Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:11

'Maşının açarını istəyəndə bildim ki, nəsə atacaqlar'


Faiq Əmirli məhkəməyə gətirilən zaman
Faiq Əmirli məhkəməyə gətirilən zaman

"Mənim iki körpə uşağım var, ölürlər acından. On aydır məni heç bir günahım olmadan həbsdə saxlayırlar. Bu qədər də yalan olmaz da...", – bunu deyən "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlidir. O, iyunun 1-də öz məhkəməsində ifadə verib.

Faiq Əmirlinin işinə Səbail Rayon Məhkəməsində hakim Aytən Əliyeva baxır.

Məhkəmədə Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev hüquqlarını müdafiə etdiyi şəxsin şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsi barədə vəsatət qaldırıb: "Bu, təkcə müdafiə məsələsi deyil, həm də Faiq Əmirlinin səhhətindəki problemlərə görə bu vəsatətin təmin olunması vacibdir".

Buna da bax:​ 'Faiq Əmirlinin hansı məscidə getdiyini görən olmayıb'

“BU YAZDIQLARINI GƏTİRİB ORTAYA QOYSUNLAR”

Məhkəmə vəsatəti təmin edib. Amma Penitensiar Xidmətin əməkdaşları bir müddət məhkəmənin qərarına müqavimət göstərərək, F. Əmirlini şüşə kabinədən çıxarmaq istəməyiblər. Bunu dustaqların saxlanmasına dair qaydalarla izah ediblər. Son nəticədə qərar icra olunub.

Faiq Əmirlinin vəkili Aqil Layıcov və həyat yoldaşı Lalə Əmirli
Faiq Əmirlinin vəkili Aqil Layıcov və həyat yoldaşı Lalə Əmirli

F. Əmirlinin digər vəkili Aqil Layıcov işdə sübut kimi sadalanan əşyaların məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıb. Vəkil deyir ki, əvvəl Faiqin avtomobilinə Fethullah Gülen-in kitablarını atıblar, sonradan sübutlar siyahısından çıxarıblar: "İttiham aktında Fethullah Gülen-in kitablarından bəhs olunur. Amma iş materialları ilə tanışlıqda bizə təqdim olunmadı. Gətirsinlər o kitabları məhkəməyə, adamlar görsün ki, o kitabların müəllifi kimdir. Yaxud da yazıblar ki, guya Faiq Əmirlinin maşınından Əli Kərimliyə aid bir neçə diplom, fotoşəkillər, təsbeh, möhür tapılıb. Bir cübbə qalıb, onu yazmayıblar. Xahiş edirəm, bu yazdıqlarını gətirib ortaya qoysunlar".

Buna da bax:​ 'Faiq Əmirlinin səhhəti yaxşı deyil'

Hakim vəsatəti təmin edib. Bildirib ki, şahid ifadələrindən sonra sənədlərin tədqiqi mərhələsində həmin sübutlar da təqdim olunmalıdır.

39 MİN MANATLIQ VERGİDƏN YAYINMA

Məhkəmədə prokuror Vüsal Abdullayev ittihamı elan edib. Məlum olub ki, Faiq Əmirli mediada, o cümlədən "Azadlıq" qəzetində Fethullah Gülen ideyalarını yaymaq niyyəti ilə disklər əldə edib saxlamaqda, qəzetin satışını az göstərib 39 min manatlıq vergidən yayınmaqda ittiham olunur.

Eyni zamanda, Vergilər Nazirliyi də Faiq Əmirliyə qarşı 39 min 21 manatlıq mülki iddia qaldırıb.

Buna da bax:​ Faiq Əmirliyə ağır ittiham götürülüb, əvəzində...

Faiq Əmirli özünü təqsirli bilməyib. Deyib ki, hər iki ittiham böhtandır: "Avqustun 26-da 6 nəfər mənə yaxınlaşdı, dedilər ki, DTX və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Mənə bildirdilər ki, həbs olunuram, maşının açarını və telefonu istədilər. Maşının açarını istəyəndə bildim ki, nəsə atacaqlar. Düşündüm ki, ya silah olar, ya narkotik. Məni başqa maşına mindirdilər, altı nəfərin üçü mənimlə getdi, üçü maşınımın yanında qaldı. Təxminən 45 dəqiqə maşında şəhəri gəzdirəndən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gətirdilər. Elə hesablamışdılar ki, mən prokurorluğa çatana qədər onlar da maşına qoymalı olduqlarını qoysunlar. Prokurorluqda gətirib açarı mənə verdilər. Sonradan bildim ki, maşınıma Fethullah Gülen-in kitablarını, disklərini qoyublarmış. Mən ümumiyyətlə, kitab oxuyan adam deyiləm. Hətta məsələ qaldırdım ki, o kitabların üzərindəki əl izləri ilə bağlı ekspertiza keçirilsin, eləmədilər. Mən Fethullah Gülen-in adını ilk dəfə Türkiyə hadisələrindən sonra eşitmişəm".

“İŞ O QƏDƏR ƏYRİDİR Kİ”

"Azadlıq" qəzeti ilə bağlı ittihamlara gəlincə, Faiq Əmirli deyir ki, vergi orqanı rəqəmləri şişirdib, yayım firmalarının 35-40 faizlik gəlirlərini, maya dəyərini nəzərə almadan satış qiymətini qəzetin qazancı kimi hesablayıb.

Buna da bax:​ Faiq Əmirlinin xanımının avtomobili qaytarılır

Faiq Əmirli onu da əlavə edib ki, həbsindən ay yarım əvvəl izlənilirdi, telefonları dinlənilirdi. O zaman bu barədə Daxili İşlər Nazirliyinə də müraciət edib.

Vəkil Aqil Layıcov "Azadlıq" qəzetinə qarşı vergi iddiasının Faiq Əmirliyə yönəldilməsinə etiraz edib: "Səyyar vergi yoxlaması da "Azadlıq" qəzeti ilə bağlı olub, Faiq Əmirli haqda yox. İş o qədər əyridir ki, onu düzüb-qoşanlar baş-ayağını yığa bilmirlər. Xahiş edirəm, vergi iddiası qəbul olunmasın, Vergilər Nazirliyinin əməkdaşının da prosesdə iştirakına xitam verilsin".

Hakim vəsatəti təmin etməyib.

Ardınca məhkəmədə şahidlər dindirilib.

Faiq Əmirlinin məhkəməsi iyunun 12-də davam edəcək.

Buna da bax:​ Vəkil: 'Faiq Əmirlinin yeri dəyişdirilməlidir'

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü.

Vəkillər son açıqlamalarında isə bildirmişdilər ki, F.Əmirliyə verilmiş bəzi ittihamlar götürülüb. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

Buna da bax:​ Xanımı Faiq Əmirli ilə görüşüb

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb.

Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG