Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:07

«Gürcüstanda azərbaycanlıların ən böyük problemi təhsillə bağlıdır»


Tbilisidə azərbaycanlıların kompakt halda yaşadığı «Şeytan bazar» məhəlləsi
Tbilisidə azərbaycanlıların kompakt halda yaşadığı «Şeytan bazar» məhəlləsi
Azərbaycan mediasında daim diqqət mərkəzində olan mövzulardan biri Gürcüstanda yaşayan azərbaycanlıların problemləridir.

Gürcüstan azərbaycanlılarının torpaq, dil, təhsil və sair məsələlərdə ciddi problemlərinin olması barədə il boyu Milli Məclisdə də məsələ qaldırılır, ziddiyyətli fikirlər səslənir. Elə Tbilisidə bu barədə söhbət etdiyim azərbaycanlıların da fikirləri birmənalı olmadı.


İlk həmsöhbətim «Gürcüstan bizim vətənimizdir» təşkilatının sədri Əli Babayev dedi ki, bu ölkənin vətəndaşı olmaqdan qürur duyur. Amma Gürcüstanda yaşayan milli azlıqların, o cümlədən də azərbaycanlıların problemlərinin süni yaradıldığını hiss edəndə daha çox narahat olurlar. Belə ki, azərbaycanlılar dövlət orqanlarında işə götürülmür. Eduard Şavarnadzenin vaxtında işləyənlər də vəzifədən kənarlaşdırılıb. Regionlarda, xüsusilə də azərbaycanlıların sıx yaşadıqları Borçalıda-Kvemo Kartli quberniyasında camaat hələ də torpaq payını ala bilmir.


Əli Babayevin fikrincə, ən böyük problem isə təhsilə bağlıdır. Ölkədə aparılan təhsil islahatları bir başa Azərbaycan məktəblərinin əleyhinə yönəlib. Gürcü dilini bilmədikləri əsas gətirilərək məktəb direktorları işdən çıxarılır. Gürcüstanda fəaliyyət göstərən 165 Azərbaycan məktəbinin yalnız birinin direktoru gürcü dili imtahanından keçə bilib.


Əli Babayev bazarlarda da problem olduğunu deyir. Onun sözlərinə görə bölgələrdən Tbilisiyə məhsul gətirməkdə heç bir problem yoxdur. Amma bazarda qruplar var. Həmin qruplar azərbaycanlıları bazarın girişindəcə məhsulu dəyər-dəyməzinə bir yerdən satmağa məcbur edirlər.


Cənab Babayev Azərbaycanın Gürcüstandakı səfirliyinin fəaliyyətindən də şikayətləndi. Onun fikrincə, etnik azərbaycanlılar səfirliyin dəstəyini hiss etmirlər.


Ancaq Tbilisinin mərkəzi hissələrindən birində, azərbaycanlıların çoxluq təşkil etdiyi «Şeytan bazar» adlanan məhəllədə isə bir qədər fərqli fikirlər eşitdim. Orada görüşdüyüm adamlar deyirdilər ki, Azərbaycan səfiri və səfirliyin əməkdaşları tez-tez oradakı Heydər Əliyev adına parka gəlir camaatla görüşürlər. Yerlərdə azərbaycanlıların dövlət orqanlarında işə götürülməməsi və ya işdən çıxarılmasının günahı isə daha çox onların özlərindədir.


Tbilisidə söhbət etdiyim azərbaycanlı taksi sürücüləri, satıcılar da özlərinə qarşı hər hansı ciddi problem yaradıldığını hiss etmədiklərini dedilər. Onların ümumi narazılığı paytaxtda fəaliyyət göstərən Azərbaycan teatrının rejissorunun gürcü olmasıdır. Teatrla əlaqə saxlamaq cəhdim baş tutmadı.


Amma sadalanan problemlərlə bağlı Gürcüstan parlamentində insan hüquqları komitəsinin sədri Elena Tevtoradze deyir ki, dövlət etnik azlıqların sıx yaşadığı rayonlarda gürcü dilinin öyrənilməsi işində artıq müəyyən addım atıb. «Ancaq təəssüf ki, hələ konkret nəticə müşahidə olunmur. Dövlət proqramı ilə yanaşı beynəlxalq təşkilatların-ATƏT və AŞ-nin da bu sahədə mövcud olan proqramları da hələlik ciddi nəticə verməyib».


Azərbaycanlıların dövlət orqanlarında işləməməsi barədə deyilənlərə gəlincə, Elena Tevtoradze bunları dedi: «Dünyada belə bir təcrübə mövcud deyil ki, dövlət orqanlarında milli azlıqlar üçün kvota müəyyən olunsun. Gürcüstan ərazisində yaşayan insanların hamısı bu ölkənin vətəndaşlarıdır. Onların hamısı eyni qanunlara və tələblərə tabedirlər. Dövlətin isə yeganə borcu belə insanların cəmiyyətə sərbəst inteqrasiyası üçün hər cür kömək göstərməkdir».


Gürcüstan parlamentində İnsan Hüquqları Komitəsinin sədri bazarlarda mafioz qrupların olması barədə ilk dəfə eşitmədiyini deyir. Deputat bildirir ki, əgər həqiqətən də kimlər üçünsə problemlər yaradılırsa, onda müvafiq dövlət orqanlarına müraciət etməlidirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG