Keçid linkləri

2017, 29 İyun, Cümə axşamı, Bakı vaxtı 05:55

Faiq Əmirlinin məhkəməsində 2 manatlıq elan söhbəti


"Azadlıq" qəzetinin bir nömrəsi

“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli Fethullah Gülen-in (ABŞ-da yaşayan ilahiyyatçı. Ankara onu Türkiyədə ötən ilki çevriliş cəhdinin arxasında durmaqda suçlayır və ekstradisiyasını tələb edir – red.) tərəfdarı, onun ideyalarını təbliğ edən “imam” kimi təqdim olunaraq həbs edilib. Amma Əmirlinin işi üzrə dindirilən şahidlərin, demək olar ki, hamısı “Azadlıq” qəzeti ilə bağlı adamlar olub. Şahidlərin əksəriyyəti ya qəzet satışıyla məşğul olan yayım firmalarının nümayəndələri, ya da uzun illər öncə “Azadlıq”da elan vermiş şəxslərdir. İstintaqda ifadə vermiş həmin adamlar indi də Faiq Əmirlinin məhkəməsində dindirilir.

Faiq Əmirlinin işinə Səbail Rayon Məhkəməsində hakim Aytən Əliyeva baxır.

Buna da bax:​ Faiq Əmirlinin səhhətinin pisləşdiyi bildirilir

İyunun 19-da keçirilən məhkəmədə şahid Nadir Əliyev deyib ki, təxminən 5-6 il öncə alıb-satdığı kitablarla bağlı “Azadlıq” qəzetində elan verib. Faiq Əmirlinin həbsindən sonra onu prokurorluğa çağıraraq, bu elana görə redaksiyaya nə qədər pul ödədiyini soruşublar: “Mən pul verməmişəm, satışı haqda elan verdiyim hər kitabın müqabilində redaksiyaya bir kitab hədiyyə etmişəm. Nağd pul verməmişəm”.

ELANI 2001-ci İLDƏ VERİB

Başqa bir şahid Valeh Quliyev isə “Azadlıq” qəzetində sənədlərinin itməsi haqda elan dərc etdirib. Cinayət işinin materiallarında Quliyevin sənədlərini 2011-ci ildə itirdiyi və bundan sonra “Azadlıq”da itki haqda elan yerləşdirdiyi yazılıb. Amma şahid məhkəmədə deyib ki, yalandır, sənədləri 2001-ci ildə itib və elanı da həmin vaxt verib.

Buna da bax: Bibisinin ev elanını 'Azadlıq'da yerləşdirən məhkəmədə dindirilib

İstintaq materiallarında Valeh Quliyevin bu elana görə “Azadlıq” qəzetinə 2 manat ödədiyi yazılıb. Amma şahid bunu da təkzib edib: “Mən o ifadədə yazılanları təsdiqləmirəm. Mən 2011-ci ildə sənədimi itirməmişəm. Elan dərc elətdirəndə iki manat ödəməyim haqda yazılanları da təsdiqləmirəm. Bir də ki, o vaxtın iki manatı guya indi nə qədər eləyir ki…”

Faiq Əmirlinin vəkili Aqil Layıcov ittihamın başdan-ayağa saxta və söz yığınından ibarət olduğunu bildirib. Vəkil hesab edir ki, F. Əmirliyə vergidən yayınma ittihamını vermək üçün şahid ifadələri saxtalaşdırılıb. F. Əmirli 2011-ci ildən “Azadlıq” qəzetində fəaliyyətə başlayıb: “2001-ci ildə verilmiş elana görə pul alınsaydı belə, bunun Faiq Əmirliyə heç bir dəxli yoxdur. Ona görə də 2011 yazıblar”.

Buna da bax: 'Faiq Əmirlinin hansı məscidə getdiyini görən olmayıb'

Aqil Layicov
Aqil Layicov

“TƏKCƏ ÇAP XƏRCİ YARIM MİLYON MANATDAN ÇOX EDİR”

“Azərbaycan” nəşriyyatının iqtisadiyyat şöbəsinin müdiri Akif Vəlimətov da məhkəmədə dindirilib. O bildirib ki, “Azadlıq” qəzeti yayım firmasından satılmış nüsxələrin pulunu ala bilmədiyinə görə nəşriyyatın pulunu ödəyə bilmirdi: “Bizim Faiq Əmirli ilə işgüzar münasibətimiz olub. Qəzetin borcları olanda ya baş redaktorun müavini Rahim Hacıyevlə, ya da Faiqlə danışırdıq. Amma Faiq qərar verən şəxs deyildi. Son zamanlar qəzetin nəşriyyata 20 min manat borcu yaranmışdı. Biz Faiq Əmirli və Rahim Hacıyevlə birlikdə rəhbərliyin yanında olduq. Onlar izah etdilər ki, yayım şirkəti qəzetə olan borcunu ödəmir. Bu səbəbdən qəzet də nəşriyyata borcunu ödəyə bilmir”.

Akif Vəlimətov dindirilərkən Faiq Əmirli əlavə edib ki, prokurorluq istintaq zamanı qəzetin 8 milyon nüsxəsinə vergi hesablayıb. Amma satılmadan geri qaytarılmış nüsxələri, onlara çəkilən çap xərclərini nəzərə almayıblar: “Səkkiz milyon nüsxənin təkcə çap xərci yarım milyon manatdan çox eləyir”.

Buna da bax:​ 'Azadlıq' qəzetinin iddiası təmin edilməyib

“AĞRIKƏSİCİLƏR ARTIQ TƏSİR ELƏMİR”

İyunun 19-da keçirilən məhkəmədə ümumilikdə 8 şahid dindirilib. Məhkəmənin gedişində fasilə zamanı F. Əmirli zaldakı jurnalistlərin suallarını cavablandırıb. Səhhətindəki problemlərin kəskinləşdiyini deyən Əmirli Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir.

Hazırda Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan Faiq Əmirli deyir ki, mədəsində və öd kisəsində kəskin ağırlar var. Təcridxananın həkimi mütəmadi dərmanlar versə də, ağrıkəsicilər artıq onu sakitləşdirmir: “Müalicə Müəssisəsinə köçürülmək üçün müraciət edəcəm”.

Faiq Əmirli həmçinin heç bir təqsiri olmadığını, bir ilə yaxındır günahsız həbsdə saxlandığını vurğulayıb.

Buna da bax:​ 'Faiq Əmirlinin səhhəti yaxşı deyil'

Faiq Əmirlinin məhkəməsi iyunun 21-də davam edəcək.

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü.

F.Əmirliyə verilmiş bəzi ittihamlar isə məhkəməsi öncəsi götürüldü. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

Buna da bax:​ 'Azaqlıq' qəzetini çap edən mətbəə bağlanıb

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb.

Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağrılıb, ifadələri alınıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG