Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 06:15

ABŞ 'Buça qəssabı' kimi tanınan Rusiya polkovnikinə sanksiya qoyub


Azatbek Omurbekov
Azatbek Omurbekov

ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir ki, Birləşmiş Ştatlar Rusiya silahlı qüvvələrinin iki hərbçisi - polkovnik Azatbek Omurbekova və yefreytor Daniil Frolkinə sanksiyalar elan edib.

Həm də "Buça qəssabı" kimi tanınan Omurbekova sanksiyalar "kobud insan haqları pozuntularına, dəqiq deyilərsə, Andreyevkada dinc ukraynalıların qətllərinə görə" qoyulub.

ABŞ Dövlət Departamentinin bəyantında deyilir:

"Rusiya qoşunlarının Ukraynanın Andreyevka qəsəbəsinə nəzarət etdiyi vaxt Omurbekov 64-cü əlahiddə motoatıcı briqadasının komandiri olub. Daha sonra Omubekov elə bu briqadaya Ukraynanın Buça qəsəbəsində komandirlik edib. Dövlət Departamenti aşkar edib ki, bu briqadanın əsgərləri dinc sakinləri öldürür, döyür, doğrayır və yandırırdılar".

Bəyanatda deyilir ki, yefreytor Frolkin isə Andreyevkada silahsız Ukrayna vətəndaşının qanunsuz ölümündə ittiham edilir.

Sanksiyalar Omurbekov və Frolkinin, habelə onların yaxın qohumlarının ABŞ-a girişini qadağan edir.

Küçələrdə onlarca meyit

Kiyev vilayətindəki Buça qəsəbəsi bir ay müddətində Rusiyanın işğalında olub və Ukrayna ordusu buranı 31 mart 2022-ci ildə azad edib.

Şəhərə ilk daxil olan Ukrayna hərbçiləri və istehkamçıları küçələrdə onlarla ukraynalının meyitlərini aşkar ediblər.

Həlak olanların qolubağlı cəsədlərinin fotolarını Reuters, UNIAN, AFP və başqa agentliklər dərc etmişdilər.

Meyitlərdən görünürdü ki, adamların əksəriyyəti boyunlarının arxasına atəş açılaraq qətlə yetirilib.

Ukrayna prokurorluğu müəyyən edib ki, Buçada işğal ərzində 600 mülki şəxs qətlə yetirilib. Onların əksəriyyətinə ağır işgəncələr verilmişdi. Prokurorluq Rusiya hərbçiləri tərəfindən törədilmiş 1100 cinayət faktını aşkar etdiyini bildirib.

Rusiya danır

Yerli sakinlər, Ukrayna hökuməti və bir çox Qərb siyasətçiləri əmindirlər ki, bu cinayətlər bilavasitə olaraq konkret Rusiya hərbi hissələri tərəfindən törədilib.

Rusiya Müdafiə Nazirliyi dinc sakinlərin Rusiya hərbçiləri tərəfindən güllələnməsini danır və sözü gedən fotoları "təxribat" adlandırır.

Buçada meyitlərin yığışdırılması
Buçada meyitlərin yığışdırılması

Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatının apardığı təhqiqat Rusiya ordusuna qarşı ittihamları təsdiqləyib.

Təşkilatın hesabatında deyilir ki, Rusiya qoşunları Buçadan çıxdıqdan bir neçə gün sonra burada Rusiya hərbçilərinin ağır hərbi cinayətlər törətdiyi məlum olub.

BMT-nin insan haqları üzrə Ali Komissarlığının bəyanatında deyilir ki, 31 oktyabr 2022-ci ilə olan məlumata görə yüzdən artıq ekspertdən ibarət təhqiqat qrupu Rusiya işğalı zamanı Buçada 73 mülkinin öldürüldüyünü müəyyənləşdirib.

Ali Komissarlıq bildirir ki, insanların bir çoxu sadəcə olaraq küçədə olduqlarına görə qətlə yetirilib.

XS
SM
MD
LG