«Azadlıq» qəzetinin maliyyə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsindən 8 ay sonra prokurorluq onun xanımının avtomobilini qaytarmağa qərar verib.
Avtomobil ötən il avqustun 20-də, F.Əmirli saxlandığı gün heç bir açıqlama verilmədən götürülüb. Müdafiə tərəfin dəfələrlə müraciətinə və avtomobilin F.Əmirlinin xanımına məxsus olmasına baxmayaraq, geri verilməyib.
Mayın 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən F.Əmirlinin evinə telefon edərək bildiriblər k, avtomobili götürmək olar.
XATIRLATMA
Faiq Əmirli ötən il avqustun 20-də saxlanılıb. O, əvvəlcə CM-nin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.
Aprelin 17-də ona yeni ittihamlar irəli sürüb- Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə). Əvvəlki ittihamlarla ona 5 ilə, indiki ittihamlarla isə 8 ilə kimi cəza verilə bilər.
AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır.
F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.