də investorların nəzarətinə verilməsini, məlumatların, milli təhlükəsizliyin qorunması ilə bağlı tədbirləri əhatələyir.

ABŞ-dakı istifadəçilərin bütün məlumatları Oracle şirkətinin ABŞ-dəki bulud infrastrukturunda saxlanılacaq. TikTok-un tövsiyə alqoritmi qorunacaq, yenidən təhlil olunaraq ABŞ-da, ByteDance-in nəzarətindən kənar fəaliyyət göstərəcək.

TikTok-un ABŞ-dakı aktivləri amerikalı investorlara veriləcək. İdarə heyətində yeddi nəfər təmsil olunacaq. ByteDance-nin bircə təmsilçisi şirkətdə 20 faizdən az paya sahib olacaq. Bu tədbirlər ABŞ hökumətinə məlumatlara nəzarət, milli təhlükəsizlik, kiber təhlükəsizlik üzrə gərəkən icazələrə çıxış imkanı yaratmaq üçün nəzərdə tutulub.

Keçən ilin yazında ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qanuna görə, TikTok ByteDance-dən ayrılmazsa, ölkədə bloklana bilər. Donald Tramp bu biznesin satış qoyuduğu möhləti bir neçə dəfə uzadıb. Nəhayət sentyabrın 16-da Çin tərəfi ilə TikTok-la bağlı razılığa gəlindiyini bildirib.

Rusiya yenə də Estoniyanın hava məkanını pozub

MİQ-31
MİQ-31

Sentyabrın 19-da Estoniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın bu ölkədəki müvəqqəti işlər vəkilini çağıraraq hava məkanının pozulması ilə bağlı etiraz bildirib, nota təqdim edib.

XİN bildirir ki, hava məkanının pozulması Finlandiya körfəzi üzərində baş verib. Rusiyaya məxsus üç MİQ-31 qırıcısı Estoniya hava məkanına icazəsiz daxil olub, orada 12 dəqiqə qalıb.

"Rusiya bu il artıq dördüncü dəfədir ki, Estoniyanın hava məkanını pozur və bu, qəbuledilməzdir. Bu gün baş verən insident, üç döyüş təyyarəsinin hava məkanımıza daxil olması görünməmiş dərəcədə həyasız addımdır", – Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib.

Estoniya NATO-nun və Avropa İttifaqının üzvüdür. NATO bəyan edib ki, qırıcı təyyarələri Rusiya təyyarələrini havada müşayiət edib.

Son vaxtlar Rusiya dronları NATO və Aİ üzvləri - Polşa və Rumıniya ərazisinə də girib.

Avropa Komissiyası Rusiyaya 19-cu sanksiya paketini razılaşdırıb

Ursula fon der Lyayen
Ursula fon der Lyayen

Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiya paketini təqdim edib.

Qurumun rəsmi təmsilçisi Paula Pinyo deyib ki, yeni məhdudiyyətlər kriptovalyuta, bank sektoru və energetikanı əhatə edəcək.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin dediyinə görə, yeni sanksiya siyahısına "kölgə donanması"ndan 118 gəmi də salınıb. Bununla da Aİ-nin sanksiyalarına məruz qalan Rusiya gəmilərinin sayı 560-ı keçib.

Yeni sanksiya paketinin əsas maddələrindən biri Rusiyadan Avropaya mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qadağa qoyulmasıdır. Rusiyanın "Rosneft" və "Qazpromneft" enerji şirkətləri də sanksiyalara məruz qalacaq. Qadağalar neft emalı müəssisələrini, üçüncü ölkələrdə, o cümlədən Çində yerləşən əlaqəli strukturları da əhatələyəcək.

Sanksiyalar təsirini göstərir

Avropa Komissiyası Rusiyanın bir sıra banklarına, həmçinin sanksiyalardan yayınmağa çalışan üçüncü ölkələrin maliyyə qurumlarına da tranzaksiya qadağası açıqlayır.

Fon der Lyayen məhdudiyyətlərin Rusiya iqtisadiyyatına ciddi zərbə vurduğunu deyib: "Əsas faiz dərəcəsi 17 faizdir, inflyasiya yüksəkdir, ölkənin maliyyə resurslarına və gəlirlərə çıxışı davamlı azalır".

Aİ artıq Rusiya mənşəli xam neftin dəniz yolu ilə idxalını yasaqlayıb. Rusiya neftinin barelinə 47.6 dollar qiymət həddi qoyulub. 2025-ci ilin yayınadək bu hədd 60 dollar idi. Daha öncəki plana əsasən, Aİ 2028-ci il yanvarın 1-dək Rusiya neft və qazından imtinaya hazırlaşırdı.

Estoniya hökuməti sentyabrın 18-də bildirib ki, 2026-cı il yanvarın 1-dən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxal və alışına qadağa qoyacaq. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib ki, Rusiya imperialist ambisiyalarından əl çəkməyib, Ukraynaya genişmiqyaslı hücumu davam etdirir və qlobal təhlükəsizliyi sarsıdır: "Rusiyanın təcavüzə görə ödəyəcəyi bədəlini qaldıracağıq, onun hərbi maşınını qidalandıran gəlirləri azaltmağın yollarını axtaracağıq".

Putin PA başçısının müavini Kozakı vəzifədən azad edib

Dmitri Kozak
Dmitri Kozak

Rusiya prezidenti Vladimir Putin Prezident Administrasiyası başçısının müavini Dmitri Kozakı vəzifəsindən azad edib. Bununla bağlı fərman hüquqi aktlar portalında dərc olunub.

"İnterfaks" agentliyi mənbələrə istinadla Kozakın gələcək karyerası barədə fərqli yozumları təqdim edib: onun Şimal-Qərb Federal Dairəsində prezidentin nümayəndəsi təyin oluna biləcəyi, yaxud bizneslə məşğul olacağı bildirilir. RBK da ikinci versiya haqda yazıb.

Ukrayna əsilli Kozak 1990-cı illərdən Putinlə işləyib. Son 25 ildə Putinin hakimiyyəti dövründə isə Prezident Administrasiyası və hökumətdə yüksək vəzifələr tutub. O, Minsk razılaşmalarının Ukrayna ilə müzakirəsində Rusiyanın danışıqlar qrupuna rəhbərlik edib.

Versiyalar

2022-ci il fevralın 21-də Kozak Ukrayna ilə danışıqları davam etdirməyi təklif edirdi. O, Ukraynaya qarşı tammiqyaslı müdaxilədən bir gün öncə Təhlükəsizlik Şurasının iclasının açıq hissəsində danışmışdı. Avqustda isə "The New York Times" mənbələrə istinadla yazırdı ki, Kozak müharibədən öncə Putini mümkün nəticələr, Ukrayna ordusu və cəmiyyətinin ciddi müqaviməti ilə bağlı xəbərdar edib. Müharibə başlayandan sonra da onun atəşkəsə nail olmağa çalışdığı, amma təkliflərini Putinin rədd etdiyi bildirilir. "The New York Times" yazır ki, Kozak bu ilin avqustunda sülhlə ilə bağlı daha bir plan təqdim edib.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu Kozakın istefasıyla bağlı yazır ki, onun Ukraynadakı müharibə ilə bağlı baxışları Putinin ətrafında olanlarla uyğun gəlməyib.

Fərqli versiyalar da var. Kozakın aparatdaxili mübarizədə birinci müavin Sergey Kiriyenkoya uduzduğu deyilir. Daha bir ehtimala görə, Putin ondan mühüm məsələlərin həlli üçün qeyri-rəsmi elçi kimi yararlanmağı planlaşdırır.

Bir müddət öncə "The Insider" araşdırma nəşri D.Kozakın PA-da keçmiş SSRİ ölkələrini kurasiya etdiyini yazmışdı. Putin avqustun sonunda "Prezident Administrasiyasının işini optimallaşdırmaq" məqsədilə xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə prezident idarəsini ləğv edib. Nəşr qeyd edirdi ki, sözügedən idarə 2005-ci ildə, Ukraynada "narıncı inqilab"dan bir il sonra yaradılıb. Amma Kreml keçmiş SSRİ ölkələrində "yumşaq güc"ü irəlilətməyə nail olmayıb, ayrılan pullar mənasız tədbirlərə xərclənib, rəhbərlik isə daim dəyişib.

Rusiya Ukraynanın dəmir yollarını, Ukrayna 'Qazprom'un zavodunu vurub

Salavatda yanğın
Salavatda yanğın

Rusiya Ukraynanın dəmiryol infrastrukturunu vurub, Ukrayna isə Rusiyada dron zərbələri ilə cavab verib.

"Ukrzaliznitsia" dövlət dəmiryol operatoruna gecə zərbələri bölgədəki stansiyalara gedən elektrik enerjisinin müvəqqəti dayanmasına, sərnişin qatarlarının gecikməsinə səbəb olub.

Ukraynanın ərazi inkişafı naziri Oleksiy Kuleba deyib ki, Rusiya Ukraynanın logistika və mülki infrastrukturunu məqsədli hədəfə alır, əhaliyə və iqtisadiyyata təzyiqi artırır.

Poltavaya dron hücumu bir yanacaqdoldurma məntəqəsinə ziyan vurub, yanğın baş verib, dörd nəfər yaralanıb.

Kiyev və Çerniqov vilayətlərinə də hücumlar qeydə alınıb.

'Qazprom'un Başqırdıstandakı zavoduna dron hücumu olub

Ukrayna hərbçiləri sentyabrın 18-nə keçən gecə və səhər Rusiyanın dərinliklərində yerləşən neft emalı sənayesi müəssisələrinə zərbələr endiriblər.

Başqırdıstandakı neft-kimya kompleksinə dron hücumu olub. Ukraynanın "Exilenova+" Telegram kanalı Salavat şəhərindəki "Qazprom neftxim Salavat" müəssisəsinə dron hücumu gerçərləşdirildiyini bildirib. Kanal Salavatdan çəkildiyi bildirilən, tüstü görünən foto və videoları dərc edib.

Kanal qeyd edir ki, şəhər döyüş xəttindən 1400 kilometr aralıdır və "ELOU-AVT-4" ilkin neft emalı qurğusuna ziyan dəyib.

Başqırdıstan rəhbəri Radiy Xabirov "Qazprom neftxim Salavat"ın dron hücumuna məruz qaldığını təsdiqləyib. O, ölən, yaralanan olmadığını bildirib.

Ukrayna mediası da təhlükəsizlik xidmətindəki mənbələrə istinadla zərbəni SBU-nun dronlarının həyata keçirdiyini yazıb, neft emalı obyektinin vurulduğunu bildirib.

Ukrayna Xüsusi Əməliyyat Qüvvələri sentyabrın 18-nə keçən gecə Volqoqrad neft emalı zavoduna ("Lukoyl-Volqoqradneftemaş") da zərbə endirib. Bu zavod ildə 15.7 milyon ton neft emal edir, bu isə Rusiyada ümumi neft emalının 5.6 faizi deməkdir.

İlkin məlumatlara görə, zavodun fəaliyyəti dayandırılıb. Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov hava hücumundan müdafiə qüvvələrinin gecə kütləvi dron hücumunu dəf etdiyini bildirib.

PURL proqramı ilə Ukraynaya 'Patriot' və HIMARS da göndəriləcək

Volodimir Zelenski
Volodimir Zelenski

Ukraynaya yeni hərbi yardım mexanizmi çərçivəsində "Patriot" və HIMARS sistemləri də göndəriləcək. Bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Parlamentinin sədri Roberta Metsola ilə mətbuat konfransında bildirib.

Sözügedən mexanizm ABŞ və Avropadakı müttəfiqləri arasında razılaşdırılıb, "Priority Ukraine Requirements List" (PURL – Ukraynanın prioritet ehtiyaclarının siyahısı) adlanır. Bu mexanizm çərçivəsində Ukrayna ABŞ-dən silah alacaq, maliyyələşməni isə NATO ölkələri gerçəkləşdirəcək. "Reuters" xəbər verir ki, ABŞ müdafiə nazirinin siyasət üzrə müavini Elbrik Kolbi artıq bu mexanizm çərçivəsində Ukraynaya iki yardım paketini təsdiqləyib.

