Azərbaycan xəbərləri
'Faiq Əmirlinin hansı məscidə getdiyini görən olmayıb'
“27 cildlik cinayət işinin 26,9 cildi “Azadlıq” qəzetindən bəhs edir. Faiq Əmirliyə verilmiş ittihamlardan danışılmır. Bu cinayət işi o qədər gülüncdür ki, Avropa Məhkəməsi Konvensiyanın 5-ci (azadlıq hüququ) maddəsi üzrə şikayətimizi qısa müddətdə icraata götürüb, kommunikasiyaya başladı", – "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin vəkili Aqil Layıcov məhkəmədə belə deyib.
Mayın 19-da Səbail rayon Məhkəməsində F. Əmirlinin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 2016-cı ilin avqustundan həbsdə olan F. Əmirlinin işinə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılır.
Buna da bax: F.Əmirlinin məhkəməsinin vaxtı açıqlanıb
Faiq Əmirlinin məhkəməsi kiçik zalda keçirildiyindən prosesi izləməyə gələnlərin çoxu iştirak edə bilməyib. Vəkillər məhkəmənin daha geniş zalda keçirilməsi haqda vəsatət qaldırsa da, təmin olunmayıb. Hakim deyib ki, məhkəmə binasında bundan geniş zal yoxdur.
“CİNAYƏT İŞİ QONDARMADIR”
Vəkillər məhkəmə prosesinin video və audio yazı ilə aparılması, F. Əmirlinin şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında əyləşməsi, onun haqqında cinayət işinin icraatına xitam verilməsi haqda da vəsatətlər qaldırıb.
Vəkillər Fəxrəddin Mehdiyev və Aqil Layıcov cinayət işinin qondarma olduğunu, Faiq Əmirliyə ittihamların sifarişlə quraşdırıldığını bildiriblər.
Buna da bax: 'Faiq Əmirlinin səhhəti yaxşı deyil'
"İttihamda əvvəlcə guya Faiq Əmirlinin avtomobilindən dini kitab və disk tapıldığı iddia edilirdi. Sonra ittiham tərəfi gördü ki, kitab rəsmi qaydada çap olunub, onun müəllifi mötəbər adamdır (Baş Prokurorun əmisi, YAP Siyasi Şurasının üzvü mərhum Zahid Qaralov - red.), müəllifi tutmaq olmaz, kitab məsələsini cinayət işindən çıxardılar. Disk məsələsi cinayət işində qalıb. Həmin diskdəki material isə Əmirlinin avtomobilində axtarışdan çox-çox əvvəl "youtube.com" saytında yerləşdirilib”, – vəkil Fəxrəddin Mehdiyev bildirib.
Digər vəkil Aqil Layıcovun sözlərinə görə, istintaq iddia edir ki, F. Əmirlinin milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması niyyəti olub. Müdafiəçi bunu “Yuxu” filminə bənzədib: "Əgər Faiq Əmirli düşmənçilik salınması ilə bağlı fikrilərini KİV-də yaysaydı, bu halda, cinayət tərkibindən danışmaq olardı. İstintaq orqanı Əmirllinin hansı mediada belə bir material dərc etdirdiyini məhkəməyə təqdim etməlidir. Bu hal yoxdur"
Buna da bax: Faiq Əmirliyə ağır ittiham götürülüb, əvəzində...
“VERGİ BORCU NECƏ YARANA BİLƏR?”
Fəxrəddin Mehdiyev isə F. Əmirlinin vəzifəli şəxs olmadığını bildirib və onun əmək müqaviləsini hakimə təqdim edib:
“Əmək müqaviləsində yazılıb ki, Faiq Əmirli kuryer və redaksiyaya texniki xidmət işlərini görüb. İstintaq orqanı qəzetin redaksiya, çap və digər xərclərini, satılmamış qəzet nüsxələrini hesablamadan, qiymət fərqini nəzərə almadan (“Azadlıq” qəzetinin bir nüsxəsi əvvəllər 40 qəpiyə, son bir ildə isə 60 qəpiyə satılıb. Amma istintaq və vergi orqanı son 5 ildə satış qiymətini 60 qəpikdən hesablayıb) 39 min manat vergi borcu yazıb. Nəzərə almayıblar ki, dövlət müəssisəsi olan "Qasid” yayım firmasının "Azadlıq” qəzetinə 69 min manat borcu var. Əgər dövlət müəssisəsi olan “Qasid” satılmış qəzetlərin pulunu redaksiyaya qaytarmırsa, qəzetin necə vergi borcu yarana bilər? Qəzetin vergi borcu yoxdur və hesablamalar düzgün aparılmayıb”.
