Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 22:56

Hökumət əhalinin ölkə daxilində səyahətləri ilə bağlı müayinələr aparıb. Məlum olub ki, hər yüz nəfərdən 36-sı daxili turist səfərlərinə qatılır.

Müayinələr ötən ilin iyul və noyabrında 20 mindən çox ailədə aparılıb. Başqa sözlə, Azərbaycanda hər 100 ailədən birindən səyahət edib-etmədiyi soruşulub. Beləcə hesablanıb ki, ötən il 3,5 milyon nəfər, yəni əhalinin 36,5 faizi ölkə daxilində bir yerdən başqa yerə səfər edib.

Şəhərlilər daha çox səfərə çıxır

Dövlət Statistika Komitəsinin (DSK-nın) açıqladığı müayinə nəticələrinə görə, vətəndaşlar turizm məqsədli ilboyu 19,5 milyon səfər edirlər. Bunun 72,5 faizi şəhər əhalisinin payına düşüb.

Buna da bax:​ Turistlərlə bağlı yeni sərəncam

Səfərlərin 46,9 faizi kənd, 53,1 faizi şəhər yerlərinin payına düşüb.

Qohuma, tanışa baş çəkirlər

Bəs səfərlərin məqsədi nə olub? Sorğuya qatılanların 40 faizi qohum və tanışlara baş çəkdiyini bildirib. Səfərə çıxanların 33,5 faizi istirahət və əyləncə məqsədi güdüb. Bu səfərlərin əsas hissəsi baxımlı mənzərəyə və dənizkənarı çimərliyə sahib bölgələrə edilib. Respondentlər belə deyiblər.

Daxili turistlərin 9,6 faizi müalicə və sağlamlıq məqsədi ilə yola çıxıb. Hər 10 nəfərdən birinin işgüzar niyyəti olub. Səfərə çıxan hər 100 nəfərdən təxminən 3-ü (2,7 faizi) dini ziyarətgahlara baş çəkib.

Buna da bax:​ 'Xəzər dənizinə turist cəlb etmək çətindir'- Ekspert

Hər 5-ci manat yeməyə xərclənib

Turistlərin 500 min nəfərdən çoxu otellərdə gecələyib. DSK-nın üzə çıxardığına görə, hər 100 səyahət həvəskarından 20-si kirayə götürülən evlərdə qalıb.

Səfərə çıxanlar turizm məqsədilə 2,5 milyard manat xərcləyiblər. Bir səfər müddətində turizm məqsədilə çəkilən xərc adambaşına, orta hesabla, 132,6 manat, birgünlük xərcsə 25,9 manat olub.

Ölkə vətəndaşları səfər boyunca nəqliyyata - 616 milyon, azuqəyə - 551 milyon, yerləşməyə - 352 milyon, idman və əyləncəyə - 248 milyon manat ödəyiblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG