Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 19:35

ABŞ BMT-dən Qəzzada iki illik beynəlxalq qüvvəni təsdiqləməsini istəyə bilər


Qəzza dağıntılardan təmizlənir
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Qəzza dağıntılardan təmizlənir

ABŞ BMT-də Qəzzada iki illik keçid idarəetmə orqanı və beynəlxalq sabitləşdirmə qüvvəsini təsdiqləyən qətnamə layihəsi hazırlayıb. "Reuters" bunu gördüyü sənədə istinadla yazır.

Diplomatlar layihənin hələ hazırlanma mərhələsində olduğunu, dəyişə biləcəyini deyiblər. Bu həftə layihəni bəzi ölkələrlə paylaşıblar. Amma, hələlik, Təhlükəsizlik Şurasının 15 üzvü arasında müzakirəyə çıxarılmayıb. Vaşinqtonun bunu nə vaxt edəcəyi bəlli deyil.

ABŞ Dövlət Departamentinin təmsilçisi deyib ki, prezident Donald Trampın Qəzza planının gerçəkləşdirilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının üzvləri, digər tərəfdaşlarla danışıqlar gedir. Amma sızdırıldığı ehtimal edilən sənədlər barədə şərh verməyib.

İki səhifəlik qətnamə layihəsində deyilir ki, "Sülh şurası" adlı keçid idarəetmə administrasiyasına Qəzzada müvəqqəti Beynəlxalq Sabitləşdirmə Qüvvəsi (ISF) yaratmaq səlahiyyəti veriləcək. Bu qüvvənin mandatının icrası üçün bütün zəruri tədbirlərdən, hərbi gücdən istifadə etmək icazəsi olacaq.

ISF mülki əhalini, humanitar əməliyyatları qoruyacaq, İsrail, Misir və "yeni təlim keçmiş və yoxlanılmış Fələstin polisi" ilə birlikdə sərhədlərdə təhlükəsizliyi təmin edəcək. Qüvvə Fələstin polisinə təlim keçəcək, onu dəstəkləyəcək.

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS ilə İsrail bir ay öncə Trampın Qəzza üzrə 20 bəndlik planının ilk mərhələsinə razılaşıblar. Bununla iki illik müharibəyə son qoyulub, girov mübadiləsi aparılıb.

Qətnamə layihəsi isə planın növbəti mərhələsini, Sülh Şurası və ISF-in yaradılmasını dəstəkləyir.

Trampın planında HƏMAS-ın Qəzzadakı idarəçiliyinə son qoyulması, qruplaşmanın tərksilahı nəzərdə tutulur. HƏMAS, hələlik, tərksilahla bağlı rəsmi açıqlama verməyib, ancaq daha öncə belə tələbləri rədd edib.

Tramp administrasiyası ABŞ hərbçilərinin Qəzzaya göndərilməsini istisna edib. "Reuters" Vaşinqtonun İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qətər, Türkiyə və Azərbaycanla çoxmillətli qüvvəyə qoşulmaq barədə danışıqlar apardığını yazır. İsrail dəfələrlə Türkiyə qüvvələrinin yerləşdirilməsinə etiraz edib.

Sənəd həmçinin Dünya Bankı, digər maliyyə qurumlarını Qəzzanın bərpası və inkişafına maliyyə resursları ayırmağa çağırır. Bunun üçün donorların idarə etdiyi xüsusi etimad fondu yaradılması təklif olunur.

Təhlükəsizlik Şurasında qətnamənin qəbul olunması üçün ən azı doqquz səs və ABŞ, Britaniya, Fransa, Rusiya və Çinin veto qoymaması lazımdır.

Layihə barədə məlumatı ilk dəfə "Axios" yayıb.

XS
SM
MD
LG