Ermənistanın şimalında Azərbaycanla həmsərhəd Tavuş rayonunda Kirants kəndinin sakinləri mayın 16-da Yerevan-Tbilisi yolunu yenidən bağlayıblar.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, onlar Bakı və Yerevan arasında ötən gecə imzalanmış demarkasiya protokoluna və Ermənistan hökumətinin Azərbaycana aid kəndlərin Bakının nəzarətinə qaytarılması üçün hazırlıq tədbirlərinə etiraz edirlər.
İki ölkə arasında sərhədin delimitasiyasına uyğun olaraq Tavuş-Qazax sektorunda Azərbaycana məxsus 4 kənd Bakının nəzarətinə qaytarılmalıdır.
Ermənistanın Tavuş rayonundakı digər həmsərhəd kəndlərdən fərqli olaraq Kirants kəndi yaxınlığından keçəcək sərhəd xətti problem yarada bilər. Delimitasiya nəticəsində Kirants kəndi bəzi kənd təsərrüfatı torpaqlarından, Ermənistanın işğalı illərində burada tikilmiş fərdi evlərdən və körpüdən məhrum olacaq.
Azatutyun yazır ki, məhz bu səbəbdən bu kəndin sakinləri etiraz edirlər. Etiraza rəhbərliyi yerli arxiyepiskop Baqrat Qalstanyan öz üzərinə götürəndən bəri qarşıdurma daha da artıb və demarkasiya işləri mayın 7-dən dayandırılıb.
Bundan sonra keşiş Qalstanyan tərəfdarları ilə birlikdə paytaxt Yerevana yürüş edib və orada keçirdiyi izdihamlı mitinqdə baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Halbuki Qalstanyan yürüşə başlayanda yalnız demarkasiyaya etiraz edildiyini bəyan etmişdi.
Paşinyan demarkasiya prosesinin bərpa olunduğunu deyir
Paşinyan hökuməti mayın 15-də gecə Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyasına dair protokol imzalanandan sonra sərhədin müəyyənləşdirilməsi prosesini bərpa etdiyini bildirib.
Baş nazirin ofisindən verilən məlumatda deyilirdi ki, demarkasiya nəticəsində Azərbaycan dörd ərazi (Qazax rayonunun dörd kəndi - red) üzərində nəzarətini bərpa edəcək.
Hökumət bunu da bildirmişdi ki, sözü gedən dörd ərazidən ən həssası Kirants sektorunun qonşuluğundadır və burada “bir sıra detallara aydınlıq gətirilməldirir”.
Bu xəbərin ardınca, mayın 16-da Kirants kəndinin yüzədək sakini hökumətin qərarından hiddətləndiyini, hökumətin onların iradlarını nəzərə almadığını bildirib.
Bu da xəbər verilirdi ki, Ermənistan bu əraziləri 1990-cı illərdən işğal edib və işğal dövründə de jure Azərbayanın Qazax rayonuna aid ərazilərdə fərdi evlər və bir sıra obyektlər tikilib.
Paşinyan hökuməti demarkasiya prosesinə görə evlərini və torpaq sahələrini itirəcək Kirants sakinlərinə kompensasiya veriləcəyini vəd edib. Lakin Azatutyunun yazdığına görə bəzi etirazçılar “kompensasiya istəmədiklərini” deyirlər.
Hökumət Kirants sakinlərinə müraciət edib
Azatutyun bildirir ki, Kirants sakinləri yolu bağlamazdan əvvəl hökumət onların nümayəndələrinə Tavuş rayonunun mərkəzi İcevan şəhərində görüşməyi təklif etmişdi.
Azatutyun yazır ki, etiraz edən sakinlər hökumət nümayəndələrinin Kirantsa gəlməsini və onlarla jurnalistlərin iştirakı ilə söhbət edilməsini tələb ediblər.
Baş nazir Nikol Paşinyan Azərbaycanla əldə olunmuş sərhəd razılaşmasını “böyük nailiyyət” adlandırıb.
Paşinyan mayın 16-da keçirilən hökumət müşavirəsində bu barədə deyib:
“Müstəqillik əldə edəndən bəri ilk dəfə olaraq ölkəmizin delimitasiya edilmiş sərhədi var. Bu, təhlükəsizlik və sabitliyi nəinki sözü gedən kəndlərdə, hətta bütünlüklə Ermənistan-Azərbaycan sərhədi boyunca təmin edəcək”.
Azatutyun yazır ki, Paşinyanın sözlərinə görə demarkasiya Kirantsda yalnız bir neçə ailəni təsirləndirəcək. O Kirants kənd məktəbi barədə heç nə deməyib. Demarkasiya razılaşmasına görə sərhəd bu məktəbin lap yaxınlığından keçəcək və bəzi sakinlər uşaqlarını məktəbə buraxmayacaqlarını deyiblər.
Müxalifət etiraz edir
Lakin Ermənsitan müxalifəti arxiyepiskopun etiraz hərəkatına dəstək bildirib. Müxalifətçilər Qazax rayonuna aid kəndlərin Azərbaycana qaytarılmasına etiraz edirlər. Onlar deyirlər ki, demarkasiya prosesi ölkə parlamenti və Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunmayıb.
Keşiş Qalstanyan Ermənistan və Azərbaycan arasında mayın 15-də imzalanmış protokolu da rədd etdiyini bildirib.
O deyib ki, Paşinyanın istefasını tələb edən mitinqlər davam edəcək.
Ermənistan müxalifəti sözü gedən ərazilərin rəsmən Azərbaycana aid olmasını da rədd edir.
Müxalifət deputatlarından Tiqran Abrahamyan deyib ki, Ermənistanda 2010-cu ildə “inzibati-ərazi bölgüsünə” dair qanun qəbul edilib və Azərbaycanın Qazax rayonuna aid dörd kənd həmin qanuna görə “texniki” baxımdan Ermənistan ərazisi sayılmalıdır.
Abrahamyan bildirib ki, Ermənistanın bir santimetr torpağı da referendum keçirilmədən verilə bilməz.
Ermənistan hərbçiləri ərazidən 8-9 günə çıxacaq
Lakin Ermənistan hökuməti sözü gedən kəndlərin Azərbaycana qaytarılması qərarında əmin olduğunu bildirir.
Paşinyanın mətbuat xidmətindən mayın 15-də verilən məlumatda deyilirdi ki, son demarkasiya protokoluna görə Kirants kəndinin bir hissəsi və əsas körpü Azərbaycanın nəzarətinə keçəcək.
Hökumət bunu da bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin hissələri “ən həssas Kirants sektoru” istisna olunmaqla qalan bütün əraziləri “növbəti səkkiz və ya doqquz gündə” tərk edəcək.
Bu da bildirilib ki, Azərbaycan hərbçiləri bu əraziyə bir qədər sonra daxil olacaq, çünki “bəzi detalların aydınlaşdırılmasına ehtiyac var”.
Bundan əvvəl
Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildiriblər.
Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.
Azatutyun yazır ki, Ermənistan tərəfi bu razılaşmaya uyğun olaraq hərbi qüvvələrini Azərbaycana qaytarılacaq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ərazisindən geri çəkməlidir.
Bu da vurğulanır ki, bu razılaşmaya Ermənistanın həmsərhəd Berkaber kəndinin qarşısındakı ərazi və Gürcüstan-Ermənistan dövlətlərarası magistralının Ermənistanın Voskepar kəndinə bitişik hissəsi daxil deyil. Sözü gedən birinci ərazi Azərbaycanın, ikincisi isə Ermənistanın nəzarətindədir.
Ermənistan hökumətinin verdiyi son məlumata görə sərhəd xətti üzərində 40 dirək artıq vurulub.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.