Oktyabrda Vilnüsdə Enerji sammiti çərçivəsində GUAM ölkələri dövlət başçılarının yubiley iclası, noyabrda isə Madriddə ATƏT xarici işlər nazirlərinin sammiti çərçivəsində GUAM XİN rəhbərlərinin toplantısı keçiriləcək.
Bu barədə razılıq dünən Nyu-Yorkda Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova xarici işlər nazirlərinin yığıncağında əldə edilib.
Görüşün protokolunda bildirilir ki, tərəflər GUAM Nizamnaməsinin və təşkilatın imtiyazları və immunitetləri haqqında sazişin dövlətlər daxili ratifikasiya prosedurunun sürətləndirilməsini tövsiyə ediblər. Bu məsələlər GUAM-ın tezliklə Bakıda keçiriləcək Parlament Assambleyasının sessiyasında müzakirə olunacaq.
Amma nazirlər BMT Baş Assambleyasının 62-ci sessiyasının gündəliyinə daxil edilmiş «GUAM məkanında «dondurulmuş münaqişələr» və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri» bəndi üzrə növbəti addımları müəyyənləşdirə bilməyiblər.
Perspektivdə Azərbaycan, Gürcüstan və Moldovanın Ukraynada akreditə olunmuş səfirlərinin GUAM yanında daimi nümayəndə kimi təyin olunacaqları da gözlənilir. Nazirlər GUAM katibliyinin işinin başlanması və Katiblikdə Moldova nümayəndəsinin təyinatı barədə qərar qəbul ediblər.
GUAM ölkələrində gənclər festivallarının təşkili barədə Moldovanın təklifi isə XİN başçıları tərəfindən maraqla qarşılanıb.