"PURL proqramı çərçivəsində tərəfdaşlarımızdan 2 milyarddan çox maliyyə vəsaiti almışıq. Oktyabrda əlavə vəsait də alacağıq. Ümumi məbləğ təxminən 3-3.5 milyard olacaq. İlk iki yardım paketinin məbləği 500 milyon dollarlıqdır... Bu paketlərdə "Patriot" və HIMARS sistemləri üçün raketlər də olacaq", – deyən Zelenski bütün detalları açıqlamayacağını əlavə edib.

"Patriot" hava hücumundan müdafiə sistemi, HIMARS isə reaktiv yaylım atəşi sistemidir.

Yeni silah təchizatı mexanizmi ilə bağlı razılaşma iyulun ortalarında açıqlanıb. Media yazır ki, Ukrayna hər dəfə 500 milyon dollarlıq paketlər çərçivəsində Silahlı Qüvvələr üçün prioritet silah növlərini müəyyən edəcək, NATO-ya üzv ölkələr isə bu xərcləri öz aralarında bölüşdürəcəklər.

İranda İsrailə casusluqda suçlanan şəxs edam edilib

Babək Şahbazı
Babək Şahbazı

İran sentyabrın 17-də İsrail üçün casusluq etdiyi iddia olunan bir məhbusun edam olunduğunu açıqlayıb. Fəallar isə bu iddianı təkzib edərək deyirlər ki, həmin şəxs saxta etiraf verməsi üçün işgəncələrə məruz qalıb.

Ədliyyəyə bağlı "Mizan" xəbər agentliyi edam edilən şəxsin Babək Şahbazı olduğunu yazıb. Onun İranın data mərkəzləri və təhlükəsizlik obyektlərinə dair həssas məlumatları toplayıb İsrail agentlərinə satdığı iddia edilir.

Fəallar isə Şahbazının Ukrayna prezidenti Volodimir Zelenskiyə məktub yazdığına görə saxlanıldığını bildirirlər. Məktubda o, Zelenskiyə Kiyev üçün döyüşmək istədiyini yazıb.

Moskva İranın verdiyi dronlardan Ukraynaya hücumlarda istifadə edir.

Osloda yerləşən "İran İnsan Haqları" qrupu Şahbazının edam edilə biləcəyi haqda xəbərdarlıq yaymışdı.

Fəallar İranda edam növbəsini gözləyən məhbusların olduğunu deyirlər.

Tehran İsraillə iyunda 12 günlük müharibədən sonra bu ölkəyə casusluq ittihamıyla səkkiz nəfəri edam edib.

İsrailin İrana hava zərbələri 1100-ə yaxın insanın, bir sıra hərbi komandirin həyatına son qoyub. İran da cavabında İsrailə hədəfli raket zərbələri endirib.

BMT İranda ötən il azı 975 nəfərin edam olunduğunu bildirir. "İran İnsan Haqları" isə bu il artıq 940-dan çox edamın gerçəkləşdiyini qeyd edir.

Lukaşenko daha 25 məhbusu azad etdi

ABŞ-Belarus danışıqları nəticəsində sentyabrın 11-də azad edilən 50-dən çox siyasi məhbus ABŞ-nin Vilnüsdəki səfirliyinə gəlib.
ABŞ-Belarus danışıqları nəticəsində sentyabrın 11-də azad edilən 50-dən çox siyasi məhbus ABŞ-nin Vilnüsdəki səfirliyinə gəlib.

Aleksandr Lukaşenko Milli Birlik Günü ərəfəsində 25 nəfərin əfv edilməsi haqqında sərəncam imzalayıb.

12 qadın və 13 kişi azadlığa çıxıb. Onların arasında "ekstremist" maddələrlə məhkum olunanlar da var. Bir qayda olaraq, Belarus Respublikasında belə maddələrlə siyasi fəalları təqib edirlər.

Bu, son günlər ikinci böyük əfv hadisəsidir. Sentyabrın 11-də Belarusda 52 siyasi məhbus azadlığa buraxılıb. Onların arasında AzadlıqRadiosunun jurnalisti İqar Losik, həmçinin prezidentliyə keçmiş namizəd Mikalay Statkeviç də var. Lakin o, Litvaya getməkdən imtina edib və Belarusa qayıdıb.

AzadlıqRadiosunun jurnalisti İqar Losik 5 illik həbsdən sonra azadlığa buraxılıb
Gözlə
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 1080p
  • 720p

No media source currently available

0:00 1:07 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 1080p
  • 720p

ABŞ və Çin 'TikTok' barədə ilkin razılığa gəliblər

TikTok
TikTok

Birləşmiş Ştatlar və Çin "TikTok" sosial şəbəkəsinin ABŞ-də fəaliyyətini davam etdirməsinə imkan verəcək çərçivə razılaşması əldə ediblər. Madriddə qarşılıqlı ticarət danışıqlarından sonra ABŞ-nin maliyyə naziri Skott Bessent bu haqda açıqlama verib. Prezident Donald Tramp da danışıqların uğurlu keçdiyini, dolayısı ilə "TikTok" məsələsinin həll olunduğunu yazıb.

S.Bessent "Reuters" və "Bloomberg"ə müsahibəsində deyib ki, hazırlıq mərhələsində olan razılaşmanın şərtləri ABŞ-nin milli təhlükəsizlik maraqlarını təmin etməlidir, amma sosial şəbəkə öz "çinli" xüsusiyyətlərini də saxlayacaq. O, detallı danışmasa da, vurğulayıb ki, daha çox gənclər arasında populyar olan bu qısa video platformasının ABŞ-də yasaqlanma təhlükəsi Çin tərəfini danışıqlarda güzəştə meylləndirib.

Tramp isə "Truth Social" platformasında yazıb ki, "ölkəmizin gənclərinin xilas etmək istədiyi" şirkətin satışı ilə bağlı Çinlə razılıq əldə olunub. Söhbətin Çinin "ByteDance" şirkətinə məxsus "TikTok"un Amerika bölməsindən getdiyi aydın olub.

Hələ əvvəlki administrasiya dönəmində ABŞ Konqresi hər iki partiyanın dəstəyi ilə qanun qəbul edərək "ByteDance" üzərinə "TikTok"un ABŞ bölməsini satmaq öhdəliyi qoymuşdu, əks halda "TikTok" ABŞ-də tam bloklana bilərdi. Qərar milli təhlükəsizlik məsələləri ilə izah olunurdu. Tramp "TikTok"un satışı üçün qoyulan müddəti uzatmaq, Çinlə danışıqlar aparmaqla bağlı göstəriş vermişdi.

Sentyabrın 19-da Trampın Çin lideri Si Cinpinlə telefonla danışacağı gözlənilir. Həmin gün bu və digər razılaşmaların detalları açıqlanacaq. Bessent vurğulayıb ki, razılaşma əldə olunmasaydı, Tramp və Si Cinpin arasında telefon danışığı baş tutmazdı.

Dron Varşavada hökumət binalarının üzərindən uçub

Dronun vurulması. Foto arxiv
Dronun vurulması. Foto arxiv

Bazar ertəsi axşam Polşa Dövlət Mühafizə Xidməti Varşavada hökumət binaları və Belveder prezident sarayı üzərində uçan pilotsuz aparatı zərərsizləşdirib. Baş nazir Donald Tusk hadisə ilə bağlı iki Belarus vətəndaşının saxlanıldığını və hadisənin başvermə şəraitinin araşdırıldığını bildirib.

Tusk dronun növü və necə zərərsizləşdirildiyi barədə ətraflı məlumat verməyib.

Polşada təhlükəsizlik tədbirləri ötən həftə onun hava məkanının dronlarla kütləvi şəkildə pozulması, eləcə də Belarusda keçirilən "Qərb-2025" təlimləri ilə əlaqədar gücləndirilib. Varşava və onun müttəfiqləri dronların Rusiyaya məxsus olduğunu iddia edirlər.

NATO ölkələri bugünlərdə "Şərq gözətçisi" əməliyyatının başladığını elan ediblər, Danimarka, Fransa, Almaniya və Böyük Britaniyadan olan qırıcılar Polşanın hava məkanının qorunmasına qoşulublar.

Polşa Belarusla sərhədini tamamilə bağlayıb.

Rusiya hakimiyyəti Polşanın hava məkanını pozan dronların Rusiyaya məxsus olduğunu inkar edir. Eyni zamanda, Moskva NATO-nu aqressiv niyyətlərdə ittiham edir.

  • Belarus Müdafiə Nazirliyinin bildirdiyinə görə, Minskin dəvəti ilə amerikalı hərbçilər "Zapad-2025" təlimlərini izləyiblər. "Reuters" yazır ki, hərbi attaşelərin təlimlərə dəvət edilməsi adi təcrübə olsa da, amerikalı zabitlərin iştirakı ABŞ prezidentinin nümayəndəsinin Belarus paytaxtına son səfərindən və ardınca 50-dən çox siyasi məhbusun azadlığa buraxılmasından sonra Vaşinqtonla Minsk arasında münasibətlərin istiləşməsinin növbəti əlaməti ola bilər. Belarus Müdafiə Nazirliyi də Polşaya dron hücumunda yaxasını kənara çəkir.

Qazaxıstanda yuxarı sinif şagirdlərinin döydüyü yeniyetmə vəfat edib

Qazaxıstanda ilk dəfə deyil məktəbdə zorakılıq ölümlə nəticələnir.
Qazaxıstanda ilk dəfə deyil məktəbdə zorakılıq ölümlə nəticələnir.

Qazaxıstanın Cambul vilayətinin Kokkaynar kəndində məktəbdə zorakılıq ölümlə nəticələnib: yuxarı sinif şagirdləri 15 yaşlı yeniyetməni döyüblər, o, vəfat edib.

Polis 16 və 17 yaşlarında iki şübhəlini saxlayır. Onlar sağlamlığa qəsdən ağır zərər vurmaqda ittiham olunurlar.

Yerli cmn.kz nəşri yazır ki, kənddə futbol matçından sonra orta məktəbin 10 və 11-ci sinif şagirdləri arasında dava düşüb. Şahidlərin dediyinə görə, məğlubiyyət buraxılış sinfini özündən çıxarıb. Oyundan sonra 11-ci sinfin azı üç şagirdi rəqib komandanı "cəzalandırmaq" qərarına gəlib. Onlardan biri 15 yaşlı oğlanı sinəsindən vurub. Yeniyetmə huşunu itirib.

Yaxınlıqdakı mağazanın satıcısı davanın şahidi olub, zərərçəkənin anasına xəbər verib. Yeniyetmə evə aparılıb, amma vəziyyəti pisləşib. O, təcili yardım gələnəcən vəfat edib.

Polis sağlamlığa qəsdən ağır zərər vurma maddəsi üzrə ilkin istintaq başladıb.

Qazaxıstanda ilk dəfə deyil məktəbdə zorakılıq ölümlə nəticələnir. 2024-cü ilin sentyabrında ölkənin qərbindəki Aktobe vilayətinin Kopa kəndində 14 yaşlı, 9-cu sinif şagirdi Nurjan Sıdıkovu dərs ilinin ilk günü məktəbdə digər şagirdlər döyüb öldürmüşdü. Onun meyitini kəndin kənarında yoldan keçən tapmışdı.

Bu insidentdən sonra kənd məktəbinin direktoru vəzifəsindən azad edilmiş, şübhəlilər müəyyən olunmuşdu. Təhsil İdarəsi bildirmişdi ki, münaqişədə iştirak edənlərin hamısı imkanlı ailələrdən olublar, heç kimi bu uşaqlardan bu cür qəddarlıq gözləmirmiş.

'Pussy Riot' üzvləri qiyabi olaraq 13 ilədək həbsə məhkum edildilər

"Pussy Riot"
"Pussy Riot"

Moskvanın Basman məhkəməsi "Pussy Riot" qrupunun beş üzvünü Rusiya ordusu haqqında "saxta" məlumatların yayılmasında təqsirli bilərək qiyabi olaraq 8 ildən 13 ilədək həbsə məhkum edib. Xəbəri "Mediazona" yayıb.

Mariya Alyoxina 13 il, Taso Pletner 11 il, Olqa Borisova, Diana Burkot Alina Petrova isə hərəsi 8 il azadlıqdan məhrum ediliblər. Onlar vəkilləri vasitəsilə ittihamı qəbul etmədiklərini bildiriblər.

Cinayət işi 2022-ci ildə yayımlanan "Ana, televizora baxma" antimüharibə klipinə, həmçinin 2024-cü ilin aprelində Münxendəki "Müasir incəsənət pinakotekası" muzeyində keçirilən aksiyaya görə açılıb. Aksiya zamanı "Pussy Riot" üzvləri Rusiyanın Ukraynadakı təcavüzkar müharibəni tənqid edib, prezident Vladimir Putini "hərbi cani" adlandırıblar.

Aksiya zamanı iştirakçılardan biri prezidentin portreti üzərinə sidik ifraz edib.

İttiham tərəfi bildirir ki, klipdə Rusiya ordusunun hərəkətləri, Ukraynada dinc sakinlərin qətlə yetirilməsi ilə bağlı yalan məlumatlar yer alıb.

Fevralda Basman məhkəməsi "Pussy Riot" üzvləri barəsində qiyabi həbs qərarı çıxarıb və onlar axtarışa verilib. Mayda isə onların qohumlarının evlərində axtarış aparılıb.

Paşinyan: KTMT Azərbaycanı da Ermənistan kimi 'qardaş ölkə' sayır

Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına 'yox' dedi
Gözlə
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 3:24 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

KTMT Azərbaycanın qurum üçün Ermənistan qədər "qardaş ölkə" olduğunu bildirib və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bunu sentyabrın 15-də təhlükəsizlik konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

N.Paşinyan vurğulayıb ki, KTMT Azərbaycanın ərazi bütövlüyündən danışarkən Qarabağın da buraya aid olduğunu nəzərdə tutub və bunu 44 günlük müharibədən sonra Rusiya prezidenti də təsdiqləyib

Ermənistan KTMT-də üzvlüyünü dondurub, amma hələ də onun üzvü olaraq qalır.

"Bu təhlükəsizlik konsepsiyası, yəni hərbi-siyasi ittifaq Qarabağda baş verənlər kontekstində işləmədi", – Paşinyan bildirib. O qeyd edib ki, əvvəllər hərbi-siyasi ittifaqları ölkənin zəifliyini azaltmağın əsas vasitələri sayıblar, amma tarix bu formulun işləmədiyini göstərib.

Yerevanla Rusiyanın başçılıq etdiyi KTMT-nin münasibətlərində son illər gərginlik artıb. Ermənistan Qarabağ və ətrafındakı Rusiya sülhməramlılarını Azərbaycanın əməliyyatının qarşısını almamaqda ittiham edib. Ermənistan Azərbaycanın 2022-ci ildə onun ərazisinə girdiyini deyib, alyansı bunu qınamağa çağırıb. Bakı o zaman mövqelərini dəqiqləşdirdiyini açıqlamışdı.

N.Paşinyan bugünkü çıxışında onu da deyib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Ermənistanın ərazi bütövlüyünü də tanımış olur, çünki başqa yol yoxdur.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Yerevan 2023-cü ildə keçirilən birgünlük əməliyyatı "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Bakı isə onu "antiterror tədbiri" kimi təqdim edib. Həmin ilin sentyabrın 20-də Qarabağ separatçıları Bakının tərkisilah haqqında şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Rəsmi Bakı bildirib ki, Qarabağda erməni əhalisinə reinteqrasiya planı təqdim edib və onlar könüllü Azərbaycanı tərk ediblər. Rəsmi Bakının vurğulamasına görə, Xankəndində az sayda erməni əsilli şəxslər könüllü şəkildə qalıb yaşamaqdadır.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılıb. Nəhayət, bu il sentyabrın 8-də ABŞ-nin vasitəçiliyi ilə sülh sazişi sənədi paraflanıb.

Davamı

XS
SM
MD
LG