Rusiya İstintaq Komitəsinin xüsusi təhlükəsizlik rəisi Mixail Maksimenko ölü tapılıb.
Bu barədə RBK agentliyinə məlumatı Maksimenkonun vəkili Andrey Qrivtsov verib.
TASS xəbər agentliyinin məlumatına görə Maksimenkonun meyitini koloniyalardan birində aşkar ediblər.
Amma Mash teleqram kanalı yazır ki, meyit psixiatrik klinikanın əşyaların saxlanması kamerasında tapılıb.
Təsdiq olunmamış rəsmi məlumata görə Maksimenko intihar edib.
Rusiya penitensiar sisteminə yaxın mənbə RBK agentliyinə deyib ki, Maksimenko intihar cəhdindən sonra psixiatrik xəstəxanada müalicə olunurdu.
1 milyon dollar rüşvət
Mixail Maksimenkonun 50 yaşı vardı. O keçmiş ədliyyə generalı-mayorudur. Xəbər verilir ki, o cəzasını Nijeqorod vilayətindəki koloniyada çəkirdi.
Maksimenko 2016-cı ildə Şakro Molodoy kimi tanınan qanuni oğru Zaxari Kalaşovdan rüşvət alması şübhəsi ilə həbs olunub.
İstintaqın versiyasına görə Maksimenko İstintaq Komitəsi Moskva baş idarəsinin keçmiş rəisi Aleksandr Drımanov və başqa vəzifəli müstəntiqlərlə birlikdə 2015-ci ildə Roçdel küçəsində baş vermiş atışmada ittham olunan "İtalyanets" ləqəbli Andrey Koçuykovu təcridxanadan azad etdirmək üçün bir milyon dollar rüşvət alıb.
2018-ci ildə məhkəmə Maksimenkonu 13 il müddətinə azadlqıdan məhrum edib. Drımanova 12 il iş kəsilib.