Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:20

Trump yenə hər iki tərəfi suçlayır


D.Trump

Bir gün öncə irqçiliyi «şər» adlandıran ABŞ prezidenti Donald Trump avqustun 15-də bir daha ötən həftəsonu Virciniya ştatında ifrat irqçilərin yürüşündəki zorakılığa görə hər iki tərəfi günahlandırıb.

«Bir tərəfdə çox pis, digər tərəfdə isə çox, çox zorakı qrup olub», – Trump jurnalistlərə deyib.

Trump yürüş iştirakçılarına etiraz edən solçular arasında da «problem yaradanlar»ın olduğunu vurğulayıb və həmin solçuların yürüşə dəyənəklə silahlanmış getdiyini, zorakı qarşıdurma istədiyini qeyd edib. Yürüşü neonasistlər, ku-kluks-klançılar, ifrat irqçilər təşkil edib.

Toqquşmaları göstərən kadrlardan hər iki tərəfin beysbol dəyənəyi ilə silahlandığı, bir-birinə zərbələr endirdiyi görünür. Antifaşist etirazçılar sağçıların yürüşünü dağıtmağı planlaşdırdıqlarını bildiriblər.

Trump bunu «dəhşətli» adlandırıb, solçuların digər qrupa hücum məqsədiylə gəldiyini söyləyib.

SAĞÇI NÜMAYİŞÇİLƏRƏ RƏĞBƏT

ABŞ prezidenti hadisəyə dair ilkin şərhində də buna oxşar fikir səsləndirmişdi. O, avqustun 12-də deyirdi ki, zorakılığa «çox tərəf»in töhfəsi olub. Onun ilkin olaraq, sağçıları ittiham etməməsi kəskin tənqid olunmuşdu və avqustun 14-də yürüş təşkilatçılarını irqçiliyə görə pisləyib. Trump-ın sözlərinə görə, sağçı qrupları ona görə dərhal pisləməyib ki, faktları araşdırıb. O, günahın çoxunun neonasistlərə rəğbət bəsləməkdə şübhəli bilinən şəxsin üzərinə qoyub. Həmin şəxs nümayişçilərinə üzərinə maşın sürüb, bir qadını öldürüb, 19 nəfər yaralanıb.

ABŞ boyu etiraz aksiyaları başlandı
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

«Məncə, maşının sürücüsü özünə, ailəsinə və ölkəsinə üz qarasıdır. Buna terrorçuluq da deyə bilərsiniz, qətl də, nə istəsəniz, deyə bilərsiniz. Maşının sürücüsü qatildir və elədiyi dəhşətli, üzrxahlıq edilməyəcək bir şeydir», – Trump söyləyib.

Ancaq Trump sağçı nümayişçilərə rəğbət bəslədiyini də dilə gətirib. Yürüşçülər Şarlottsvill şəhərində General Robert E.Lee-nin heykəlinin uçurulması planına qarşı çıxırdılar. Robert E.Lee 1860-cı illərdə ABŞ vətəndaş müharibəsi zamanı Konfederasiya ordusunun komandiri olub.

«Onlar çox, çox vacib heykəlin və Robert E.Lee-nin adının parkdan götürülməsinə etiraz edirdilər», – Trump deyib.

NÖVBƏDƏ KİMDİR

Trump qeyd edib ki, keçmiş prezidentlər George Washington və Thomas Jefferson-un da qulları olub və bundan sonra pislənmək növbəsi onlarındırmı?

«Bu həftə sırada Robert E.Lee-dir. Maraqlıdır, gələn həftə növbə George Washington-a, daha sonra Thomas Jefferson-a çatacaq? Doğrudan da özünüzdən soruşmalısız ki, bu, harada dayanacaq?», – Trump deyib.

Trump-ın son dediklərini «Ku Klux Klan» təşkilatının keçmiş lideri David Duke alqışlayıb. O, Twitter-də yazıb:

«Prezident Trump, səmimilik və həqiqəti demək cəsarətinizə görə çox sağ olun».

Ancaq demokratlar və liberal qruplar Trump-ın əvvəlki mövqeyindən dönməsini pisləyiblər.

Virciniyadan olan senator Tim Kaine Twitter-də yazıb ki, Şarlottsvilldə zorakılığı bir tərəf qızışdırıb:

«Ağdərili irqçilər irqçilik, dözümsüzlük və qorxutma yayırlar. Bunlar faktdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG