Travers-Siti şəhərində 15 yaşlı məktəbli öz dostuna etiraf edib ki, onu alçaltdıqlarına görə sinif yoldaşlarından intiqam almaq istərdi.
Məktəblinin niyyəti haqqında xəbər Qrand-Travers qraflığının şerifinə çatıb. Miçiqan polisi məktəblinin evində axtarış aparıb və 12 tüfəng və döyüş sursatı aşkarlayıb.
İlkin məlumata görə, silah məktəblinin valideynlərinə məxsusdur. Yeniyetmə müayinə və müalicə üçün tibbi mərkəzə göndərilib. O, sinif yoldaşlarından intiqam almaq istədiyini dərhal boynuna alıb. Deyib ki, ideya onun ağlına hələ iki ay əvvəl gəlib.
2007-ci il aprelin 16-da iki tapança ilə silahlanmış 23 yaşlı Ço Sen Xi Virciniya ştatının Texniki Universitetinin yataqxanasına girib, tələbələrə atəş açıb, 2 saat sonra isə tədris korpusuna keçərək oradakıları atəşə tutub. İnsident nəticəsində 32 nəfər ölüb, daha 30 tələbə və müəllim isə yaralanıb. Kütləvi qətliamdan sonra cani özünə də atəş açıb.
Həmin hadisə ABŞ-ın yaxın tarixi ərzində ictimai yerdə ən qanlı insident sayılır.