Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 05:15

Keçmiş başçının nələrdə günahlandırıldığı bilindi


A.Məmmədov və İ.Əliyev

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yayıb.

Aprelin 29-da yayılan məlumatda DTX-nın həyata keçirdiyi kompleks əməliyyat-istintaq tədbirlərindən bəhs edilir.

2 milyonluq əmlakı olan qurumun payları 40 manata...

Bildirilir ki, Çinarlı bələdiyyəsinin təsis etdiyi, 2 milyon 844 min manat əmlakı olan "Çinarlı Qəsəbə" MMC-nin payları onun oğlu Adil Adilzadəyə və tabeçiliyində fəaliyyət göstərən şəxslərə məxsus "Şəmkir Səbət Ticarət Mərkəzi" MMC-yə cəmi 40 manata satılıb.

Bu zaman keçmiş başçının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə şübhə yarandığı bildirilir: "...967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan "Abad Şəmkir" MMC-nin paylarını Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə şübhələr müəyyən edilib".

Bundan başqa, açıqlamaya görə, rüşvətlə də bağlı şübhələr var: "Alimpaşa Məmmədovun ... ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır...".

"Pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər..."

Açıqlamaya görə, A.Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlardan alınan vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb: "Alimpaşa Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib".

İttihama keçmiş başçı və yaxınlarından münasibət almaq mümkün olmayıb.

Şəmkirin keçmiş icra başçısı həbs edilib

Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu barədə "Turan"a Səbail rayon Məhkəməsindən məlumat verilib.

Məlumata görə, Səbail rayon Məhkəməsində aprelin 28-də istintaq orqanın təqdimatına baxılıb və təqdimat təmin edilib.

A.Məmmədovun Cinayət Məcəlləsinin (CM) 179 (Mənimsəmə və ya israf etmə) və 311-ci (Rüşvət alma) maddələri ilə ittiham olunduğu bildirilir.

A.Məmmədovu aprelin 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı deyilirdi. Amma bununla bağlı DTX, hələlik, hər hansi rəsmi açıqlama yaymayıb.

Həbs və qeyd edilən ittihamlara keçmiş başçıdan da ayrılıqda hər hansı münasibət almaq mümkün olmayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə o, dünən, aprelin 27-də Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. A.Məmmədov 2014-cü ildən bu vəzifəni tuturdu. Daha əvvəl vergi orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

XS
SM
MD
LG