Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:35

Amerikalı redaktor: 'Yaddaş və tarix eyni şey deyil...'


Charlottesville-də neonasitlərin aksiyası, Virginia, 11 August, 2017
Charlottesville-də neonasitlərin aksiyası, Virginia, 11 August, 2017

AzadlıqRadiosu-nun (RFE/RL) keçmiş xəbər direktoru, hazırda Virciniya Universitetinin müəllimi, "Hedgehog Review" jurnalının redaktoru Jay Tolson radioya müsahibəsində son günlər ABŞ-da baş verənlər, xüsusilə də Vətəndaş Müharibəsi dövrü qəhrəmanlarının abidələri ətrafında gedən müzakirələrə toxunub.

- ABŞ-da Vətəndaş Müharibəsinin üstündən 150 ildən çox vaxt keçsə də, Konfederasiya əsgərlərinə və komandanlarına qoyulmuş çox sayda abidə mövcuddur. Bu abidələrin indiki məqamda diqqət mərkəzində olmasının səbəbi nədir?

Buna da bax:​ ABŞ hesabatı: Azərbaycanda dini fəalların həbsləri davam edir

"Hedgehog Review" jurnalının redaktoru Jay Tolson
"Hedgehog Review" jurnalının redaktoru Jay Tolson

- Bu abidələr Vətəndaş Müharibəsinin bitməsindən dərhal sonra qoyulmayıb, çoxu Rekonstruksiya adlanan dövrdə qoyulub. Rekonstruksiya təqribən 1865-ci ildən 1877-ci ilədək davam edib. Bu, xüsusilə də cənub ştatlarını Birliyin... (ABŞ-ın) insanların quldarlıqdan azad edildiyi yeni şəraitə uyğun tamhüquqlu üzvlərinə çevirmək məqsədi daşıyırdı. Rekonstruksiyanı icra edənlərin çoxu şimallı idi. Onların çoxu istefada olan hərbçilər idi. Onlar müharibənin vurduğu yaraları sağaltmağa çalışıblar. Bir çox siyasətçilər, xüsusilə də Cənubda güclü olan demokratlar Şimaldakı demokratlarla birləşdilər və bu abidələrin qoyulması da o dövrə təsadüf edir.

1880-ci illərdən 1960-cı illərədək davam etmiş Jim Crow dövrü adlanan bu dövrdə seqreqasiya və qaraların hüquqlarını məhdudlaşdıran qanunlar qüvvədə olub. Müharibənin yaralarını sağaltmağa çalışmaqla quldarlıq dövründəki köhnə irqi qeyri-bərabərliyin təkrarlanması eyni zamanda baş verirdi. İnsanlar ayrıseçkiliyə məruz qalır, onlara ikinci dərəcəli vətəndaş kimi baxılırdı. Bu abidələr də Jim Crow dövrünün şərtləri ilə assosiasiya olunur.

Buna da bax: Amerikalıların 90 faizi Rusiyanı təhlükə hesab edir

Bəs niyə bu məsələ indi qalxır? Hesab olunur ki, 1950-60-cı illərin Vətəndaş Hüquqları hərəkatı bu məsələni həll edib. Ancaq indiki dövrdə Afrika amerikalıları və başqa qruplar bizim Vətəndaş Müharibəsini xatırlama tərzimizə yenidən baxmağımızı tələb edirlər. Yaddaş və tarix eyni şey deyil. Siz abidələri dəyişməklə tarixi dəyişmirsiniz. Sadəcə, tarixi necə xatırladığınızı deyişirsiniz. Ona görə də, cəmiyyətimizdə baş qaldıran hazırkı mədəni müharibə – o isə keçən həftəsonu Şarlotsvildə başlamayıb, illərlə davam edib – bizim Vətəndaş Müharibəsi və onun irsini necə xatırlamağımızla bağlıdır.

Cənab Tolson, bəs ABŞ bu müharibəni necə xatırlayır?

- Müxtəlif formalarda xatırlayır. Bu, sizin kim və haralı olmağınızdan asılıdır. Bəzi adamlar iddia edirlər ki, bu abidələrin sökülməsindən narazı olan ...ağdərili millətçilər sadəcə, öz ənənələrini və irslərini qoruyub saxlamağa çalışırlar. Onlar iddia edirlər ki, Vətəndaş Müharibəsində heç də bütün cənublular quldarlığın saxlanması uğrunda vuruşmayıblar, ştatların hüquqları və konfederasiya uğrunda vuruşublar. Ancaq alimlər bu yanaşmanı bəhanə hesab edirlər. Çünki ştatların hüquqları məsələsinin əsasında quldarlığın qorunub saxlanması dururdu. Bu, təkcə Cənub ştatlarında yox, qərbdə yeni yaranmış ştatlarda da belə idi.

Buna da bax:​ Trump yenə hər iki tərəfi suçlayır

Ancaq cənub ştatlarından olan Vətəndaş Müharibəsi fiqurlarının, Konfederasiya xadimlərinin qəhrəman kimi xatırlanmalı olduğunu düşünən çox sayda insan var. Ancaq həm cənubdan, həm şimaldan, həm də ölkənin başqa yerlərindən olan afrikalı amerikalılar bu yanaşma ilə razı deyillər. Onlar bu Vətəndaş Müharibəsini öz azadlıqları uğrunda mübarizə kimi görürlər. Bu gün amerikalıların çoxu belə düşünür. Bəzən öz prezidentimiz qarışıq, aydın olmayan mövqe nümayiş etdirir. O halda siz düşünə bilərsiniz ki, bəs görəsən, Amerikada çoxluq necə düşünür.

- Hazırda ABŞ-da irqi gərginlik həmişəkindən daha güclüdür, yoxsa media mövcud mənzərəni təhrif edir?

- Mən irqi gərginliyin bütün amerikalılar arasında daha da artdığını düşünmürəm Ancaq belə hesab edən adamlar var. Xüsusən də ağdərili irqçilər, ifrat sağçılar və neonasistlərlə bağlı olan şəxslər belə düşünür. Təbii ki, istər afrikalı amerikalılar, istərsə də öz maraqlarını təmin etmək istəyən başqa qruplar irq məsələsindən istifadə ediblər. Ağdərili millətçilərsə hesab edirlər ki, onların mövqeləri, iqtisadi vəziyyəti geriləyib, mədəniyyətləri, o cümlədən Konfederasiyanın rəmzləri hörmətsizliyə məruz qalıb. Bu, müəyyən iqtisadi və sinfi mübarizə parametrləri olan mədəni məsələdir.

Buna da bax:​ Obamanın tviti rekord vurdu

- Obama-nın prezidentliyi Amerikanın irqi bölünmə dövrünü keçdiyini göstərmirdimi?

- Mən prezident Obama-nın özünün bu mövqedə olduğunu düşünmürəm. O, cəmiyyətdə irqi bölünmənin mövcudluğunu qəbul edirdi. Sosial elmlərdə bunu fərqli terminlərlə izah etmək olar. Buna traybalizm də, etnik münaqişə də ... demək olar. Ancaq Obama-nın seçilməsi irqçiliyə son qoymayıb. O hələ də cəmiyyətdə, hər bir cəmiyyətdə mövcud olan qüvvədir. O, bəzən dərinin rənginə, bəzən dini fərqlərə, etnik qruplara fokuslanır.

- Bunu nəzərə alsaq, yaxın günlərdə və həftələrdə Konfederasiya abidələri ətrafında yeni toqquşmaların baş verəcəyi ehtimalı varmı?

- Əlbəttə. Bir-iki gün öncə heç bir rəsmi order, qərar olmadan etirazçılar Şimali Karolinada Konfederasiya abidəsini uçurmağa cəhd ediblər. Belə münaqişələrin sayı get-gedə artacaq. Prezidentsə deyir ki, bütün bunlar bitəndən sonra biz George Washington və Thomas Jefferson-un abidələrini uçuracağıq. Ancaq məncə, o, həmişəki kimi özünə xas qeyri-həssaslıq və tarixdən anlayışının olmamasını sərgiləyir.

Buna da bax: Trump transgenderlərə orduda xidməti qadağan etdi

Bir çox alimlər, o cümlədən afrikalı amerikalı alimlər hesab edirlər ki, George WashingtonThomas Jefferson-la Konfederasiya xadimləri arasında hər hansı bir bağlılıq yoxdur. Əlbəttə, Washington və Jefferson-un hər ikisinin qulları olub. Jefferson-un rolu daha problematikdir. Çünki o, İstiqlal Bəyannaməsinin müəllifidir. Onun insanların bərabərliyini bəyan etməsi, eyni zamanda da özünün Virciniyadakı plantasiyasında çox sayda qul saxlaması riyakarlıq kimi qiymətləndirilir. Alimlər bu məsələni açıq müzakirə edirlər. Hətta Henry Wiencek özünün "Dağların sahibi" ("Master of Mountains") kitabında quldar Jefferson-un nə dərəcədə aqressiv olduğunu ortaya qoyub. Hətta ömrünün sonuna doğru iqtisadi çətinlik yaşayan Jefferson şəxsi qazancını artırmaq üçün qulları ailələrindən ayıraraq satırmış. Bu mənada riyakarlıq kimi nəzərdən keçirilə biləcək çox şey var. Ancaq Thomas Jefferson-un abidəsini uçurmağa cəhd edilmir. Liberalların və demokratların bütləşdirdiyi siyasi xadimlər, məsələn, Andrew JacksonWoodrow Wilson da irqi məsələlərdə, Amerikada qaradərili insanların statusu məsələsində çox ziddiyyətli mövqeyə malik olublar.

...Bəzi qruplar hesab edirlər ki, onların iqtisadi və mədəni maraqları tənəzzül edir. Buna görə də onlar, bəzən aqressiv, bəzən zorakı yolla dirəniş göstərirlər. Bu məsələdə Vətəndaş Müharibəsi rəmzlərindən istifadə olunur. Amerikada ağdərili aşağı orta sinfin nümayəndələri hesab edirlər ki, onlar bəzi qruplara verilən üstünlüklərdən məhrumdurlar. Ancaq bunun həqiqi olub-olmamasının hər hansı bir sübutu yoxdur. Ancaq anlayış bundan ibarətdir və o, siyasətimizdə və gündəlik mədəni həyatımızda güclü amilə çevrilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG