Azərbaycanda həbsdəki səkkiz qadın jurnalistin fotosu olan plakatla şəkil çəkdirib Facebook hesabında yayandan bir gün sonra həbs edilən ictimai fəal Rauf Heydərov zorakılığa məruz qaldığını deyir.
Martın 13-də Bakı Apellyasiya Məhkəməsində onun haqqında 30 sutkalıq həbs qərarından verilmiş şikayətə baxılıb. R.Heydərov bildirib ki, haqqındakı qərar əsassızdır, nə xuliqanlıq edib, nə də polisə tabesizlik göstərib. İctimai fəalın sözlərinə görə, martın 10-da xəstəxanadan çıxarkən mülki geyimli polislər onu saxlayıb.
Zorakılıqla saxlandığını iddia edən R.Heydərov bildirib ki, onu sürüyə-sürüyə maşına mindiriblər. Polis idarəsində də zorakılığın davam etdiyini vurğulayan ictimai fəalın dediyinə görə, onu vəkildən imtinaya məcbur ediblər. Bu haqda ərizəni imzalamasından ötrü də döyüblər.
Hakimlər zorakılıq izləri barədə sual verib
R.Heydərov birinci instansiya məhkəməsində də başına gələnləri danışdığını da söyləyib. Üzərindəki zorakılıq izlərini görən hakimlərin bu barədə suallar verdiyini, ancaq qərarda nəzərə alınmadığını da deyib. Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələriylə tərtib edilmiş protokol haqlı sayılıb və 30 sutkalıq həbs haqda qərar çıxarılıb.
Qərarda iddia olunur ki, R.Heydərov küçədə söyüş söyüb və polislər onu intizama dəvət etsə də, tabe olmayıb. Ancaq özü düşünür ki, onu həbsdə olan xanım jurnalistlərlə bağlı keçirdiyi aksiyaya görə həbs ediblər.
İctimai fəalın dediklərinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və 30 sutkalıq həbs qərarı qüvvəsində qalıb.
Xatırlatma
R.Heydərov Cəfər Cabbarlının Bakıdakı heykəli önündə qadın jurnalistlərin fotoları əks olunan plakatla şəkil çəkdirib, Facebook hesabında paylaşaraq bunları yazıb: "Hökumət üçün qorxulu saatlar... Sadəcə, varlığımız bu ölkəyə, bu mübarizəyə yetir. Həmişə var olun".