Vəkillər istintaqın F. Əmirlini imam kimi təqdim etdiyini də məhkəmənin diqqətinə çatdırıb. Bu zaman məhkəmə zalında olan AXCP sədri Əli Kərimli deyib: "Əgər köməkçim imamdırsa, onda mənim də dini vəzifəmi müəyyən etmək lazımdır”.
Buna da bax: Vəkil: 'Faiq Əmirlinin yeri dəyişdirilməlidir'
“MƏDƏ VƏ ÖD KİSƏSİNDƏ PROBLEMLƏRİ VAR”
Vəkillər F. Əmirlinin səhhətindəki problemlərdən də danışıb. Bildiriblər ki, o, mədə və öd kisəsindəki xəstəliklərdən əziyyət çəkir. Ailəlidir, iki azyaşlı uşağı var. Əvvəllər məhkum edilməyib.
"Onun istintaqdan qaçmaq, istintaqa təzyiq etmək imkanları yoxdur. İttihamlar absurddur. İmamın hansı məscidə getdiyini heç kim görməyib, nifaq salmaq məqsədi olmayıb və istintaq heç nə sübut etməyib. Bütün bunlar onun azadlığa buraxılması və ya barəsində həbs-qətimkan tədbirinin dəyişdirlməsi üçün əsaslar yaradır”, – vəkil Aqil Layıcov həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətini əsaslandırarkən bildirib.
Hakim vəsatətlərlə bağlı qərar vermək üçün müşavirədə olarkən F. Əmirli məhkəmə zalında olan jurnalistlərə deyib ki, sağlıq durumu pisdir. Mədə, öd kisəsi ağrılarından və əsəbdən əziyyət çəkdiyini deyən F. Əmirlinin sözlərinə görə, ona istintaq təcridxanasında dərman verirlər, amma təsiri yoxdur. Cibində gəzdirdiyi sellofan torbanı göstərən Əmirli deyib: "Qaytarıram, ona görə cibimdə torba gəzdirirəm. Yəqin ki, yaxın vaxtlarda öd kisəmdən əməliyyat olunacam”.
Buna da bax: 'Azaqlıq' qəzetini çap edən mətbəə bağlanıb
Müşavirədən qayıdan hakim Aytən Əliyeva vəsatətlərin heç birinin təmin olunmadığını elan edib.
Məhkəmə iyunun 1-nə təyin olunub.
XATIRLATMA
F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü.
Buna da bax: Sərhədsiz Reportyorlar: 'Azərbaycanda jurnalistlərin təqibi davam edir'
Vəkillər son açıqlamalarında isə bildirmişdilər ki, F.Əmirliyə verilmiş bəzi ittihamlar götürülüb. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.
AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb.
Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.
Bütün xəbərləri izləyin
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Bu ilin birinci rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.
Hesabat dövründə Ermənistandan Azərbaycana idxal olunan məhsulların dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib.
Ötən ildən Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsinə başlanılıb.Ermənistandan idxal edilən məhsulun təsnifatı isə, hələlik, açıqlanmır.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsi, ətraf yeddi rayon işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Ötən ilin avqustunda Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı və qarşılıqlı iddialardan imtina etdiyi vurğulanır.
Bunun ardınca iki ölkə arasında tranzit və ticari əlaqələrin bərpası istiqamətində addımlar atılmağa başlanıb.
Ermənistandan idxal edilən məhsulun təsnifatı hələlik açıqlanmır.
Azərbaycan Neft Fondu Çin və İndoneziya ilə birgə platforma yaratdı
Azərbaycan Dövlət Neft Fondu (ADNF), Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu birgə "Galaxy Orientis" Çin–ASEAN İnvestisiya Platformasını (CAIP) təsis ediblər.
Bu barədə ADNF aprelin 15-də məlumat yayıb.
Vurğulandığına görə, platforma Çin ilə ASEAN regionu arasında kapital axınlarını stimullaşdırmaq və sənaye əməkdaşlığını gücləndirmək məqsədilə üç suveren fondun birgə idarəetmə mexanizmi əsasında fəaliyyət göstərəcək.
Açıqlamaya görə, ilkin mərhələdə platformaya 520 milyon ABŞ dolları cəlb olunub, ümumi hədəf həcmi isə 1 milyard ABŞ dolları müəyyən edilib.
Proqramın baş tərəfdaşı "China Galaxy Securities" şirkətidir.
Fondun yaradılması ilə bağlı sənədlərin imzalanma mərasimi iki gün öncə, aprelin 13-də Pekində keçirilib.
Bugünlərdə iqtisadiyyat naziri Mikayıl Cabbarov da demişdi ki, Azərbaycan İnvestisiya Holdinqi və Çinin İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması imkanları nəzərdən keçirilir.
Fond haqqında
Hazırda ADNF-in məcmu aktivlərinin 73 milyard dollar civarında olduğu bildirilir.
ADNF 1999-cu ildə yaradılıb, ora vəsaitlər, əsasən, 2001-ci ildən köçürülməyə başlayıb. Yarandığı vaxtdan indiyədək Fondun ümumi gəlirlərinin 215 milyard ABŞ dollarından çox olduğu deyilir.
Fondun hesabatlarına görə, daxil olan vəsaitlərin böyük hissəsi dövlət büdcəsinə, beynəlxalq və yerli layihələrin maliyyələşdirilməsinə yönəldilir.
Amma müxalifət partiyaları iddia edirlər ki, həmin vəsaitlərin bir hissəsi korrupsiyanın yemi olub. Rəsmilər belə iddiaları qərəzli sayırlar.
Xatırlatma
Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşma müşahidə olunur. 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Ötən il isə "Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" qüvvəyə minib.
Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda, Azərbaycan Çinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla əməkdaşlığı da gücləndirib.
Müxalifət isə hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri genişləndirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək lazımdır.
Üstəlik, onların fikrincə, Çinlə yaxınlaşma ABŞ ilə güclənən əməkdaşlığa xələl gətirə bilər.
Strateji Tərəfdaşlıq Xartiyasının icrası müzakirə olunub
Bu gün, aprelin 15-də Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə görüşüb.
"Görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrasından irəli gələn məsələlər, o cümlədən enerji, ticarət, regional bağlantılar və iqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib", - məlumatda vurğulanır.
"Tərəflər həmçinin nəqliyyat, rəqəmsallaşma, süni intellekt və s. potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektorun iştirakı ilə bağlı fikir mübadiləsi aparıblar", - XİN əlavə edir.
Xatırlatma
Bu il fevralın 10-da Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb. Sənədi Azərbaycan prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vens imzalamışdı.
Sənəddə tərəflər regional bağlantılar, iqtisadi sərmayə, təhlükəsizlik da daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə strateji tərəfdaşlığın əhəmiyyətini təsdiqləyirlər. Həmçinin bildirilib ki, Azərbaycan və ABŞ mülki nüvə enerjisi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.
Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumu imzalamışdı. Xartiya həmin işçi qrupun görüş və müzakirələri nəticəsində ərsəyə gəlib.
Ötən ilin avqustunda Vaşinqtonda habelə prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Orada "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə də bağlı razılıq əldə edilib.
Azərbaycanda iribuynuzlu mal-qara da azalıb, qoyun, keçi də...
Azərbaycanda mal-qara sayında azalma davam edir. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) son aylıq hesabatında bildirilir.
Qurumun 2026-cı il aprelin 1-nə olan məlumatına görə, son bir ildə iribuynuzlu mal-qaranın sayında 22 min 500 azalma baş verib. Bu say 2 milyon 434 min 100-ə düşüb.
Qoyun və keçilərin sayında isə daha çox, 40 minə yaxın azalma qeydə alınıb. Onların da sayı 6 milyon 880 min 100-ə düşüb.
Rəsmilər ölkədə mal-qara sayında belə azalmanı şərh etmirlər. Amma ekspertlər bunu 2015-ci ildən etibarən ölkədə pambıqçılığın inkişafı adı altında bəzi heyvandarlıq təsərrüfatlarına aid torpaq sahələrinin uzunmüddətli icarələrinin kütləvi ləğvi ilə izah edirlər.
10 il əvvəl ilə müqayisədə iribuynuzlu mal-qaranın sayında 300 minə, qoyun və keçi sayında isə 2 milyona yaxın azalma var.
Bununla belə, DSK vurğulayır ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1.1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0.9 faiz, bitkiçilik məhsulları istehsalı 5.5 faiz artıb.
ANAMA-nın əməkdaşı həlak olub
Aprelin 14-də işğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina partlayıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, qurumun əməkdaşı Muğan Mətili xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində həlak olub.
Məsələyə onun yaxınlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 2020-ci il 10 noyabr sazişindən bəri ölkənin 70-dən çox vətəndaşı minaya düşərək həlak olub, 350-yə yaxın şəxs isə müxtəlif xəsarət alıb. Onlar habelə əvvəl deyirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Sonradan Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri qaytarılması müqabilində bir sıra rayonların minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd rəsmilər bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsi, (Füzuli daxil) ətraf yeddi rayon işğal edilib. 2020-ci ildəki 44 günlük müharibə (həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın birgə imzaladığı bəyanatla dayanmışdı) və 2023-cü ildəki birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Sənədin mətnində tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı və qarşılıqlı iddialardan imtina etdiyi vurğulanır.
Orxan Səttarov prezidentin yeni mətbuat katibidir
Orxan Səttarov Azərbaycan prezidentinin mətbuat katibi təyin edilib. Bu barədə prezident İlham Əliyev bu gün, aprelin 13-də sərəncam imzalayıb.
Ötən il fevralın 17-də Azər Qasımov prezidentin mətbuat katibi vəzifəsindən azad edilmişdi. O vaxtdan bu posta təyinat olmamışdı.
59 yaşlı A.Qasımov 2004-cü ildən sözügedən vəzifəni tuturdu.
Bir çox kütləvi informasiya vasitələrinin (KİV) təmsilçiləri Azərbaycanda, bir qayda olaraq, əksər dövlət qurumun mətbuat xidmətləri kimi, prezidentin mətbuat xidməti ilə də əlaqə saxlamağın çətinliyindən şikayətlənirlər. Prezidentin mətbuat xidməti bu baxımdan xüsusilə əlçatan sayılmır. Şikayətlərə görə, onlar KİV-lərə lazımı qədər açıq deyillər. Amma onların özləri belə fikirləri qəbul etmirlər.
Yeni mətbuat katibi kimdir
Yerli saytların məlumatına görə, O.Səttarov Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri olub. Buna qədər isə "Vestnik Kavkaza" xəbər agentliyində çalışıb.
O, Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdir müavini Rəcəb Səttarovun oğludur.
O.Səttarovun qardaşı İsmət Səttarov isə Azərbaycan Audiovizual Şurasının sədridir.
ARXİV
Palata sədri: Büdcə qanunvericiliyi üzrə pozuntularda artım müşahidə edilib
2025-ci ildə Hesablama Palatası 43 audit keçirib. AZƏRTAC-ın xəbərinə görə, bunu aprelin 13-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib.
V.Gülməmmədov bildirib ki, 2025-ci ilin İş Planı üzrə keçirilmiş audit 700-ə yaxın qurum və müəssisələri, layihələri əhatə edib: "Say ifadəsində büdcə qanunvericiliyi və dövlət satınalmaları üzrə aşkar edilmiş nöqsanların payı çox olub. Müvafiq olaraq, 51.6 faiz və 24.1 faiz təşkil edib. Əvvəlki illərlə müqayisədə büdcə qanunvericiliyi üzrə pozuntuların payında artım, satınalmalar sahəsində isə pozuntu sayında artmama (sabitlik) müşahidə edirik".
Onun vurğulamasına görə, 2021-2025-ci illərdə ümumilikdə 26 səmərəlilik auditi keçirilib, yoxlamalar 4.1 milyard manatdan çox vəsaiti əhatə edib.
Büdcəyə hesablanmış zərərin 101.5 mln. manatı üzrə vəsaitin bərpası, 40.2 mln. manatı üzrə isə materialların hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qərar qəbul edilib. Yerli saytların məlumatına görə, bu qeyd "Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat"da əksini tapıb.
Xatırlatma
Hesablama Palatası 2001-ci ildən fəaliyyət göstərir. Hər il Milli Məclisə hesabat verməli olan bu qurum dövlət büdcəsinin həm gəlirlərinə, həm də xərclərinə nəzarət etməlidir. Ölkə parlamentindən fərqli olaraq bəzi müxalif qüvvələr onun fəaliyyətini tam yetərli saymır. Onlar hesab edirlər ki, bu qurum büdcə vəsaitlərinin mənimsənilməsinə aid ciddi pozuntuların üzərinə qətiyyətlə gedə bilmir. Hərçənd, Palata rəhbərliyi belə fikirləri qəbul etmir.
Hissə rəisi rüşvət almaqda ittiham edilir
Müdafiə Nazirliyinin hissə rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.
Bu barədə Baş prokurorluq aprelin 13-də məlumat yayıb.
Məlumata görə, Əvəz Rüstəmovun Müdafiə Nazirliyi Mənzil-İstismar Xidmətinin Salyan rayon hissəsinin bölmə rəisi, habelə rəisi vəzifəsini müvəqqəti icra etdiyi dövrdə vətəndaşlardan rüşvət alması iddiası ilə bağlı cinayət işinin istintaqı tamamlanıb: "Əvəz Rüstəmova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilməklə barəsində yaşı və səhhəti nəzərə alınmaqla, ev dustaqlığı qətimkan tədbiri seçilib".
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İttihamlara Ə.Rüstəmov və onun yaxınlarından münasibət almaq mümkün olmayıb. Həmin ittihamlar üzrə şəxsə 12 ilədək həbs cəzası verilə bilər.
Xatırlatma
Son illər Azərbaycanda Müdafiə Nazirliyinin maliyyə və bir çox sahələr üzrə vəzifəli şəxsləri oxşar ittihamlarla məsuliyyətə cəlb edilirlər. Həmin şəxslər, əsasən, ittihamları qəbul etməsələr də, bütün bunlar ölkədə korrupsiyaya ilə mübarizə kimi təqdim edilir.
Amma bəzi ekspertlər də hesab edirlər ki, Azərbaycanda korrupsiya ilə real, köklü mübarizədən çox onun imitasiyası yaradılır. Onların fikrincə, ölkədə korrupsiya ilə sistemli mübarizə yoxdur.
Naxçıvanın ombudsmanı olmayacaq
Naxçıvan Muxtar Respublikasında (MR) Ombudsman təsisatı ləğv edilib. Bu barədə Naxçıvan MR Ali Məclisinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün, aprelin 10-da Naxçıvan MR Ali Məclisinin sessiyası keçirilib. Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan MR Konstitusiyasından həmin təsisatla bağlı müddəalar çıxarılıb. Bu səbəbdən "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.
Qanun səsə qoyularaq qəbul edilib.
Ötən il iyulun 8-də Milli Məclis "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsini üçüncü oxunuşda qəbul etmişdi.
Hüquqşünaslar hesab edirdi ki, həmin dəyişikliklərlə, əsasən, ölkə prezidentinin muxtar respublikada hökmü artırılır.
Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildən fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasında isə ayrılıqda Ombudsman Aparatı 2005-ci ildə yaradılmışdı.
İstər Muxtar Respublikada, istərsə də bütünlükdə Azərbaycanda ombudsman aparatlarının fəaliyyətini hüquq müdafiəçiləri əsasən tənqidi dəyərləndiriblər. Onlar vurğulayıblar ki, ombudsmanların hesabatında heç vaxt həbs yerlərində işgəncə faktlarının təsdiq edilməsi ilə bağlı rəylər yer almayıb. Halbuki ölkədə insan hüquqları və işgəncə halları ilə bağlı çoxsaylı şikayətlər var. Həmin hüquq müdafiəçiləri hesab edirlər ki, Azərbaycanda Ombudsman Aparatının mövqeyi hökumətin insan haqları ilə bağlı mövqeyindən köklü şəkildə fərqlənmir. Amma Ombudsman Aparatının özündə tənqidləri əsaslı saymayıblar.
Xatırlatma
1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbovun dörd il öncə, 2022-ci ildə istefaya göndərilməsi muxtar respublikada dəyişikliklərə səbəb oldu. Həmin il dekabrın 22-də prezident İlham Əliyev ora öz səlahiyyətli nümayəndəsini göndərdi. Daha sonra muxtar respublikada bir çox vəzifəli şəxslər mənimsəmə və başqa ittihamla istintaqa cəlb edildilər.
