Keçid linkləri

2025, 20 İyun, Cümə, Bakı vaxtı 03:07

İnternet erməni və azərbaycanlıları yenidən birləşdirir


Yeni texnologiya vasitəsilə köhnə əlaqələrini təzələyən çoxlu sayda insanlar var
Yeni texnologiya vasitəsilə köhnə əlaqələrini təzələyən çoxlu sayda insanlar var
«80-ci illərin sonlarında başlayan Ermənistan-Azərbaycan münaqişəsinin faciəsi çox ailələri dığıdıb. Ancaq hər iki tərəfdən çoxlu sayda adi insan xəlvətcə bir-biriləri ilə əlaqə saxlayırlar», - Böyük Britaniyanın «Müharibə və Sülh İcmalları İnstitutu» (IWPR) belə yazır. Erməni Svetlana Firyan azərbaycanlı məktəb yoldaşı ilə dostluğu qoruyub saxlamaq üçün internetdən istifadə edir. Baxmayaraq ki, onlar 17 ildən çoxdur ki, bir-birilərini görmürlər.

44 yaşlı Firyan Bakıda doğulub, boya-başa çatıb. O, Bakıda yaşayan azərbaycanlı rəfiqəsinə problemlər yaratmamaq üçün onun adını çəkməməyi xahiş edir.


İki qız uşaqlıq dostları sonradan peşəkar idmançı olublar.


«Uşağım doğulanda, idmanı atmağa məcbur oldum»,- Firyan belə deyir: «Amma mənim rəfiqəm peşəkar idmançı karyerasını müvəffəqiyyətlə davam etdirdi. 1989-cu ildə, ermənilər Bakıdan deportasiya olunan vaxt, o, xaricdə çempionatda iştirak edirdi».


Firyan ən yaxın rəfiqəsi ilə vidalaşmadan Bakıdan çıxmalı olub. Sonradan böyük miqyaslı müharibəyə çevriləcək münaqişənin qızışması rəfiqələrin əlaqə yaratmasını demək olar ki, mümkünsüz edib.


Svetlana Firyan: «Telefon rabitəsi yox idi, poçt işləmirdi, amma rəfiqəm mənə məktub yollayırdı. Mənsə Rusiyadakı tanışlarım vasitəsilə ona cavab yazırdım».


Firyan atəşkəsin imzalandığı 1994-cü ildən Ermənistan qüvvələrinin nəzarət etdiyi Dağlıq Qarabağda məskunlaşıb və hələ də orada yaşayır. O, idman məktəbində işləyir.


«Müharibə və Sülh İcmalları İnstitutu» yazır: «Dostluq hər şeyə sinə gəlib. Firyan çantasını ələk-vələk edib, iftixarla Bakıda birlikdə çəkdirdikləri son fotonu göstərir. Firyan deyir ki, azərbaycanlı rəfiqəsi hərdən xaricdə səfərdə olanda, ona zəng edir».


Son illər Dağlıq Qarabağda internetin peyda olması Bakının 113 saylı məktəbində başlanan dostluğu qoruyub saxlamağı daha da asanlaşdırıb.


Svetlana deyir ki, onlar məktublarında siyasi mövzulardan qaçırlar, şəxsi həyatlarını, gündəlik hadisələri müzakirə edir, ötənləri yada salır, gələcəyi planlaşdırırlar.


Svetlana Firyan: «Mən Dağlıq Qarabağın müstəqilliyi uğrunda mübarizə aparanlardan biriyəm. Düşünürəm ki, bu, düzgün siyasətdi. Ancaq iki xalqı bir-birindən təcrid etmək, onlara ünsiyyət saxlamağı qadağan etmək mümkün deyil. Şəxsi xatirələri necə dağıtmaq, sevdiyin insana necə nifrət etmək və siyasi vəziyyət ucbatından onunla necə danışmamaq olar?..


Son məktubunda rəfiqəm yazır ki, yenə doğulan körpəsi ilə məşğuldur və vaxtı yoxdur. Məncə, onun qayğıları azalan kimi, biz görüşməyə cəhd edəcəyik, ehtimal ki, üçüncü ölkədə».


Firyan və onun azərbaycanlı məktəb yoldaşı e-mail və internet xidmətlərdən yaralanan yeganə adamlar deyillər. Çoxları qarşı tərəflə əlaqələrdə ehtiyatlı olmağı üstün tuturlar, lakin BBC-nin «Dostlar yenidən birləşir» veb-forumunun uğuru göstərir ki, yeni texnologiya vasitəsilə köhnə əlaqələrini təzələyən çoxlu sayda insanlar var.


2004-cü ildə bu xidməti yaradan BBC əməkdaşı Famil İsmayılov IWPR-a deyir ki, forum fəaliyyətdə olduğu üç il ərzində azı 50 dost cütlüyünə yenidən ünsiyyət qurmağa yardım edib.


Böyük şəhərlərdə internetə çıxış asan olsa da, kənd yerlərində çox sayda erməni və azərbaycanlı üçün bu, arzu olaraq qalır. Bu insanlar üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) poçt xidməti təklif edir.


BQXK-nin Qarabağ Ofisinin rəhbəri Jak Barberis IWPR-ə deyir ki, ötən il onlar Qarabağdan Azərbaycana 50-dən çox məktub yollayıb, elə o qədər də cavab məktubu alıblar. Məktublar BQXK-nin verdiyi xüsusi formada yazılıb.


Jak Barberis deyir ki, xidmətin iki məqsədi var; qırılmış köhnə əlaqələri bərpa etmək və mövcud əlaqələri qorumaq.


Tofiq Əliyev ermənilərin çoxluq təşkil etdiyi Dağlıq Qarabağda yaşayan azsaylı azərbaycanlılardan biridir. İndi 66 yaşı var, o, hazırda erməni həyat yoldaşı Valentina ilə Əskəranda yaşayır.


Əliyev IWPR-ə deyir ki, 1990-cı ildən yeddi qardaşı və iki bacısından xəbəri yoxdur. Xanımı nə qədər təkid etsə də, onlarla əlaqə saxlamamağı və yaxın qohumlarını axtarmamağı üstün tutur: «Mən maraqlanmağa başlasam, ola bilsin, onlar Azərbaycanda mənim yaxınlarıma təzyiq etməyə başlayacaqlar və bu, onlara zərər yetirə bilər. Nə isə pis şeyin olmasındansa, ümumiyyətlə heç bir məlumatımın olmaması daha yaxşıdır».


Tofiq Əliyev deyir ki, 1964-cü ildə Əskərana gəlib, Valentina ilə tanış olanda sürücü işləyirmiş: «1966-cı ildə evləndik və Əskəranda yaşamağa başladıq».


Bəs Valentina nə düşünür?


«Tofikin valideynləri və yaxınları heç vaxt mənə pislik etməyiblər. Qarabağ münaqişəsi başlayana qədər biz dinc və dostluq şəraitində yaşayırdıq, bir-birimizə baş çəkirdik».


1988-ci ildə Qarabağı Sovet Azərbaycanından qopartmaq hərəkatı başlayandan sonra cütlük Əliyevin Azərbaycandakı ailəsi ilə yaşamaq üçün Qarabağı tərk edib. Ancaq səhhətinin pisləşməsi sonradan Valentinanı evə dönməyə vadar edib. Tofik Əskərana qayıtmağı qərara alana qədər cütlük səkkiz ay ayrı yaşayıb.


«Atam həmişə deyərdi ki, ailən dağılmamalıdır», Tofiq əlavə edir.


Cütlük Əskəranda kiçik birotaqlı mənzildə yaşayır, ayda aldıqları 40 min dram təqaüdlə və balaca bağdan yığdıqları meyvələrlə birtəhər dolanırlar. Tofikin yeganə şikayəti ondandır ki, həyat yoldaşı pişik həvəskarıdır: «Əvvəlcə onları yedizdirir, sonra məni».


Tofiq Əliyev: «Bizim yeganə köməyimiz Allah və Tatuldur, o, bizə lazım olanda kömək edir».


Tatul Əskəranın meri, bu ailənin dostudur.


Əliyev bildirir ki, ailəsi üçün darıxanda, Azərbaycan televiziyasını qurur. Dağlıq Qarabağda iki xalqı ayıran atəşkəs xətti boyu Azərbaycan televiziyalarını hələ də çətinlik çəkmədən tutmaq olur…


XS
SM
MD
LG