Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:11

Bibisinin ev elanını 'Azadlıq'da yerləşdirən məhkəmədə dindirilib


"Azadlıq" qəzeti
"Azadlıq" qəzeti

"Azadlıq" qəzetinin iki əməkdaşı - redaktoru Sücəddin Şərifov və müxbiri Vidadi Məmmədov iyunun 12-də məhkəmədə dindirilib. Onlar qəzetin yayım direktoru Faiq Əmirlinin işi üzrə ifadə veriblər.

2016-cı ilin avqustundan həbsdə olan Faiq Əmirlinin işinə Səbail Rayon Məhkəməsində hakim Aytən Əliyeva baxır.

"Azadlıq"ın hər iki əməkdaşı qəzetdə gedən elan haqda danışıb.

Buna da bax:​ 'Maşının açarını istəyəndə bildim ki, nəsə atacaqlar'

“ELANA GÖRƏ PUL ÖDƏNİLMƏYİB”

Vidadi Məmmədov deyib ki, bibisigilin evini satması haqda elanı qəzetdə yerləşdirdiyinə görə Faiqin həbsindən sonra prokurorluğa çağrılıb dindirilib. Soruşublar ki, həmin elana görə nə qədər pul ödəyib: "Mən də cavab verdim ki, ümumiyyətlə, pul ödənilməyib".

Redaktor Sücəddin Şərifov isə həkim məsləhəti ilə bağlı elana görə dindirilib. Onun sözlərinə görə, Süleyman Cəbrayılov adlı həkim zəng edərək, göstərdiyi tibbi xidmət haqda yazılarının, elanının qəzetdə yerləşdirilməsi üçün kömək istəyib: "2010-cu ildə seçki ərəfəsində deputatlığa namizədlərin birləşdiyi İctimai Palata adlı qurum yaradılmışdı. Həkim mənə dedi ki, o da İctimai Palatanın üzvüdür. Mən də kömək elədim".

Sənədlərinin itməsi haqda xəbər yerləşdirmiş Samir İsgəndərov, kosmetoloq xidmətləri haqda reklam verən Sevda Muradova, "Azadlıq"da təşkilatı haqda elan yayımlamış vəkil Cavanşir Süleymanov və digərləri də məhkəmədə dindirilib.

Buna da bax: 'Faiq Əmirlinin hansı məscidə getdiyini görən olmayıb'

“PULU QAPIDA DURAN POLİSƏ VERMİŞDİM”

Faiq Əmirli bu elanlara görə pul alıb, vergisini ödəməməkdə təqsirləndirilir. Amma elan və reklamlara görə dindirilən adamların hamısı F. Əmirlini tanımadıqlarını deyir.

F. Əmirlinin vəkili Aqil Layıcov Samir İsgəndərovdan soruşub ki, sənədlərin itməsi haqda elana görə Əmirliyə pul veribmi? Şahid suala belə cavab verib: "O vaxt 15-20 manat pul vermişdim. Amma bu adama yox, Azərbaycan Nəşriyyatında qapıda dayanan polisə..."

Məhkəmədə "Qaya", "Qasid", "Press-Elita" mətbuat yayımı firmalarının məsul şəxsləri də dindirilib.

Buna da bax:​ 'Faiq Əmirlinin səhhəti yaxşı deyil'

"Qaya" yayım firmasından Sokrat Süleymanov deyib ki, qəzetin satılan nüsxələrinə görə əldə olunan vəsaitin 35-40 faizi onlara qalırdı.

"Qasid" ASC-nin sədr müavini Ağaəli İsmayılov "Azadlıq"ın satılan nüsxələrinə görə qəzetə 67 min manat borclu olduqlarını təsdiqləyib.

Məhkəmə iyunun 19-da davam edəcək.

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü.

Buna da bax:​ 'Azadlıq' qəzetinin iddiası təmin edilməyib

Vəkillər son açıqlamalarında isə bildirmişdilər ki, F.Əmirliyə verilmiş bəzi ittihamlar götürülüb. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

Faiq Əmirli AXCP sədri Əli Kərimlinin köməkçisidir. AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb.

Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG