İranda apellyasiya məhkəməsi ötən il baş vermiş kütləvi nümayişdə öldürülmüş gəncin anası Məhsa Yəzdani barəsində 13 illik həbsxana cəzası hökmünü qüvvədə saxlayıb.
Xanım Yəzdani oğlunun təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi ilə bağlı sosial media postlarında "sistemə qarşı təbliğatda" və "inqilab banisinin təhqirində" ittiham edilir.
Yəzdaninin vəkili Meysam Musəvi məhkəmə qərarı bardə xəbəri təsdiq edib.
Şərhçilər bildirirlər ki, Yəzdani barəsində hökmün ağırlığı hakimiyyətin gənc qadın Məhsa Əmininin ölümünə görə başlanmış və bütün ölkəni bürümüş kütləvi etirazlarla bağlı tənqidlərə qarşı nə dərəcədə sərt olduğunu nümayiş etdirir.
Bu etirazlarda təkcə məcburi hicab qaydasına yox, hakimiyyətin siyasətlərinə qarşı tənqidlər səsləndirilir, daha geniş azadlıqlar tələb olunurdu.
Kədərini sosial mediada paylaşan ana
Yəzdaninin oğlu Məhəmməd Cavad Zahedi hökumət qüvvələri tərəfindən ölkənin şimalındakı Sari şəhərində öldürüləndə 20 yaşı vardı.
Yəzdani oğlunun ölümündən kədərini sosial mediada paylaşırdı. O yazırdı ki, bu ölüm onu "tamamilə sındırıb və dəlilik dərəcəsinə çatdırıb". Ana oğlunun ölümündə rejimi ittiham edirdi.
Zahedi Məhsa Əmininin ölümünə görə keçirilən aksiyalarda öldürülən yüzlərlə fəaldan biri idi.
İnsan Haqları Fəallarının Xəbər Agentliyi bildirir ki, kütləvi aksiyalarda 71-i azyaşlı olmaqla 500-dən çox ölən olub.
Məzarlara hörmətsizlik
Hakimiyyət və öldürülənlərin və ya həbs edilənlərin yaxınları arasında gərginlik bugünlərdə əksər etirazçıların ölüm ildönümləri ilə bağlı yenidən artmışdı.
Hakimiyyət qurbanların ailələrinin onlar üçün yadetmə mərasimləri keçirməsinin qarşısını almaq məqsədilə kütləvi həbslərə və başqa məhdudlaşdırılıcı tədbirlərə əl atıb.
Müşahidəçilər qeyd edirlər ki, hakimiyyət etirazların yenidən alovlana biləcəyindən narahatdır.
Qurbanların məzarları ilə davranış da onların ailələrinin hiddətinə səbəb olur.
Əmini də daxil etirazçı qurbanların məzarlarına qarşı vandalizm aktları baş verir.
Amnesty International da daxil beynəlxalq insan haqları təşkilatları İran hakimiyyətinin hərəkətlərini kəskin pisləyiblər.
Amnesty International təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Diana Eltahavi İran hakimiyyətini qurbanların ailələri ilə pis rəftara və ədalətin qarşısını aldığına görə sərt tənqid edib.