Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 13:28

Faiq Əmirliyə ağır ittiham götürülüb, əvəzində...


Faiq Əmirli

Mayın 2-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə yekun ittihamlar elan olunub.

Məlum olub ki, bir müddət əvvəl Faiq Əmirliyə qarşı irəli sürülmüş vəzifədən sui-istifadə (CM-nin 308-ci maddəsi - red.) ittihamına xitam verilib. Yekun olaraq, onun üzərində CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham saxlanılıb. Bu haqda AzadlıqRadiosu-na Faiq Əmirlinin vəkili Aqil Layıcov məlumat verib.

Buna da bax:​ Faiq Əmirliyə yeni ittihamlar irəli sürülüb

Vəkil bildirib ki, mayın 2-də təcridxanada müstəntiq Faiq Əmirliyə yekun ittihamları onun iştirakı ilə elan edib.

“NİYYƏTƏ GÖRƏ İTTİHAM VERİLƏ BİLMƏZ”

Müdafiəçinin sözlərinə görə, Faiq Əmirli “Azadlıq” qəzetinin nəşr olunan nüsxələrinin sayını və gəlirini az göstərməklə vergidən yayınmaqda, həmçinin Fethullah Gülen ideyalarının təbliğinə xidmət edən materialların mediada, o cümlədən “Azadlıq” qəzetində və saytında yaymaq niyyətində suçlanır. Faiq Əmirli “Hizmet hərəkatının imamı” kimi təqdim olunub.

Buna da bax: Faiq Əmirlinin səhhətinin yenidən pisləşdiyi bildirilir

“Əvvəla, bu cür ittihamlar niyyətə görə verilə bilməz. Kim hardan bilə bilərdi ki, Faiq Əmirlinin hansı niyyəti olub? Guya, Faiq onun idarə etdiyi maşından tapıldığı iddia olunan disklərdəki materialları saytda yaymaq niyyətində olub. Sadəcə, sözdür, heç bir sübut yoxdur. İkincisi, Faiq Əmirli “azadliq.info” saytının faktiki idarəçisi kimi təqdim olunub ki, bu da tamamilə əsassız iddiadır. Ümumiyyətlə, Faiq Əmirliyə ittihamlar tamamilə absurddur”, – vəkil Aqil Layıcov belə deyir.

Müdafiəçinin sözlərinə görə, Faiq Əmirlinin üzərində ağır cinayət hesab olunan yalnız CM-nin 308.2.2 maddəsi idi ki, o da götürüldü. Qalan iki maddə isə az ağır cinayətlər kateqoriyasına aiddir.

Buna da bax:​ 'Azadlıq' qəzetinin iddiası təmin edilməyib

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. O, əvvəlcə CM-nin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.

Aprelin 17-də ona yeni ittihamlar irəli sürüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır.

F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG