Keçid linkləri

2026, 04 Aprel, şənbə, Bakı vaxtı 08:22

Keçmiş şahzadə Endrü 12 saat dindiriləndən sonra sərbəst buraxılıb

Keçmiş şahzadə Endrü və Kral III Çarlz
Keçmiş şahzadə Endrü və Kral III Çarlz

Böyük Britaniya kralı III Çarlzın kiçik qardaşı, keçmiş şahzadə Endrü fevralın 19-da 12 saat polis nəzarətində qalandan sonra azadlığa buraxılıb. O, mərhum amerikalı maliyyəçi Ceffri Epşteyn işinin istintaqı çərçivəsində saxlanılmışdı. Xəbəri "Sky News" yayıb. Endrü ilə bağlı araşdırma getdiyi bildirilir.

Endrünün saxlanılması barədə fevralın 19-u səhər saatlarında BBC və "The Telegraph" xəbər vermişdi. Polis saxlanılan şəxsin adını rəsmi şəkildə açıqlamamışdı.

Fevralda Epşteyn işi üzrə yayılmış sənədlərdə adı çəkilən yüksəkvəzifəli britaniyalılara qarşı yeni ittihamların araşdırılması üzrə xüsusi koordinasiya qrupu yaradılıb. Həmin sənədlərə görə, Endrü Böyük Britaniyanın ticarət təmsilçisi olarkən Epşteynə məxfi materiallar ötürüb.

Mərhum Virciniya Cuffrenin 2025-ci ilin aprelində intihardan sonra yayımlanan xatirələri Epşteynin Endrü ilə əlaqələrini yenidən gündəmə gətirib. "Nobody's Girl" adlı kitabda Cuffre Endrünün onunla üç dəfə intim münasibətdə olduğunu iddia edib. O, ilk belə halın 2001-ci ildə Londonda Epşteynin dostu Maksvelin evində baş verdiyini yazıb. "The Guardian" yazırdı ki, o zaman Cuffrenin 17 yaşı olub, keçmiş şahzadə də bunu bilib.

Endrünün saxlanılmasından sonra kral istintaqa dəstək bildirib, kiçik qardaşının hərəkətlərindən narahatlığını ifadə edib, araşdırmaya kömək vəd edib.

C.Epşteyn 2008-ci ildə fahişəliyin təşkili ilə bağlı günahını etiraf edib və yetkinlik yaşına çatmayan şəxsin zorlanmasına görə məhkum olunub. 2019-cu ilin yayında o, ABŞ-də saxlanaraq 14 yaşlı qızların alveri, onların fahişəliyə cəlbi ittihamı ilə üzləşib. Həmin ilin avqustunda 66 yaşlı milyarder məhkəməni gözləmədən həbsxanada intihar edib. Onun yaxın dostu və cinayət ortağı Qisleyn Maksvel cinsi istismar məqsədilə insan alverində iştirak ittihamı üzrə 20 illik həbs cəzası çəkir.

31 oktyabr 2025

Britaniya kralı qardaşını şahzadə titulundan məhrum edib

Böyük Britaniya kralı III Çarlz qardaşı, şahzadə Endrünü titulundan məhrum edib. Bundan sonra o, "Endrü Mauntbetten-Vindzor" adlanacaq. Bukinqem sarayı bu barədə bəyanat yayıb.

Kralın bu qərarı qardaşının maliyyəçi Cefri Epşteyn, eləcə də seksual cinayətlərə görə məhkum edilmiş amerikalı prodüser Harvi Vaynşteyn ilə yaxın əlaqələri ilə izah olunur. Şahzadə Vindzordakı Royal Loc malikanəsini tərk etməli olacaq. Kral şəxsi vəsaiti ilə onun köçünü həyata keçirəcək. Xəbəri BBC yayıb.

65 yaşlı Endrü Çarlzın kiçik qardaşı, mərhum Kraliça Yelizavetanın ikinci oğludur. Son illər onun davranışı, Epşteyn ilə əlaqələri tənqid olunub. Bukinqem sarayı bildirir ki, şahzadə ona ittihamları inkar etsə də, cəza tədbirləri zəruri sayılır.

2021-ci ildə amerikalı Virciniya Cufre şahzadəyə qarşı seksual zorakılıq iddiası ilə məhkəməyə müraciət edib. O, şahzadə ilə yetkinlik yaşına çatmamış cinsi əlaqədə olduğunu iddia edib. Onu şahzadəyə Epşteynin "təqdim" etdiyini iddia edib. Şahzadə iddiaları rədd edib.

Bu ilin aprelində Cufrenin intihar etdiyi açıqlanıb. Oktyabrda Böyük Britaniyada onun xatirələri nəşr olunub.

Bu hadisə şahzadənin Epşteyn ilə əlaqələrini yenidən diqqət mərkəzinə gətirib. BBC araşdırıb ki, Endrü 2006-cı ildə Epşteyni, onun sevgilisini və Vaynşteyni böyük qızının 18 yaşını qeyd edəndə qəbul edib. Bu fakt isə onun Epşteyn ilə əlaqəsinin iddia olunduğundan daha dərinə getdiyini göstərə bilər.

Oktyabrın əvvəlində Endrü "York hersoqu" titulundan imtina edib. 2022-ci ildə isə o, kral ailəsinin üzvü kimi rəsmi vəzifələrini dayandırıb, səkkiz fəxri hərbi titulundan imtina edib.

Amma şahzadənin tituldan məhrum edilməsi onun Britaniya taxt-tacına varislikdən çıxarılması demək deyil. O, varislik siyahısında səkkizinci yerdədir.

Vaxtilə Britaniya mediasında şahzadə Endrünün Azərbaycan prezidenti İlham Əliyevlə dostluğu, onun bu ölkəyə davamlı səfərləri tənqid olunurdu.

XS
SM
MD
LG