Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:23

Sərhədsiz Reportyorlar: 'Azərbaycanda jurnalistlərin təqibi davam edir'


Sərhədsiz Reportyorlar

«Sərhədsiz Reportyorlar» təşkilatı Azərbaycanda daha bir jurnalistin – regional saytın redaktoru Elçin İsmayıllının həbsi barədə məlumatlardan narahatdır.

Təşkilatın bəyanatında bildirilir ki, hazırda Azərbaycanda ən azı 12 jurnalist, bloqqer və KİV əməkdaşı həbsdədir: «Fevralın 17-də İsmayıllıda saxlandıqdan sonra məhkəmə redaktoru «ağırlaşdırıcı şəraitdə zorla pul tələb etmək» ittihamı ilə 24 gün həbs edib. Prokurorluq onu yerli məmuru şantaj etməkdə ittiham edib. E.İsmayıllı bildirir ki, ona tənqidlərinə görə bu ittiham verilib. E.İsmayıllı kent.info saytının təsisçisi və redaktorudur. Saytda korrupsiya və insan haqlarının pozulmasından yazılır…».

Bəyanatda deyilir ki, Bakının beynəlxalq tərəfdaşları Azərbaycanda jurnalistlərin həbs olunmasını sakit müşahidə etməməlidirlər.

«Azərbaycan hakimiyyətinin insan hüquqları sahəsində öz öhdəliklərinə məhəl qoymamasına beynəlxalq birlik təcili reaksiya verməlidir», - bəyanatda vurğulanır.

Sənəddə qeyd edilir ki, «Azadlıq» qəzetinin 8 əməkdaşı fevralın 17-dən 20-nə kimi prokurorluqda dindirilib. Onlardan həbsdə olan maliyyə direktoru Faiq Əmirli ilə bağlı ifadə alınıb.

Bəyanatda o da bildirilir ki, F.Əmirlinin səhhətində ciddi problemlər olsa da, o, ev dustaqlığına buraxılmır. Onun həbsindən sonra qəzetin fəaliyyəti iflic vəziyyətinə düşüb, 2016-cı ilin sentyabrından qəzet nəşr edilmir.

«PEN Klub fevralın 17-də bildirib ki, bloqqer Rəşad Ramazanovun səhhəti pisləşib. O, 2013-cü ildən həbsdədir. Rəşad Ramazanovun ailəsi bloqqerin səhhətinin kəskin pisləşdiyini bildiriblər. Hökuməti tənqid edən R.Ramazanov 2013-cü ilin noyabrında qanunsuz narkotik maddənin dövriyyəsi kimi ittihamla 9 il azadlıqdan məhrum edilib. Fevralın 16-da Ali Məhkəmə jurnalist Xədicə İsmayıl barəsində «qanunsuz sahibkarlıq» ittihamı üzrə hökmü qüvvədə saxlayıb. X.İsmayılova 18 ay həbsdə qalıb. Sonradan azad edilsə də, onun üzərindən yekun ittiham götürülməyib və hakimiyyət onun xaricə çıxışına qadağa qoyub», deyə bəyanatda vurğulanır.

Azərbaycan Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 163-cü yeri tutur.

Azərbaycanın hakimiyyət rəsmiləri isə jurnalistlərin yazı və düşüncələrinə görə həbs edilməsi ilə bağlı deyilənlərlə razılaşmırlar. Onlar deyirlər ki, jurnalistlər yazılarına görə yox, törətdikləri əmələ görə məsuliyyətə alınırlar. Onlar müxalif qəzetlərin sıxışdırılması ilə bağlı deyilənləri də qəbul etmirlər. Hər il əksər qəzetlərə maliyyə dəstəyi ayrıldığını bildirirlər. «Azadlıq» qəzetinə isə ötən il belə bir yardım verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG