Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 07:35

Bloqerin saxlandığı deyilir


Z.Mahmudov

Tərtər rayonunda fəaliyyət göstərən bloqer Ziya Mahmudovun saxlandığı bildirilir.

Bloqerin həyat yoldaşı Şəmsiyyə Mahmudova deyib ki, Z.Mahmudov noyabrın 20-də günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb: "Günorta saat 3-ə qalmış cəbhə zonasında (Tərtər rayonu Dağlıq Qarabağa bitişikdir ) olan əsgərlərə ərzaq aparmaq üçün evdən çıxıb. Sonra ona nə qədər zəng vursam da, telefona cavab vermədi. Əvvəl interneti də, telefonu da açıq idi, mesaj yazırdım, zəng vururdum, sonra isə telefon da söndürüldü".

Ş.Mahmudova Daxili İşlər Nazirliyinin "102" xidmətinə, Baş Prokurorluğa müraciət etdiyini, amma həyat yoldaşı ilə bağlı heç bir məlumat ala bilmədiyini söyləyir: "Polisə də, prokurorluğa da xəbər verdim, amma heç bir məlumat ala bilmədim. Dünən, noyabrın 22-də isə Ziya tanımadığım nömrədən özü zəng vurdu, dedi ki, həbs olunub və sağ-salamatdır. Amma nəyə görə həbs olunduğunu, harada saxlandığını demədi".

Bloqerin həyat yoldaşı vurğulayıb ki, Z.Mahmudovun həbsi üçün bir səbəb yoxdur: "Həbsin səbəbləri barədə bizə bir söz deməsələr də, dəqiq bilirəm ki, Ziya pis bir şey etməz. Bloqerdir, rayonda olan problemləri işıqlandırıb, deputatlığa namizəd olub. Prezident İlham Əliyevin siyasi kursunu həmişə dəstəkləyib. Özü şəhid oğludur, 2016-cı ildə döyüşlərdə şücaət göstərdiyinə görə ordenlə təltif olunub. İndi də əsgərlərə yardım edirdi, 44 gün ərzində ərzaq aparırdı".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Z.Mahmudov sosial şəbəkələr vasitəsilə Tərtər rayonunda olan sosial problemləri işıqlandırırdı, rayon rəsmilərini tənqid edirdi.

XS
SM
MD
LG