Naxçıvan MR 1924-cü ildə yaradılıb. Onun Azərbaycanın başqa əraziləri ilə quru sərhədi yoxdur. Türkiyə, Ermənistan və İran İslam Respublikası ilə qonşudur.
Azərbaycanın gəliri artıb, amma artıq neftin qiyməti düşür...
Bu ilin yanvar-mart aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 9 milyard 599 milyon manat təşkil edib. Bu da proqnozun 458.9 milyon manat və ya 5 faiz üstələnməsi deməkdir.
Bununla bağlı Maliyyə Nazirliyi məlumat yayıb.
Ölkənin yerli saytlarının hesablamalarına görə, 2026-ci ilin yanvar-mart aylarında dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti 85.11 ABŞ dollarına bərabər olub.
Fevralın 28-də ABŞ və İsrail İrandakı hədəflərə zərbələr endirməyə başlayıb ( ABŞ və İsrail İranın nüvə proqramını bütün dünyaya təhdid sayır). İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Nəticədə Hörmüz boğazının bağlanması fonunda neft kəskin bahalaşıb. Amma aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib, bunla da neft ucuzlaşmağa başlayıb. Ekspertlər hesab edirlər ki, danışıqlar müsbət nəticə versə, neft ənənəvi qiymətlərə düşəcək.
Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light" markalı neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. 2026-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (38 milyard 423 milyon manat) 16 milyon 350 milyon manatı neft-qaz sektorunun hesabına formalaşmalıdır.
Azərbaycana gələnlər azalıb, gedənlər artıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana gəlmiş xaricilərin və vətəndaşlığı olmayan şəxslərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb. Bu barədə bu gün, aprelin 3-də Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda vurğulanır ki, bu ilin iki ayında Azərbaycana dünyanın 163 ölkəsindən 337.3 min (0.4 faiz az) xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin çoxu (23.2 faiz) Rusiya Federasiyası vətəndaşları olub: "2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0.8 faiz artaraq 298.7 min nəfər olub. Vətəndaşlarımızın 37.4 faizi Türkiyəyə (əvvəlki ilin eyni dövrünə nisbətən 2.1 faiz çox), 15.2 faizi Rusiya Federasiyasına (2.8 faiz az), 12.5 faizi İrana (17.7 faiz çox)... gediblər".
Ekspertlər Azərbaycana gələnlərin sayında azalmanı, əsasən, bu ölkədə bir sıra qonşularla müqayisədə turizm imkanlarının əlverişli olmaması ilə izah edirlər. Onlar deyirlər ki, Azərbaycanda turizmlə bağlı qiymətlər qonşu ölkələrlə, o cümlədən Gürcüstanla müqayisədə yüksəkdir.
2020-ci ilin əvvəlindən koronovirus pandemiyası ilə bağlı Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Pandemiya başa çatsa da, bu məhdudiyyətin götürülməməsini rəsmilər təhlükəsizlik amili, ekspertlər isə hökumətin iqtisadi maraqları (ölkədən valyuta çıxmasın və s.) ilə izah edirlər.
Şuşaya bu yol ödənişli oldu
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81.3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilib.
Nazirlər Kabineti bu barədə aprelin 1-də qərar verib.
Ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri belədir:
- başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri;
- son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100.5-ci kilometri.
Tarif Şurası ödənişin məbləğini təsdiq etməlidir, - qərarda vurğulanır.
24 fevral
Azərbaycanda ödənişli yollarda sürət artırıldı
"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənib.
Layihəyə əsasən, ödənişli avtomagistrallarda sürət həddi minik və çəkisi 3.5 tondan az yük avtomobilləri üçün 130 kilometr/saat müəyyən edilir. İri avtobuslar, qoşqulu minik avtomobilləri və 3.5 tondan artıq yük avtomobilləri üçün isə 90 kilometr/saat.
Azərbaycanda yollarda sürət həddinin saatda 130 kilometr müəyyən edilməsi ilk dəfədir.
Ölkədə hazırda əsas ödənişli yol "Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi" yeni avtomobil yoludur. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayan bu yolun 129 kilometrlik hissəsi ödənişli əsaslarla fəaliyyət göstərir.
Qiymətlər avtomobildən asılı olaraq dəyişir.
- minik avtomobilləri və kütləsi 3.5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9.3 qəpik (bütün yol üçün 12 manat)
- kütləsi 3.5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri.. üzrə 1 km-ə 11.6 qəpik (15 manat)
- avtobuslar üzrə 1 km üçün 7.8 qəpik (10 manat)
- TIR-lar üzrə 1 km-ə 19.4 qəpik (25 manat)
Müstəqil ekspertlər hesab edir ki, böyük neft pullarının gəldiyi bir ölkədə ödənişli yolların olması və orada sürət həddinin artırılması sosial bərabərliyə imkan vermir. Həmin yolla müqayisədə alternativ ödənişsiz yolun isə nisbətən əlverişsiz olduğu vurğulanır.
Ekspertlərə görə, qanunvericiliyə bu dəyişiklik "pulun varsa, sürətdə problem yoxdur" deməkdir.
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır
"Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalar"a dəyişikliklər təsdiq edilib. Bu barədə Mərkəzi Bankın (AMB) aprelin 3-də yaydığı məlumatda bildirilir.
"Aparılan təhlillər şəxsi məqsədlərlə istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə sərnişin daşımalarında istifadə olunan taksilərin üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olduğunu göstərib", - məlumatda vurğulanır.
"Qeyd olunan amillər taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə münasibətdə xüsusi əmsalların tətbiqi zərurətini yaradıb", - əlavə edilir.
Nəticə...
Avtonəqliyyat vasitəsi taksi kimi istifadə edildikdə birillik icbari sığorta haqqı məbləği hesablanarkən 1.5 əmsalı tətbiq olunacaq.
Ekspertlər düşünür ki, bu hal taksi xidmətində qiymətlərin bir qədər də yüksəlməsinə xidmət edəcək.
Son illər Azərbaycanda taksi fəaliyyəti sahəsində qanunvericiliyə edilən bir sıra dəyişikliklər həm onların sayının azalmasına, həm də qiymət artımına səbəb olub.
Ekspertlər bu sahədə son dəyişiklikləri hökumətin monopoliya siyasəti ilə izah edirdilər.
Müdafiə Nazirliyinin həkim komissiyasının keçmiş rəisi hakim önünə çıxarılır
Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının keçmiş rəisi ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Bu barədə bu gün, aprelin 2-də Baş Prokurorluq məlumat yayıb.
Məlumat görə, Rasim Həsənovun komissiyasının rəisi vəzifəsində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması ittihamı üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
"Rasim Həsənovun 2021-2025-ci illərdə... hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib", - məlumatda vurğulanır.
R.Həsənov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilir. Həmin ittihamlarla ona 12 ilədək həbs cəzası verilə bilər.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
R.Həsənov barəsində ötən il həbs-qətimkan tədbiri seçilib.
İttihama R.Həsənov və onun yaxınlarından münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Azərbaycanda müxtəlif dövlət qurumlarında vəzifəli şəxslərin tez-tez rüşvət və korrupsiya ittihamları ilə məsuliyyətə cəlb edilmələri ilə bağlı rəsmi açıqlamalar yayılır. Amma bəzi ekspertlər hesab edir ki, ölkədə korrupsiya ilə köklü mübarizədən çox onun imitasiyası yaradılır. Onlar qeyd edirlər ki, belə işlərdə verilən cəzalar da, əsasən, ya ittihama adekvat olmur, ya da sonradan yüngülləşdirilir.
Lakin rəsmi şəxslər də tez-tez vurğulayırlar ki, ölkədə korrupsiya ilə real mübarizədə hakim iradə mövcuddur.
Problemli kreditlər artmaqda davam edir
Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib. Mərkəzi Bankın açıqlamasına görə, bu göstərici fevralın 1-i ilə müqayisədə 0.8 faiz çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17 faiz artıb.
Xatırlatma
Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma 2021-ci ilin əvvəlində yenidən vaxtı keçmiş kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyası ilə izah edilirdi. Lakin sonradan vaxtı keçmiş kreditlərdə yenidən azalma müşahidə edilmişdi. Bununla belə, 2024-cü ilin sonlarından yenidən əks proses getməyə başladı.
İqtisadçılar bunu əhalinin maddi vəziyyətinin nisbətən ağırlaşması ilə izah edirlər.