"AbzasMedia" nəşrinin həbsdə olan baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) deyir ki, onun və digər müstəqil jurnalistlərin həbsi ölkədə prezident və ətrafındakıların həqiqətə dözümsüzlüyünün göstəricisidir.
"İnsan həqiqətə nə qədər dözə bilər? Ölkə başçısı İlham Əliyevin timsalında onun 2 il 2 ay dözdüyünü gördük. Bizim araşdırmalara başlamağımızdan bu qədər zaman keçdi və o özü korrupsiyalaşmış hökuməti barədə həqiqətləri daha eşitmək istəmədi", - S.Vaqifqızı martın 11-də məhkəmədə ifadə verərkən belə deyib.
Onun, eləcə də "AbzasMedia işi" üzrə həbsdə olan daha altı nəfərin - nəşrin təsisçisi və icraçı direktoru Ülvi Həsənlinin, onun müavini Məhəmməd Kekalovun, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovanın, "Turan" informasiya agentliyinin şöbə müdiri Hafiz Babalı və AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Martın 11-də məhkəmədə təqsirləndirilən jurnalistlərdən S.Vaqifqızı və E.Qasımova ifadə veriblər.
S.Vaqifqızı ifadəsində vurğulayıb ki, onlar Azərbaycan hökumətinin gizlətdiyi həqiqətləri xalqa, cəmiyyətə çatdırdıqlarına görə cəzalandırılıblar: "Hökumət televiziyaları "Xan kəndinə qayıdır" mahnısının sədaları altında adamları bihuş edəndə biz göstərirdik ki, xan doğrudan da Qarabağa qayıdıb - əkinə yararlı torpaqlar onun ailəsi və məmurlar arasında bölüşdürülüb. Məcburi köçkünlər evlərinə qayıdanda məmurlar oralarda böyük torpaq sahələrinin sahibinə çevrilmişdilər. Qarabağ veteranları isə pulunu vaxtında ala bilməyən, ya da heç almayan fəhlələrə dönmüşdülər".
"Bu jurnalistlərin heç biri nə gömrükdə saxlanılıb, nə də..."
Onun sözlərinə görə, indi həbsdə olan 23 jurnalist gömrüyə bəyan etmədən, qaçaqmalçılıq yoluyla ölkəyə pul gətirməkdə suçlanır. Lakin bu jurnalistlərin heç biri nə gömrükdə saxlanılıb, nə də onların üzərindən bəyan edilməmiş pul tapılıb.
İddia olunur ki, "AbzasMedia"nın ofisindən axtarış zamanı 40 min avro pul aşkarlanıb: "Hesab edirəm ki, o vəsait Prezidentin Ehtiyat Fondundan ayrılmış puldur. Tənqidçiləri şərləmək üçün ayrılıb. Əvvəl bir ünvana atılır. Sonra başqasını şərləmək üçün ayrı ünvana atılaraq orada istifadə olunur".
Təqsirləndirilən baş redaktor vurğulayıb ki, onların həbsi nə qaçaqmalçılıq, nə vergidən yayınma, nə də qanunsuz sahibkarlıq məsələsidir. Onun sözlərinə görə, problem ölkədə həqiqətə dözümsüzlükdür.
"AbzasMedia"nın təsisçisi Ü.Həsənli həbs olunarkən S.Vaqifqızı Azərbaycandan kənarda idi. Vəkili ondan soruşub ki, özünün də həbs təhlükəsi olduğunu bilə-bilə niyə ölkəyə qayıtdı? O, suala belə cavab verib: "Biz heç bir qanun pozuntusuna yol verməmişik. Tənqidçi jurnalistika ilə məşğul oluruq deyə, kimsə bizə "bu vətəndə yaşama" deyə bilməz".
Jurnalist E.Qasımova da ifadəsində "AbzasMedia"nın araşdırmalarına görə cəzalandırıldıqlarını vurğulayıb. Bu nəşrin əməkdaşı olduğu üçün fəxr etdiyini deyən jurnalist bildirib ki, əslində, məhkəmə qarşısında onlar yox, korrupsiyasını ifşa etdiyi şəxslər dayanmalıydı: "O şəxslər illərdir ki, bu ölkənin vətəndaşlarına çatmalı olanları mənimsəyir, ölkəni talamaqdan gözləri doymur. Xalqdan oğurladıqlarının hesabına uşaqlarını hələ kiçik yaşlarından sərvət, imtiyaz sahibi edirlər. Əvəzində bu ölkədə yarıac dolanan, pulsuzluqdan təhsil ala bilməyən, dilənməyə məcbur qalan uşaqlar var...".
Adları çəkilən jurnalistlərin hər ikisi AzadlıqRadiosunun əməkdaşı F.Mehralızadə haqqında sualı cavablayarkən deyib ki, onun "AbzasMedia"ya aidiyyəti olmayıb. Onlar bildiriblər ki, F.Mehralızadə iqtisadçı olduğundan bəzən ekspert qismində ondan müsahibə alınıb.
"Hətta mən də müstəntiqdən soruşdum ki, "Abzas"a heç bir aidiyyəti olmayan Fərid Mehralızadəni niyə tutub bu işə qoşmusunuz? Müstəntiq zarafatca dedi ki, səninlə eyni rayondan – Füzulidən olduğuna görə", - S.Vaqifqızının sözləridir.
"AbzasMedia"çıların məhkəməsi aprelin 1-də digər təqsirləndirilən şəxslərin ifadələriylə davam edəcək.
Xatırlatma
"AbzasMedia" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və direktor müavini Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.
"AbzasMedia işi" üzrə toplam 7 jurnalist həbsdədir. Təqsirləndirilən şəxslərə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib.
Bu ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Son 1 il 4 ayda Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 300 siyasi məhbus var.
Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.