Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 11:31

Ermənistan Avropa İttifaqından hərbi yardım alacağına hələ də ümid edir


Ermənistanın baş naziri Nikol Paşinyan mayın 14-də Kopenhagendə danimarkalı həmkarı Mette Frederiksen ilə görüşüb
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 14-də Kopenhagendə danimarkalı həmkarı Mette Frederiksen ilə görüşüb

Ermənistan hələ də Avropa İttifaqından hərbi yardım alacağına ümid edir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 14-də Danimarkaya səfəri əsnasında deyib:

“Biz hazırda Ermənistanın Avropa Sülh Fonduna (European Peace Facility - EPF) daxil edilməsi üçün Avropa İttifaqının qərarını gözləyirik”.

Paşinyan Danimarkada keçirilən Kopenhagen Demokratiya sammitinin müzakirələrində iştirak edib.

Azatutyun xatırladır ki, aylarla davam edən müzakirələrdən sonra Avropa İttifaqı bu ilin əvvəllərində Ermənistana EPF fondundan “qeyri-ölümcül” silahların verilməsinə dair qərarı təsdiqləməli idi.

EPF Aİ partnyorlarının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün yardımlar edən xüsusi fonddur.

Azatutyunun aprelin ortalarında tanış olduğu müvafiq sənəd layihəsində Ermənistana qarşıdan gələn iki il yarımda 10 milyon avroluq (11 milyon dollar) hərbi yardım verilməsinə çağırış edilirdi.

Sənəddə deyilirdi ki, Ermənistanda bir batalyon ölçüsündə səyyar səhra düşərgəsinin yaradılması nəzərdə tutulur. Bu düşərgənin tibbi müalicə və başqa müvafiq bölümləri olacaq.

Macarıstanın mövqeyi

Xəbərdə deyilir ki, hər hansı partnyor ölkəyə belə hərbi yardımın ayrılması üçün Avropa İttifaqına daxil bütün üzv ölkələrin razılığı tələb olunur.

O vaxt Avropanın diplomatik mənbələrindən biri Macarıstanın bu təşəbbüsə qarşı çıxdığını bildirmişdi. Budapeşt Azərbaycana da eyni məbləğdə yardım göstərilməsini istəyirdi.

Azatutyun yazır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən həftə Budapeştə səfər etmişdi.

Lakin onun Macarıstan liderləri ilə danışıqları haqqında rəsmi məlumatda macar rəsmilər EPF-dən Yerevana yardıma dair heç nə demirdilər.

Bu məsələyə mayın 6-da macar həmkarı Peter Siyarto ilə keçirilən birgə mətbuat konfransında Ararat Mirzoyan da toxunmamışdı.

Belə görünür, qərar hələ qəbul olunmayıb

Azatutyun yazır ki, baş nazir Paşinyanın özü də Macarıstan hökumətinin yardımın qarşısından bloku qaldırması üçün Yerevanın səy göstərib-göstərmədiyinə aydınlıq gətirməyib.

O bunun əvəzində yenə də Ermənistanın xarici siyasətinin “şaxələndirilməsindən” və bu mənada Aİ-nin Ermənistan-Azərbaycan sərhədində yerləşdirdiyi monitorinq missiyasının mühümlüyündən söz açıb.

Paşinyanın sözlərinə görə, bu ilk dəfədir ki, Aİ müəyyən mənada Ermənistanın təhlükəsizlik gündəliyində iştirak edir.

Azatutyun yazır ki, Ermənistan EPF fondundan yardım almaq üçün 2023-cü ildə müraciət edib. Ötən oktyabrda Fransanın xarici işlər naziri Katerin Kolonna demişdi ki, Ermənistanın müraciəti ilə bağlı şəxsən özü Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı ilə danışıb.

Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti xidmətinin əsas sözçüsü Peter Stano Azatutyuna müsahibəsində demişdi ki, Ermənistana yardım məsələsi müzakirə edilir, lakin qərarın qəbul edilməsi üçün bütün üzv ölkələrin razılığı lazımdır.

Moskvanın narazılığı

Rusiya Aİ monitorinq missiyasının Ermənistanda yerləşdirilməsindən daim narazılıq edib və bildirib ki, bu, Qərbin Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına yönəlik cəhdlərindən biridir.

Moskva Yerevanı təhlükəsizlik məsələlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmaqda və ona güvənməməkdə ittiham edir.

Ermənistanın Rusiya və KTMT ilə münasibətləri xüsusilə 2022-ci ilin sentyabrında onun Azərbaycanın hücumuna məruz qaldığını açıqlamasından sonra gərginləşib.

Yerevanın tələblərinə baxmayaraq, nə KTMT, nə də Rusiya hələ də müttəfiq ölkəyə qeyd edilən hücumu pisləməyib və Azərbaycanın Ermənistandan ərazi işğal etməsini təsdiqləməyib.

Paşinyan bəyan edib ki, Yerevanın KTMT-yə üzvlüyü de-fakto dondurulub, müttəfiqlər mövqeyini dəyişməsə, onun de-yure də dondurulması mümkündür.

EPF fondu

EPF fondu 2021-ci ildə sülhün müdafiəsi, münaqişələrin önlənməsi və dünya boyunca beynəlxalq təhlükəsizliyin gücləndirilməsi məqsədilə ölümcül olmayan silahların alınması məqsədi ilə yaradılıb.

Fonddan indiyədək Gürcüstana, Ukraynaya və Moldovaya yardımlar edilib.

Bu ölkələrin hamısının Aİ üzvlüyünə namizəd statusu var.

Qeyd olunmalıdır ki, EPF fondundan yardım almaq üçün Aİ üzvlüyünə namizəd statusu tələb olunmur. Bu fond habelə Konqo, Benin və Qana da daxil bir sıra başqa ölkələrə də yardımlar edib.

Ölümcül olmayan silah nədir?

Ölümcül olmayan və ya qeyri-letal silahlar adi istifadə zamanı düşmənin ölümünə və ya ona ağır xəsarət verilməsinə səbəb olmamalıdır.

Belə silahlardan istifadənin əsas məqsədi düşmənin məhvi yox, neytrallaşdırılmasıdır.

Bu silahlardan istifadə zamanı hədəf olan insanın sağlamlığına minimum ziyan dəyməsi tələb olunur.

Bununla belə mediada “humanist silahlar” adlandırılan belə silahlardan hərbi texnikanın və silahların, məsələn dronların vurulması, avtomobil nəqliyyatının dayandırılması məqsədilə də istifadə oluna bilər.

'Erməni gəlsə, gərək Şınıx köçə'
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib.

Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG